Nardaran hadisənin dinə, inanca dəxli yoxdu-Müsahibə-1

Bölmə: MEDİA › ,
Tarix: 15:31 27.11.2015

Təkcə bu məsələlərlə bağlı deyil, ümumiyyətlə son illər medianın fəaliyyətini müşahidə edib gəldiyim nəticə odur ki, bu gün Azərbaycanda ən rəzil, ən simasız məmur, məhz mediadır...

Müsahibimiz jurnalist İlqar Rəsuldur


-Nardaranda baş verən son hadisəni  necə izah edərdiniz?

-
 Nardaranda baş verənlər siyasi xarakter daşıyır. Birmənalı demək olmaz ki, bütün Nardaran camaatı bu işin iştirakçısıdır. Kənd camaatı bütünlüklə küçəyə tökülüb baş verən insidentə etiraz edə bilər, polisi, hakimiyyəti qınya bilərlər. Amma əslində gerçəyin nədən ibarət olduğundan onların əksəriyyti xəbərsiz də ola bilərlər. Yenə deyirəm bu hadisənin dinə, inanca dəxli yoxdu. Dövlətin üstünə silah çəkmək, polisi öldürmək, bu artıq guya hüququnu müdafiə etməyə çalışan adamların hərəkəti deyil. Videogörüntülərdə orada kimlərsə and içib deyirlər ki, "biz vəhabi deyilik, şiəyik". Guya ki, vəhabi deyilsənsə nə istəyirsən edə bilərsən? Bu nə yanaşmadı. Ümumiyyətlə,  bütövlükdə din, inanc məsələsi son zamanlar Azərbaycan tarixində heç vaxt olmadığı qədər böhran dövrünü yaşayır. Özü də bunu necə deyərlər "ruhi qidanı" başqa yerlərdən alanlar edib. Vəziyyəti o həddə gətiriblər ki, savadlı, ziyalı adamlar da sosial şəbəkələrdə dini məsxərəyə qoyurlar. Fikir verirsinizsə, son dövrlər Azərbaycanda imam Hüseynə rəğbət Məhəmməd peyğəmbərə olan rəğbəti də üstələyir. Və ümumiyyətlə bu söz-söhbətlər, çək-çevir insanlarda dinə qarşı qıcıq yaratmağa başlayıb. Əgər belə getsə bu dırnağarası möminlərin "fəaliyyətnindən" camaat acıqca uşağının adını "Yezid" qoyacaq (bunu məcazi mənada dedim əlbəttə).

Halbuki, Azərbaycan başını aşağı salıb öz inancı, ibadətiylə məşğul olmaq üçün dünyanın ən unikal ölkələrindən biridir. Təsəvvür edirsiniz, bu ölkədə qardaşın biri oruc tutur, o biri yox. Və buna görə kimsə bir-birindən narazı qalmır. Kafedə oruc tutanla oruc tutmayan iki nəfər oturub rahatca söhbətləşirlər. Oruc tutan həmin an oruc tutmayanı pivə yaxud şərab içdiyinə görə qınamır. İki bacının biri müasir, dəbli, lap elə açıq-saçıq geyindiyi halda o biri hicabla gəzir  və bu onların münasibətinə xələl gətirmir. Yəni bizim məmləkətimiz həqiqətən də istər milli dəyərləri, istər inancı, istərsə də dünyəviliyi baxımından çox unikal bir ölkədi. Və biz bunu qorumaq əvəzinə aparıb soxmaq istəyirik öz ölkəsini bərbad qoyan hansısa təlimin, yaxud cərəyanın qoltuğunun altına. Adətlərin də, dəyərlərin də, inancını yaşatmağın da, qonşuya - yada münasibətin də ən unikalı bizdədir. Və bizim borcumuz bunu qorumaqdı ey, kimlərəsə oxşamağa çalışmaq yox.  

-Sizcə Azərbaycanda nə vaxtsa dindarlar hakimiyyətə gələ bilər?

-
Əslində dini qrupların belə fəallaşması ölkədə ciddi siyasi müxalifətin olmamasından irəli gəlir. Əgər ölkədə sanballı siyasi müxalifət mövcud olsaydı, hansısa başqa qruplaşmalar yarana və ya bu  şəkildə baş qaldıra bilməzdilər. Yoxdur o siyasi müxalifət. Və bu məsələdə əlbəttə ki, günah iqtidardadır, nəinki, dini qruplaşmalarda. Amma ümumi götürəndə din Azərbaycanda heç vaxt hakimiyyətə gələ bilməz. Əvvəla cəmiyyət buna heç vaxt razı olmaz. Digər tərəfdən dövləti də o qədər də bacarıqsız hesab etmirəm. Əgər bu ölkədə hansısa kənar dövlətlərin, dini cərəyanların, təriqətlərin dəstəyinə güvənib Azərbaycanda şəirət üsul-idarəsi yaratmaq istəyənlər varsa, onlar əmin olsunlar ki, belə məsələlərdə bu məmləkətin də, bu millətin də  peyğəmbəri Məhəmməd yox, Məhəmməd Əmin olaraq qalacaq. Heç şübhəsiz ki, İslam Azərbaycanın mənəvi dəyərlərindən biri olaraq qalır. Və onun yeri Azərbaycan bayrağında dəqiq müəyyən edilib. Amma əgər hakimiyyət bu cür problemlərdən sığortalanmaq istəyirsə, ölkədə həqiqi siyasi müxalifətin formalaşmasında və güclənməsində öz üzərinə düşəni etməlidir. 

-Bütün bu məsələlərdə medianın iştirakını necə dəyərləndirirsiniz?

-
Təkcə bu məsələlərlə bağlı deyil, ümumiyyətlə son illər medianın fəaliyyətini müşahidə edib gəldiyim nəticə odur ki, bu gün Azərbaycanda ən rəzil, ən simasız məmur, məhz mediadır...

 Müəllif: Nazilə Xaqan