"2 və 9 mart tarixində keçirilən buraxılış imtahanlarının çətinlik səviyyəsi oxşar idi"

Tarix: 20:39 13.03.2025
Dövlət İmtahan Mərkəzi (DİM) 2 və 9 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Mövzu ilə bağlı DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “informator.az”a açıqlamasında bildirib ki, DİM-in test bankında tapşırıqlar mürəkkəblik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır:
“Hər bir test blokuna daxil edilən tapşırıqların mürəkkəblik dərəcələri üzrə paylanması eyni olur. Ötən il olduğu kimi, bu il də buraxılış imtahanları 2 istiqamət üzrə keçirilib və nəticələr əsasında dünyada qəbul olunan elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılacaq və digər məlumatlarla birlikdə ictimaiyyətin nəzərinə çatdırılacaq. İmtahan nəticələrinin 6 həftə sonra elan olunması nəzərdə tutulur. Hələlik imtahanların nəticələri təhlil edilmədən müqayisə aparmaq və konkret fikir söyləmək doğru deyil.
Lakin tam orta təhsil səviyyəsi üzrə martın 2-də və 9-da keçirilən imtahanların məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğunun şahidi ola bilərik. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır. Ancaq qəti fikir üçün yekun nəticələri gözləmək lazımdır”.
Mütəxəssisin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanı isə seçmə və yerləşdirmə məqsədilə keçirilir:
“Bu prosesdə hazırlıq səviyyələri fərqli olan on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin olan test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Bu il də eyni qaydada imtahanların təşkil edilməsi nəzərdə tutulur”.
Kəmalə Vəliyeva