Psixoloji testlərin əhəmiyyəti - Psixoloq Vəfa Əkbərlər müsahibə
Bölmə: MEDİA › , Maraqlı › ,Tarix: 20:05 24.07.2023
"Psixoloji testlərin quruluşunda alimlər dayanır. Ən azı 300-500 insan arasında keçirilir və təsdiq olunması üçün böyük bir sınaqlardan keçir".
Bu fikirlər psixoloq Vəfa Əkbərə aiddir. O deyir ki, psixoloji test əslində hər bir psixoloqun imdadına yetən güvənli bir mənbədir: "Bəzən biz obyektiv olmaya bilirik, çünki insanıq, süni intellekt deyil. Ona görə də sırf tam dəqiq obyektiv nəticə vermək üçün psixoloji testə əl atırıq. Əlbəttə, obyektivliyi tam təsdiq olunmuş, tam güvənli, bir neçə insan üzərində sınaqdan keçirilmiş psixoloji testləri veririk ki, bizim öz fikrimizdə tam qoyduğumuz diaqnozu və ya nədən ehtimal ediriksə, bu insan nədən əziyət çəkir, onu təsdiqləyir".
Psixoloq bildirir ki, psixoloji test hər bir psixoloqun obyektiv olub-olmadığını, qoyduğu diaqnozun düz olub-olmadığını ortaya çıxaran bir vasitədir: "Psixoloji test o zaman təsdiq olunur ki, orda psixoloq artıq heç bir təsir edə bilmir. Belə ki, biz emosional varlıq olaraq o testə təsir edə bilmirik, yəni o sırf fərdimizə müraciət edən insanın beyin məhsuludur. Biz onu analiz edirik, təsdiq və ya inkar edirik. Psixoloji test kim tərəfindən keçirilirsə keçirilsin, fərd tərəfindən eyni cür analiz olunmalıdır, yalnız o zaman psixoloji test həqiqi olur, təsdiq olunur. Psixoloji testdə sırf insana mənfi və ya müsbət təsir etsin deyə bir yükləmə yoxdur. Orda insanın daxili və ya duyğusal aləmi, daha çox nəyə fokus olunubsa, onu aydınlatmaq üçün, daha çox təsdiq etmək üçün tərtib olunub".
Vəfa Əkbərin sözlərinə görə psixoloji testlərin quruluşunda alimlər, psixoloqlar işləyir, təsdiq olunması üçün böyük sınaqlar aparılır: "Ən az 300-500 insan arasında keçirilir və o insanın mütləq şəkildə yaşam tərzi, cinsi, problemi nəzərə alınır. Ona görə də o suallar çarpaz qoyulur, məsələn, əgər siz bir sualda düzgün cavab verməmisinizsə, növbəti sualda onu bir az fərqli düzəldirlər və sizin aldatma ehtimalınız yoxdur. Yəni siz artıq aldatmağa çalışsanız da orda həqiqət payı çıxır. Məsələn, bir problemi aşkara çıxarmaq üçün 50 sual veririksə, o 50 sualın 47-i çarpaz suallardır. Hətta çox vaxt testi işləyən insanlar deyir ki, sanki təkrarlanır suallar. Yəni insan o qədər yorulur ki, yəni siz yalanı 1, 2 və ya 5 dəfə deyə bilərsiniz, amma bir hadisə, problemlə bağlı o qədər yalan fikirləşə bilməzsiniz. Ona görə də artıq növbəti suallarda doğruluq payı çıxır ortaya və artıq siz özünüz kimi cavablayırsız".
Psixoloq Vəfa Əkbər sonda bildirdi ki, hər bir psixoloqun özünə uyğun metodikası olur: "Yəni biz nə qədər desək də müəyyən metodikalarla işləyirik, bizim özümüzün də təcrübələrimiz var".
Məryəm Məmmədova