Nə qədər ki, mətbuat sifarişlə işləyəcək sözümüzün kəsəri olmayacaq
Bölmə: MEDİA › ,Tarix: 16:50 24.11.2015
İnformator.az saytının müsahibi ANS televiziyasının Xəbərlər Departamentinin xüsusi müxbiri Ləman Ələşrəfqızıdır.
-Əvvəlcə tərcümeyi-halınız haqqında məlumat verərdiniz.
-Məncə hər kəsin tərcümeyi-halı onun fəaliyyətidir. Mənim yaşımın tən yarısı peşə fəaliyyətimlə bağlıdır. Oğuzda o zamanlar bu peşəni seçənlər çox az idi. Bəlkə də barmaqla sayılacaq qədər adam tanıyırdım ki, jurnalistikanı seçmişdi. Görünür, bu xüsusilə ona görə idi ki, jurnalistika indiki qədər əlçatan deyildi. Heç kimin xətrinə dəymək istəmirəm, amma bu gün jurnalistikada təsadüfi adamlar çoxdur. Mən də açığı risk etmirdim bu fakültəyə sənəd verməyə. Ona görə də birinci ili universitetin filologiyaya fakültəsinə hazırlaşdım və konkursa düşdüm. Deməli qismətimdə jurnalist olmaq varmış. Tərcümeyi-halımda əhəmiyyətli yeri peşəm tutur deyə bundan başladım. Adi, sadə bir ailədə evin sonbeşiyi, 7 uşaqdan ən balacasıyam. Amma bəzən elə olur ki, ailənin böyüklərinin mənim məsləhətimə ehtiyacları olur. Buna mənim özümütəsdiqim kimi yanaşıram.
-İndi Azərbaycan jurnalistikası özünün hansı dövrünü yaşayır? Tənəzzül, yoxsa tərəqqi? Və niyə?
- Azərbaycan mətbuatı elə bir mərhələdədir ki, onun hansı dövrü yaşadığını müəyyən edə bilmirsən. Hərdən mənə elə gəlir ki, mediada bir xaos hökm sürür. Nə qədər elektron sayt olar? Nə qədər dezinformasiya yayarlar? Yadımdadır, mən jurnalistikaya təzə başlayanda, yəni 90-cı illərin sonlarında bu işi bir neçə qəzet görürdü. Hətta xatırlayıram ki, ölkənin baş prokuroru ilə onun birinci müavini aralarındakı ədavəti hərə öz kurasiyasındakı qəzet vasitəsilə çatdırırdı. İnanmıram ki, ictimaiyyətə, daha yüksək instansiyaya. Amma indi vəziyyət daha qəlizdir. İndi bu və daha pis işləri görən elektron saytlar saya gəlməzdir. Missiyaları da fərqli. reketçiliklə də məşğuldurlar, məmur oyunlarına da bulaşıblar...İndi özünüz nəticə çıxarın. Tənəzzüldürsə adına tənəzzül deyək, tərəqqidirsə tərəqqi. Hər halda düşünürəm ki, Azərbaycanda jurnalistika bundan yaxşı, bundan peşəkar olmalıydı.
- Bəlkə ona görə medianın sözünün kəsəri yoxdur?
-Bəli. Nə qədər ki, mətbuatımız sifarişlə işləyəcək, nə qədər ki, peşəmizin yox, nəfsimizin qulu olacağıq, sözümüzün kəsəri də olmayacaq. Amma burda əlbəttə başqa faktorlar da var. Adətən, mətbuatın hədəfi kimlər olur? Ayrı-ayrı məmurlar, vəzifə sahibləri. Uzağa getməyək. Götürək Çovdarovu. Əgər vəzifəsində qalsaydı, istəyir bütün mətbuat yığışsın, ona nə etmək olardı? Yəni, sözümüzün kəsəri həm də ona görə yoxdur ki, vəzifə adamlarının əksəriyyəti mətbuatı heç qarışqa da saymır.
- Həmişə səs-küy doğuran, diqqətdə olan jurnalistlərdən hesab olunmusunuz. Milli Məclislə niyə yola getmirsiniz? İllər əvvəli xatırlatmaq istərdim: bir vaxtlar millət vəkili olan, rəhmətlik Mikayıl Mirzə ilə bir narahatçlıq yaşamışdınız. Elə bu yaxınlarda da Milli Məclisdə qanun layihəsinə səsvermə ilə baglı hazırladıgınız süjet qalmaqal yaratdi ve demək olar ki, ora getməyinizə mane oldu.
-Eşitməmisinz, düz adam düzdə qalar? (Gülür.) Mənim həmişə bir devizim var. Nə olursa olsun, haqqın tərəfində ol. Düzü düz, əyrini əyri yaz. Ölən adamın dalınca danışmazlar, Mİkayıl Mirzə ilə konflikt onun mətbuatın ünvanına " Siz mətbuatın tulalarısız" ifadəsindən sonra yaranmışdı. O vaxt Mikayıl Mirzədə də məmurlaşma prosesi gedirdi. Sadə bir aktyor gəlib deputat olmuşdu, çiyninə məleykələr qonmuşdu və o da özündə-sözündə deyildi. Özünü parlamentdə əsl aktyor, hansısa rolunun qəhrəmanı kimi aparırdı. Amma görürsüz, tarix sübut etdi ki, haynan gələn, huynan gedir. Mən heç vaxt qalmaqal yaratmaq istəməmişəm, sadəcə həqiqəti yazmışam. Həqiqət isə acı olur və hər adam da bunu həzm etmir. Milli Məclislə bağlı son hadisə də bu qəbildən idi. Guya mən istəsəydim orada başqa jurnalistlər kimi deputatlara yarına bilməzdimmi, özümə gün ağlamazdımmı? Bu mənim tərzim deyil. Heç vaxt sifətimi itirmərəm.Qaldı parlamentə gedə bilməməyimə.. Görünür, bu bir işarə idi ki, mən daha ora jurnalist kimi yox, deputat kimi getməliyəm.
-Siz bir peşəkar kimi mediaya gələn təsadüfü insanlarla bağlı hərdən öz sosial şəbəkənizdə də tənqidi fikirlər yazırsınız. Jurnalistika “karvansara qapısı”dır ki, hər kəs başını içəri salır?
-Jurnalistikaya nahaq yerə 4-cü hakimiyyət demirlər. Bu söz xatirinə deyilmiş söz deyil. Normal cəmiyyətlərdə buna məhz belə də yanaşırlar. Bizdə hər yerindən duran jurnalistikaya qaçır. Sonra da bu peşəni bəyənmir. Xüsisilə bu vəziyyət telejurnalistikada özünü göstərir. Bir dəfə aparıcılardan biri dedi ki, mən heç vaxt jurnalist işləmərəm. Mən ancaq aparıcı olacağam və s. Mən ona dedim ki, bala, bu mənim peşəmdir, bu fakültəni qazanmaq üçün mən 3 il dalbadal universitetə sənəd vermişəm və hər dəfə də yüksək balla konkursa düşmüşəm. Sənin mənim peşəmi aşağılamaq haqqın yoxdur. Sadəcə sən de ki,jurnalist işləmək üçün qabiliyyətim yoxdur, başa düşək. Axı hər oxuyan Molla Pənah olmur.
-Son vaxtlar daha cox sənədli filmlər uzərində işləyirsiniz. Bu cür filmlərə auditoriyanın marağı çoxdur? Özünüz bu filmlərdən nə qazanırsınız, maddi və mənəvi?
-Sənədli film çəkmək marağım Əlağa Şıxlinskinin “Xatirələrim” kitabını oxuyandan sonra yarandı. Ona qədər də general haqqında sənədli filmlər çəkilmişdi. Amma mənim filmimdə məkanlar vardı, Şıxlinskinin ilk hərbi təhsilini aldığı Tiflis, topla müdafiəsini qoruduğu Peterburq. Nəticə uğurlu oldu. “Artilleriya Allahı” filmi məni bu işə həvəsləndirdi. Bu işdən daha çox zövq alıram. Onsuz da bir millət olaraq kitab oxumağı çox da sevmirik. Adi bir misal. Araşdırmaçı jurnalist Şəmistan Nəzirli bəlkə də həyatını bu generalları araşdırmağa həsr edib. Neçə kitab müəllifidir. " Sərdar "filmindən sonra mənə deyir ki," el qızı, bu necə olur, mən ömrümü həsr edirəm kitab yazıram, heç kim məndən danışmır. Sən bir film çəkdin, hamı səni tərifləyir? Mən yazıq bir tək Port Artura getməmişdim(Gülür). Deyirəm Şəmiştan müəllim, cavabı sadədir. Biz kitab oxumuruq, televiziyaya isə baxmağa məcburuq. Düşünürəm ki, belə filmlərlə tamaşaçıya tariximizi sevdirə, tanıda bilərik. Qazancım isə əlbəttə ki, eşitdiyim “sağ ol”dur.
- Bu yaxınlarda əməkdar jurnalist adi aldiniz. Dünyanın aparısı medialarının jurnalist kodeksində bəxşiş, hədiyyə və s. qəbul edilməz sayılır. Sizcə jurnalistin mukafatlandirilmasi ( ad, mənzil verilməsi) obyektivliyi pozurmu?
- Bir jurnalist həmkarımız vardı, ev alandan sonra hər gün burda statuslar paylaşırdı. Yeri gəldi-gəlmədi məddahlıq edirdi. Mən ona yazdım ki, evin sağlığına qismət. Amma sən buna öz əməyinə verilən qiymət kimi yanaş, layiqsənsə, layiq olduğun üçün verildiyini düşün. Mən əməkdar adıma o cür yanaşdım. Bu mənim obyektivliyimə heç bir halda təsir etmir.
-Jurnalitlər bəzən çaılışdıqları media qurumunu müdafiə edir. Onun problem yaşadığı qarşı tərəflə sankı mübarizə aparırlar. Axı, əslində jurnalistin belə bir missiyası yoxdur. Başqa bir tərəfdən bəlkə media qurumu haqsızdır və nədən jurnalist bilərəkdən, ya bilməyərəkdən bu cür proseslərə qoşulur. Məsələn, sizin çalisdiginiz ANS şirkətlər qrupu da tez-tez diqqət mərkəzində olur və MTRŞ ilə narazılıqda siz də onu müdafiə edənlərdənsiniz? Bu sizə lazımdır?
-İş yeri ailə kimidir. Ailə üzvündən birinə kimsə hücum edəndə, haqlı yaxud haqsız olmasından asılı olmayaraq onu müdafiəyə qalxırsan. Mən susa bilmirəm. Əlbəttə belə bir vəzifəm də , öhdəçiliyim də yoxdur. Sonuncu hadisədə daş tək ANS-in yox, hamımızın bostanına atılmışdı. Mən jurnalistdən də çox bir qadın, bir ana kimi yanaşdım məsələyə. O yerdə ki, susa bilmirəm, danışacam. Bu mənim xarakterimdir.
-Müsahibəyə görə, təşəkkür edirəm.
Müəllif: Nazilə Xaqan