“Matəmə əməl etməyən TV-lər cəzalanacaq” - MTRŞ
Bölmə: MEDİA › ,Tarix: 12:55 07.12.2015
Dünən “Günəşli” yatağındakı 10-cu özüldə baş verən güclü yanğınla bağlı ölkədə matəm elan olunsa da, bir sıra televiziya kanalları buna əməl etməyib. Matəm günü TV-lərdə reklam vermək qadağa olunsa da, bəzi televiziyalarda reklamların yayımı dayandırılmayıb.
İnformator az. AZXEBER.COM -a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bu məsələ ilə bağlı “Facebook” hesabında yazıb. O, qeyd edib ki, televiziyalar “Reklam yayımı haqqında” Qanunun 20.8-ci maddəsini pozublar: “Qanunda göstərilib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qadağandır. Dekabrın 6 da həmin günləndəndir. Amma həmin gün Space TV-nin efirində şadlıq saraylarının, ANS-də isə mayonez, monstr kuklaları və s. reklamı yayımlanıb. Mənə elə gəlir ki, bəlkə də kanallar bunu bilərəkdən etmir. Məsələnin məhz pis tərəfi də budur. Çünki kanallarda bu işlərə cavabdeh olanların bir çoxu qanunları bilmir, sonra da deyirlər ki, şura bizi cərimələdi. Bu məsələ şurada müzakirə olunacaq”.
T.Dadaşov da onu da bildirib ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan televiziyalar haqqında arayış hazırlanır.