Grenfell faciəsi ilə bağlı yeddi təşkilat araşdırılacaq

Tarix: 22:35 26.02.2025
Böyük Britaniya hökuməti Grenfell Tower faciəsi ilə bağlı yeddi təşkilatın araşdırılacağını və istintaqın bütün tövsiyələrinin yerinə yetiriləcəyini açıqlayıb. Günahkar olduğu sübut edilən istehsalçılar dövlət müqavilələrindən kənarlaşdırıla bilər, həmçinin tikinti təhlükəsizliyinə nəzarət üçün vahid qurum yaradılacaq.
Mənzil məsələləri üzrə dövlət katibi Angela Rayner bildirib ki, sağ qalanlar və həlak olanların yaxınları hələ də ədaləti gözləyir. Hökumət 2028-ci ildən tikinti təhlükəsizliyi islahatlarını həyata keçirməyə başlayacaq. 2017-ci ildə Londonda baş verən yanğında 72 nəfər həyatını itirmişdi. İstintaq faciənin hökumətin, tənzimləyicilərin və istehsalçıların səhlənkarlığı nəticəsində baş verdiyini və bütün ölümlərin qarşısının alına biləcəyini müəyyən edib.
Araşdırılacaq şirkətlər arasında Arconic, Kingspan və Celotex də var. Rayner bildirib ki, bu şirkətlər "sistemli vicdansızlıq" nümayiş etdirərək insan həyatından çox qazancı üstün tutub. Hökumət həmçinin yanğınsöndürənlərin hazırlığını artırmaq üçün yeni Yanğın və Xilasetmə Kolleci yaradacaq və yanğın riski qiymətləndiriciləri üçün sertifikatlaşdırma tətbiq edəcək.
BBC News
Aydan Quliyeva