JURNALİSTİKA NƏZƏRİYYƏ İLƏ PRAKTİKANIN VƏHDƏTİDİR

Bölmə: MEDİA › ,
Tarix: 21:24 16.08.2023

  İxtisas seçimləri ərəfəsində qabiliyyət imtahanından uğurla keçmiş tələbələr, Jurnalistika ixtisasını seçərək özlərini bu sahədə görməyə çalışırlar, əlbəttə, özlərini "jurnalist" kimi görsələr də, bu sahə üzrə oxuyarkən, jurnalistikanın nə olduğuna daha dərindən bələd olurlar. Dördüncü hakimiyyət adlandırdığımız Jurnalistika öncəliklə dünyagörüşü, çeviklik, səlis nitq, uğurlu müsahibələrin həyata keçməsi üçün ünsiyyət bacarığı, sərbəst şəkildə öz fikirlərini ifadə etmək bacarığı və s. tələb edən bir sahədir. Jurnalistin xəbər yayarkən etdiyi bir diqqətsiz hərəkət, yüzlərcə, minlərcə insanın yanlış informasiya ilə təmin olunmasına gətirib çıxarır. Bunun üçün jurnalist yüz ölçüb, bir biçməlidir. Ümumiyyətlə, jurnalisti jurnalist edən onun ali təhsili deyil. Onun daimi ixtisası üzrə çalışması, yeniliklərdən xəbər tutması və işini yüksək bacarıqla yerinə yetirməsi lazımdır. Bununla bağlı "mən ali təhsilli jurnalistəm və mən hər şeyi bilirəm, deyə bir şey də yoxdur" fikrini irəli sürən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Jurnalistika fakültəsinin üstünlüklərindən, tələbələri aktiv və dünyagörüşlü yetişdirdiyindən söz açdı.

  "Biz Bakı Dövlət Universiteti olaraq, davamlı şəkildə tələbələrimizi müxtəlif treninq və təlimlərə cəlb edirik. İstər sahə jurnalistikası ilə bağlı müxtəlif dövlət strukturları ilə birgə təşkil etdiyimiz, istər Media İnkişaf Agentliyinin təşkil etdiyi təlimlər, türkiyəli mütəxəssislərin də iştirakı ilə fakültəmizdə təşkil olunan seminar və təlimlər buna misal ola bilər. Son 3-4 ildə tələbələrimiz onlarla belə təlimlərdə iştirak edib, sertifikatlar alıblar".

  Vüqar müəllimin sözlərindən aydın olur ki, ölkəmizdə tələbələrin jurnalist kimi yetişib, tələbəlik dönəmlərində aktivlik göstərmələri üçün fürsətlər boldur. Əsl jurnalist kimi yetişmək istəyən tələbələr bu fürsətlərdən istifadə edib, oxuduğu illərdə bilik və bacarıqlar əldə edə bilərlər. Vüqar Əliyev peşəkar jurnalist olmağın yollarını jurnalistikanı sevməkdə, onun fəlsəfəsini dərk etməkdə, öz üzərində çalışmaqda görür. Deyir ki, yeni informasiya texnologiyalarının Jurnalistikaya ciddi təsir göstəriri. "Yeni formatlar yaranır, nəzəriyyələrə konseptual baxış dəyişir, hətta janrlar yenilənir". Müsahibimiz Jurnalistikada nəzəri biliklərin üstünlüyünü vacib sayır. "Əgər biz bu gün beynalxalq jurnalistika üçün aktual olan peşə etikasından, media və hüquq münasibətlərindən və media qanunvericiliyindən, media savadlılığından, data jurnalistikasından, informasiya ilə iş prosesindən və yeni formatlardan, "informasiya ekologiyası" anlayışından və ya dezinformasiya və feyklərlə bağlı problemlərdən, bunların qarşısının alınması yollarından danışırıqsa, nəzəri bilik olmadan necə fikir yürüdə bilərik?!"

ÇİNARƏ MURADOVA