“Qərbi Azərbaycan”la bağlı yeni film - Ayaz Mirzəyev detalları AÇIQLADI

Bölmə: MEDİA › ,
Tarix: 14:29 17.08.2023

   İnformator.az-ın növbəti müsahibi jurnalist Ayaz Mirzəyevdir. Ayaz Mirzəyev “Azərbaycan Jurnalistləri Şəbəkəsi” İctimai Birliyinin sədridir. 44 günlük Vətən Müharibəsi əsgərlərinə, şəhidlərinə, qəhrəmanlarına həsr olunan Zəfər zirvəsindən yeni qayıdıb. Rəhbərlik etdiyi “Azərbaycan Jurnalistləri Şəbəkəsi” İctimai Birliyi “Qərbi Azərbaycan” layihəsi üzərində işləyir.

 -         Bu yaxınlarda Bazardüzü zirvəsini fəth etmisiniz. Təəssüratlarınızı bölüşə bilərsiniz?

-         Bəli. Bazardüzü Azərbaycan Respublikasının ən hümdür zirvəsi sayılır. Biz 5-6 avqust tarixində xüsusi tur komandası ilə həmin zirvəyə doğru hərəkət elədik. Yürüş maraqlı keçdi, amma çətin idi. Həmişə belə yürüşlərə qatılmamışdan əvvəl gərək fiziki hazırlıq olsun. Mən mütəmadi olaraq velosiped sürürəm, futbol oynayıram, başqa məşqlər həyata keçirirəm ki, davamlı olaraq çətinliklərə öyrəşim deyə. Zirvəyə yürüşdə həm fiziki, həm mənəvi, həm də bizdən asılı olmayan çətinliklər var. Zirvəyə doğru qalxanda hava çatışmazlığı, təyziq ortamı olur. Soyuq, külək olur, yaxud davamlı olaraq yağış, qar yağır. Buna hazırlıqlı olmaq lazımdır, həm qida ehtiyatı, həm su ehtiyatı baxımından. Zirvəyə qalxmaq və düşmək təxminən 12-13 saat vaxt alır. Bu yürüş gecə başlayır, günorta saatlarında başa çatır. Bu yürüş zamana 44 günlük Vətən müharibəsi dövründə müzəffər ordumuzun əsgərlərinə, şəhidlərimizə, qəhrəmanlarımıza həsr olunmuş Zəfər zirvəsinə də getməyi Tanrı bizə nəsib elədi. Yorğunluğa baxmayaraq bizim üçün bu, fəxr idi. Hamının qürur duyağacağı zirvədir.

-         Sədri olduğunuz “Azərbaycan Jurnalistləri şəbəkəsi”nin əsas məqsədi nədir?

-         Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi 2012-ci ildə təsis olunub. Birliyin əsas məqsədi Azərbaycanda etik və obyektiv jurnalistika standartlarının yüksəldilməsinə dəstək olmaqdır. Burada çoxlu sayda gənc jurnalistlər təmsil olunur. Biz təşkilatın çətiri altında çalışırıq ki, gənc jurnalistlərin peşə, bilik və bacarıqların artırılması üçün müxtəlif təlimlər, tədbirlər təşkil edək, sponsorlar tapırıq. Eyni zamanda, ölkədə və dünyada jurnalistlər üçün təşkil olunan seminarlar, vakansiyalar barədə bizim saytda, sosial şəbəkə hesablarında məlumat veririk. Peşəkarlıq səviyyəsi, müasir standartlara çatdırılması üçün maksimum dərəcədə çalışırıq. Bəzən xaricdən də tanınmış təlimçiləri dəvət edirik. Yazı müsabiqələri keçiririk. Filmlər çəkirik, xüsusilə, Azərbaycanın işğaldan azad olunmuş əraziləri, tarix yurdlar ilə bağlı. Məsələn, Şuşa, Tuğ, Zəngilan ilə bağlı bizim bir neçə filmimiz var. Zəngilanda Ermənistanın çirkləndirdiyi Ovçu çay ilə bağlı xüsusi layihə həyata keçirmişik. O layihənin videosunu demək olar ki, Azərbaycanın bütün xarici səfirlikləri paylaşılıb. Hazırda bizim üzərində işlədiyimiz layihələrdən biri - Qərbi Azərbaycan layihəsidir. Ölkə rəhbərləyinin, dövlətimizin Qərbi Azərbaycanlıların qayıdış konsepsiyası var. Bu, çox vacib konsepsiyadır. Qərbi Azərbaycanlarının ziyalı ailələri, adətləri, tariximiz, abidələrimiz haqqında bir film hazırlayırıq. İnşallah bu il filmi bitirib, azərbaycan, ingilis, rus dilində təqdim edəcəyik. Əsas məqsədimiz də odur ki, Qərbi Azərbaycanın, həqiqətən də azərbaycanlıların, Azərbaycanın ana yurdu olduğunu bir daha beynəlxalq ictimaiyyətə çatdırmaq. Bizim insanlarımız orada yaşayıb, yaradıb. İndiki halda bizim Azərbaycanlıların ora qayıtması zərurəti yaranıb. Bütün dünya da buna göz yummamalıdır, dəstəkləməlidir.

 -         Təşkilatınız gənc jurnalistlər üçün nə edir?

-         Təşkilatımız çalışır ki, səmərəli işlər görsün. Bəzən gənclərimiz həm xarici, həm yerli təlimlərin azlığından şikayət edir. Bəzən gənc jurnalistlərin imkanı olmur ki, xaricdəki təlimlərə qatılsınlar. Obyektiv və subyektiv cəhətdən biz çalışırıq ki, həmin o xaricdə və ölkə daxilində zəruri bilikləri aşılayan təlimlərdə yaxından iştirak edək. Gənclərimiz heç bir vəsait ödəmədən bu təlimlərdə iştirak edə bilsinlər və öz bilik və bacarıqlarını artıra bilsinlər. Dünyanın hər yerində peşəkar təlimlər müəyyən məbləğ tələb edir. Sizin müəyyən ehtiyac fondunuz olmalıdır ki, həmin təlimlərə qatılasınız, iştirakçı haqlarını ödəyəsiniz. Və o təlimlər bəzən heç də ucuz olmur. Gənc jurnalistlərin ən çox üzləşdiyi çətinliklərdən biri budur. Bizim təşkilat çalışır ki, bu çətinliyin aradan qaldırılmasında yaxından iştirak etsin. Bununla belə artıq müasir texnologiyalarla silahlanan, sosial şəbəkələrdə müasir trendləri yaxşı bilən, bir neçə dildə danışan jurnlistlərimiz də az deyil. Bir jurnalist üçün tələb olunan vacib xüsusiyyətlərə gənc jurnalistlərimiz malikdirlər. Hesab edirəm ki, jurnalistika çox məzmunlu peşədir. Daim mütailə etmək, öz üzərində işləmək lazımdır.

-         Uzun müddət televiziyada işləmisiniz. Təklif olsa, yenidən qayıdarsınız?

-         Televiziya mənim üçün xüsusi yerdir. Təxminən 16 il televiziya sahəsində çalışmışam. Müəyyən nailiyyətlərim olub. Mən öz nailiyyətlərimi qiymətləndirməyi, tərifləməyi xoşlamıram. Bunu həvalə edirəm dostlarıma, həmkarlarıma və bu sahədə öz sözünü demiş insanlara, qoy, onlar qiymətləndirsinlər. Düzdür, mənə indi heç bir təklif edilmir, sözün düzü, bu, normaldır. Çünki mən özüm də hansısa televiziya kanalında aparıcılıq etməklə bağlı niyyətimi açıqlamamışam. Bəlkə də niyyətimi açıqlasam, təklif olar. Hələki gündəmimdə belə bir şey yoxdur. Televiziya çox böyük bir məktəbdir, peşəkarlıq tələb edir. Hazırda Azərbaycan televiziyaları inkişaf edir, fərqli addımlar atır, televiziyada peşəkarlar var. Mən onları kənardan olsa da, izləyirəm. Sevinirəm bu prosesə və hər bir televiziyamıza uğurlar arzu edirəm.

 

Sayad Qoşnalıyeva