“Türkiyənin Rusiya təyyarəsini vurmasi təkcə, hərbi-siyasi məsələ deyildi”-Müsahibə-2

Bölmə: MEDİA › ,
Tarix: 16:35 27.11.2015

Müsahibimiz jurnalist İlqar Rəsuldur

-Regiondakı son hadisələri necə şərh edərdiniz?

-
Yəqin ki, Rusiya hərbi təyyarəsinin vurulmasını nəzərdə tutursunuz. Bu, regionda artıq xeyli vaxtdır davam edən prosesin növbəti mərhələsidir. Məntiqi davamı, deyrdim. Yəni, süni şəkildə yaradılmış istənilən gərginlik əgər yüksələn xətt üzrə inkişaf edirsə, hansısa məqamda mütləq partlayış törətməli idi. Törətdi də. İndi hadisələrin sonrakı inkişafı Rusiya və Türkiyə rəhbərlərinin özünü necə aparmasından asılıdır. Daha çox da Vladimr Putinin.

-Sizcə bu insident niyə baş verdi və əsas səbəbkar kim oldu?

-Bilirsiniz, əslində bu çox pis hadisədir. Kaş ki, olmayaydı. Amma artıq olub. Və bu hadisəyə ruslar rəvac verdilər. Onlar əgər vurulmaq istəmirdilərsə, iki dəfə müxtəlif vaxtlarda xəbərdarlıq aldıqları bir hərəkəti üçüncü dəfə təkrarlamamalı, Türkiyənin hava sərhəddini keçməməli idilər. İndi Rəsmi Moskva və  Rusiya meylli qüvvələr, ayrı-ayrı fərdlər inad edirlər ki, Rusiyanın təyyarəsi Türkiyə sərhəddini keçməyib. Əvvəla keçib. Hava sərhəddi pozulmadığı halda Türkiyənin nəyinə lazımdır ki, son vaxtlar əlaqələri müsbətə doğru daha da inkişaf etmiş Rusiya ilə belə ciddi konfliktə girsin. Digər tərəfdən niyə biz Ankaraya yox, Moskvaya və digərlərinə inanmalıyıq, dəlil-sübut məsələsində. Amma, hətta Rusiya təyyarəsi Türkiyənin hava sərhəddini pozmasaydı belə o ətrafda mübahisəli manevr etməməli idi. Çünki türklərin əvvəlki xəbərdarlığında ruslar sərhəd pozuntusunu naviqasiya sistemi ilə əlaqələndirib üzürxahlıq etmişdilər. Deməli, bu hal istisna deyildi və Moskva yenidən eyni insidentin baş verəcəyindən ehtiyatlanmalı idi. Əgər ehtiyatlanmırsa və lap elə bilməyərəkdən yenə Türkiyənin hava sərhəddini pozursa, bunu bilərəkdən edilmiş hərəkət də saymaq olar. Saymamazlıq yəni. Bütün hallarda baş verən hərəkət düşünülmüş addım idi və Türkiyə də ona uyğun hərəkət etdi.

-Sizcə Putin  Ankaraya bu hərəkətini bağışlayacaq?

-Bilirsiniz, indi çoxları Putinin aqressiv, sərt, hətta dəli bir dünya lideri olduğunu və Türkiyədən qisas alacağını deyir. Amma gəlin “soyuq baş”la düşünək. Əgər Putin deyildiyi kimi bir adamdırsa və beynəlxaq konvensiyalara, hüquqa məhəl qoymadan öz bildiyini edirsə, deməli nə istəyir etsin, heç kim də cavab verməsin ki, o qəzəblənə bilər? Axı bu ciddi yanaşma deyil. O hesabla bu gün sərhəddi pozub cavab almayan, niyə sabah İstanbula desant tökməsin ki? Beləsini sərhəddə qarşılayıb yola salmaq yaxşı deyilmi?

 

-Bu hadisənin Türkiyəyə ziyanı nə olacaq?

 

-Hərbi-siyasi zərərin nədən ibarət olacağını zaman göstərəcək, əlbəttə. Hər halda müharibə etməyəcəklər. İqtisadi zərərə gəlincə, əlbəttə ki, bu insidentin hər iki tərəfə iqtisadi zərəri olacaq. Yəni ümumi götürəndə alan satanı itirdiyi kimi, satan da alanı itirir. Amma əgər Türkiyə daha çox ziyan görəcəksə belə, hər halda ciddi bir fəlakət yaşamayacaq. Normal ölkələrin başqaları ilə siyasi münasibətlərini, əsasən iqtisadi münsibətlər formalaşdırır. Amma Rusiya ilə bağlı bu fikri söyləmək olmur. Rusiyanın başqa dövlətləri ilə iqtisadi münasibətlərini daha çox Moskvanın siyasi xətti müəyyən edib. Əgər hansısa ölkə ilə siyasi gərginlik yaranıbsa, nə qədər zərər görəcəyinin fərqinə varmadan Moskva iqtisadi münasibətlərini də korlayıb həmin ölkə ilə. Yəni demək istəyirəm ki, Rusiya Türkiyə ilə olan iqtisadi anlaşmalarına heç bu insidentsiz də istədiyi vaxt nəyisə bəhanə edib xitam verə bilərdi. Amma yaxşı olar ki, bu insidentin zərəri tərəflər arasında iqtisadi geriləmədən o yana keçməsin. Hər halda düşünürəm ki, yaxın günlərdə tərəflər öz aralarında anlaşacaqlar.

 

-Azərbaycanda Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyənlər də tapıldı.

 

-Onların həqiqi qiymətini əslində politoloq Zərdüşt Əlizadə verdi. Yəni dedi ki, belə düşünənlər siyasi savadı olmayan adamlardı. Mənim əlavəm də o ola bilər ki, əslində Türkiyənin Rusiyadan üzür istəməli olduğunu deyənlər  həm də qeyri-ciddi adamlardı. Onların dediyini ciddiyə almaq lazım deyil. Yaxşı, gəlin bir anlıq hesab edək ki, Rusiya hərbi təyyarəsi Türkiyənin hava sərhəddini üçüncü dəfə də pozur və heç bir adekvat cavab almır. Sonra nə olur? Sonra dördüncü, sonra beşinci dəfə bu addımı atmaq cəsarəti qazanmırmı? Türkiyə üzərində təkcə hərbi üstünlük yox, həm də psixoloji üstünlük qazanmırmı? Həm də müttəfiqlərinin gözündə Türkiyə zəif, qorxaq bir dövlət təəssüratı yaratmırmı, özünə qarşı? Ona görə də anlamaq lazımdır ki, Türkiyənin Rusiya təyyarəsini vurmasi təkcə, hərbi-siyasi məsələ deyildi, artıq. Bu həm də şərəf, heysiyyat  məsələsi idi. Ümumiyyətlə, SSRİ dağılandan sonra dünyada kimin kim olması məsələsi xeyli vaxtdır qeyri-müəyyən olaraq qalırdı. Türkiyə artıq kim olduğunu göstərdi. Özü də təkcə Rusiyaya yox, həm də qərbə. Lap elə NATO üzvlərinə də. Türkiyə hər kəsə anlatdı ki, o haqlı olduğu hallarda  Rusiyaya da şapalaq vurmaqdan çəkinmir. ABŞ-dan tutmuş Avropa Birliyinədək hər kəs Rusiya ilə konfliktin əvvəl mümkün fəsadlarını hesablayıb sonra addım atırsa, Türkiyə əvvəl addımı atıb sonra fəsadları necə qarşılayacağını düşünməkdən çəkinmədi.

Yəni dediyim odur ki, bu insident zərərinin nə olacağından asılı olmayaraq Türkiyənin gücünü, gücündən də çox cəsarətini bəyan etdi. Amma hər halda yaxşı olar ki, baş verməyəydi. Bu Təkcə Rusiya və Türkiyə üçün deyil həm də bütün region, eləcə də Azərbaycan üçün arzuolunan hal deyil. Hər halda ümid edək ki, tərəflər öz aralarında razılığa gəlib konfliktin daha da dərinləşməsinə yol verməyəcəklər. Sadəcə Putin həm də nüfuzunu xilas etmək kimi bir çətin duruma düşüb öz cəmiyyəti və dünya qarşısında.

 

-Azərbaycan hakimiyyətinin, ümumiyyətlə Azərbaycanın bu məsələdə mövqeyi necə olmalıdır?

-Azərbaycan belə məsələlərdə səbrli davranmalıdır. Kiminsə tərəfini saxlamamalıdır. Uzağı, baş verənlərdən təəssüfləndiyini bildirib tərəflərin bu narazılığı tezliklə çözəcəyinə ümid etdiyini bildirməli, lazım gələrsə, barış üçün öz köməyini əsirgəmədiyini bəyan etməlidir. Təxminən belə. 

 

-Bəs əgər Türkiyə, yaxud Rusiya Azərbaycanın belə mövqeyi ilə qane olmasa?

 

-İnanmıram ki, onlar bundan artığını istəyələr Azərbaycandan. Azərbaycan balaca dövlətdir. Azərbaycanın Türkiyə ilə can, qan birliyi, qardaşlıq bağlantısı var. Və hansısa dövlətin Azərbaycanla əlaqəsində bu faktoru üstələyəcək heç bir səbəb ola bilməz. Amma hər halda Rsiya da regionun güc mərkəzidir və bir çox məsələlərdə bunu nəzərə almamaq hələ ki, mümkün deyil. Ona görə də indiki vəziyyətdə Azərbaycanın bu dövlətlərdən hansınınsa tərəfini saxlayıb digərinə arxa çevirməsi nə rəsmi Bakıya sərf edər, nə də Moskva üçün vacibdir. Ankara isə Azərbaycanın təmkinli mövqeyinə anlayışla yanaşmalıdı.

 

-Amma Azərbaycanın mövqe bildirməli olduğunu deyən politoloqlar da var.

 

-Hə. Uzun illərdi ki, bəzi politoloqlar belə situasiyalarda Azərbaycanın dilemma qarşısında qaldığını, nəhayət ki, ortaya konkret mövqe qoymalı olduğunu bəyan edirlər. Mən belə bəyanatlara ciddi yanaşmıram. Bu düzgün yanaşma deyil. Əslində o politoloqların heç bir rəsmi məsuliyyətləri yoxdur deyə, nə istəyirlər danışırlar. Ya tərəflərdən hansınınsa xoşuna gəlmək üçün, ya da ağılları elə kəsdiyi üçün. Və dediklərinə görə də nə Qərbdən, nə də Rusiyadan istər rəsmi, açıq şəkildə, istərsə də qapalı, şifahi şəkildə nota almırlar. Yəni onların söylədiyini heç bir dövlət rəsmi bəyanat kimi qəbul etmir və əhəmiyyət də vermir. Amma həqiqət ondan ibarətdir ki, bu gün Azərbaycanın şimalında gərginliyin yaranmaması, yaxud metroda, bazarda partlayışların baş verməməsinin əsas səbəbi, hələ ki, rəsmi Bakının məlum şimal və cənub qonşularına o politoloqların dediyi kimi açıq şəkildə arxa çevirməməsidir.

  Müəllif :  Nazilə Xaqan