Qəmər Mürşüdlü yazıçı İlqar Rəsulun "Getmə" romanı haqqında yazıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//20190118/2886382_n.jpg)
Tarix: 16:26 18.01.2019
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dosenti, Fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü yazıçı İlqar Rəsulun "Getmə" romanından yazdı.
"Mənim tələbələrimdən aldığım ən dəyərli, ən sevindirici hədiyyə, birincisi, onların özlərini həyatda təsdiqləmələri və uğurları haqqında verdikləri xəbər, ikincisi isə kitabdır: istər öz yazdıqları olsun, istərsə də elmi, yaxud bədii ədəbiyyat. Doğrudur, ikinci tip hədiyyəm az olub, amma onlar da mənim üçün vazkeçilməzdir; illah da özlərinin müəllif olduqları kitablar...
Belə kitablardan biri də şəxsiyyətinə və qələminə çox dəyər verdiyim, həm də ailəliklə sevdiyim (çünki xanımı Almaz Mahmuda da dərs demişəm, nə bilmək olar, bəlkə yaraşıqlı oğlu Anar Rəsula da dərs deyəcəm. Bu arada, gec də olsa BDU-nun tələbəsi olması münasibətilə Anarı və ata-anasını ürəkdən təbrik edirəm və uğurlar arzulayıram) İlqar Rasulun "Getmə..." romanıdır.
Romanı ötən ilin yazında oxumuşam, amma fikir bildirməyə bir müddət çətinlik çəkdim. Romandan aldığım təsir elə güclü oldu ki, nə deyəcəyimi, nə yazacağımı düşünə belə bilmədim, əslində heç indi də fikrimi tam ifadə edə biləcəyimə inanmıram. Çünki insan həyatının sadəcə bədii-obrazlı nəql edilən hekayəsi deyil bu roman, düşündürücü, fəlsəfi yükümlü bir əsərdir və bu cür yazıları anlatmaq anlamaqdan daha çətindir məncə. Bəlkə də əsərin mövzusu qeyr-adi deyil, amma İlqar Rəsulun təqdim və təsvir etmə bacarığı fərqlidir; kitabın "Müəllifdən" və "Proloq" bölmələri əslində özü ayrılıqda bir romandır, insanı daha geniş düşünməyə, həyatı "sürətlə içimizdən ötüb gedən və hər an üstümüzdən keçə biləcək böyük bir yük qatarı" kimi dərk etməyə yönəldən roman...
Romandakı "Qeyd (çap olunmamış romandan)"lər fəlsəfi aforizmlərlə zəngindir və İ.Rəsulun gələcək romanlarının da keyfiyyət və üslubca fərqli olacağına inanmağa əsas verir.
Yeni romanınızı da hədiyyə almaq arzusu ilə, yolunuz açıq olsun, İlqar Rəsul!"