ARZUSU ÜRƏYİNDƏ QALAN NİCAT MƏLİKOV
Bölmə: MEDİA › ,Tarix: 15:52 14.08.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 14 avqustda doğulan jurnalist Nicat Məlikov haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.
14 avqust 1979-cu ildə doğulan Nicat Məlikov jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışan jurnalist "Vesti. Az", "Exo" və CBC.az kimi nəşrlərdə müxbir kimi fəaliyyət göstərib.
Xanımı Nuriyyə Məlikova bir müsahibədə haqqında bu sözləri deyib: “Yaxşı insan bir sahədə pis olub, o biri sahədə yaxşı ola bilmir. Nicat çox vicdanlı insan idi və həmişə haqq-ədalət uğrunda mübarizə aparırdı. Yəni bir yerdə ədalətsizlik görürdüsə, oradan ümumiyyətlə küsüb uzaqlaşırdı. “Zerkalo” qəzeti bağlanandan sonra özünü heç bir iş yerində tapa bilməmişdi. Heç bir iş yerində işləməkdən həzz ala bilmirdi. Neçə illərdir, kitab yazmaq arzusunda idi. Rus dilində fəlsəfi bir kitab dərc etdirmək istəyirdi. Yaxın dostları Nicatın nə qədər fəlsəfəyə düşkün olduğunu bilirdilər. Çox dərin biliklərə malik idi. Lakin o, bilirdi ki, bunu etsə, ailəsini dolandıra bilməyəcək. Ona görə də bu arzusunu içinə həbs edib başqa işləri ilə məşğul olmağa məcbur qalmışdı. Bəlkə də övladımızın autizm xəstəsi olması, son zamanlar işindən zövq ala bilməməsi kimi səbəblərə görə onun ölümü tezləşdi”.
Nicat Məlikovun iş yoldaşı, “Vesti.Az” saytının baş redaktor müavini Zaur Nurməmmədov isə bunları deyib: “Nicat çox ağıllı, intellektual səviyyəli, fəlsəfi biliklərə malik gənc jurnalist idi. Çox təəssüf ki, Azərbaycan jurnalistikasında belə bir itki oldu. Çünki o bizim üçün doğma idi. Baxmayaraq ki, 6 aydır bizimlə işləmirdi, amma onu redaksiyamızdan ayırmırdıq. Saytından ailədaxili problemləri səbəbindən ayrılsa da, arada redaksiyamıza gedib-gəlirdi. O, bir ilə yaxın bizimlə işləyib. Bundan qabaq da onu tanıyırdıq. Mən ən çox onu “Facebook” vasitəsilə izləyirdim. Hətta redaksiyada da soruşmuşdum ki, Nicatı niyə uzun müddətdir sosial şəbəkədə görmürəm. Nəsə ürəyimə dammışdı, gecə də bu xəbəri eşitdim. Çox zarafatcıl, pozitiv biri idi. Jurnalistlərin hamısı onu çox gözəl tanıyırdı. Gözəl qələmi var idi. Hərdən filosoflardan sitat gətirir, fəlsəfi mövzuda müzakirələr aparırdı."
Qeyd edək ki, 2018-ci il yanvarın 23-də dükana gedərkən qəfil özünü pis hiss edən Nicat Məlikov yerindəcə ürək tutmasından keçinib. 38 yaşlı jurnalist Ağsuda dəfn edilib.
ALLAH rəhmət etsin!
Məryəm Məmmədova