AZƏRBAYCANDA BEYNƏLXALQ TV NİYƏ YOXDUR?

Bölmə: MEDİA › ,
Tarix: 16:19 17.08.2023

   “İnformasiya savaşı həmişə olub və olacaq. Ona görə də, bir çox ölkələr beynəlxalq telekanallar yaradıb. Rusiyanın RT, Türkiyənin TRT World, İranın PressTV, Fransanın France24, Qətərin AljazeeraENG və s. ingilisdilli kanallarını nümunə göstərmək olar. Bu kanalların da əsas ofisləri Londonda yerləşir” - Televiziya mütəxəssisi İsgəndər Qənbərov Azərbaycanın da Londondan yayımlanacaq ingilisdilli telekanala ehtiyacı olduğu fikrindədir. Fikrini belə əsaslandırır ki, bununla biz artıq Euronews və qardaş Türkiyə telekanallarına möhtac olmarıq. Öz səsimizi öz telekanalımızdan, yəni Londondan yayımlamaqla dünyaya çatdıra bilərik. Ölkəmizin buna potensialı da var. “Londonda həm təmiz ingilisdilli peşəkar jurnalistləri kanallara cəlb etmək, həm də avropalı ekspertlərlə müsahibələr almaq daha əlçatandır. Bu, həm də prestijdir. Ölkəmizin hegemon bir teleşirkətə ehtiyacı var”.

   Media eksperti, əməkdar jurnalist Qulu Məhərrəmli də hesab edir ki, indiki informasiya bolluğu və həm də dezinformasiyaların çox olduğu şəraitdə istənilən ölkənin, xüsusilə beynəlxalq aləmdə daim əleyhinə informasiyalar yayılan bir ölkə kimi Azərbaycanın da ingilis dilli kanala çox böyük ehtiyacı var. Qulu Məhərrəmlinin sözlərinə görə, əslində, Azərbaycanda CBC kanalı rus, ingilis dillərində verilişlər yayımlayır, amma çox arzu olunardı ki, həmin kanalın, məsələn, Londonda deyil, başqa bir məkanda, hətta Bakının özündə olsa belə verilişləri dünyaya yayımlansın. “Dünyaya yayımlamaq sadəcə internet üzərindən deyil. Bunu həmçinin peyk, kabel vasitəsilə yaymaq mümkündür. Dünyada belə bir təcrübə var, kanal peyklərdən birinə yerləşdirilir və o deyək ki, müəyyən blokda bir çox ölkələrdə paylaşılır". Media eksperti Azərbaycanda bu peykin olmama səbəbinə də toxunur. "Niyə yoxdur? Bunun səbəbi, əlbəttə ki, bəllidir. Televiziya işi bu gün çox böyük maliyyə tələb edir. Texnoloji avadanlıq, əməkdaşların saxlanması, layihələrin maliyyələşdirilməsi və s. - bunlar hamısı vəsait tələb edən şeylərdir. Yəni bununla bağlı ciddi qərar qəbul olunarsa, belə bir proqramı yayımlamaq mümkündur". Qulu Məhərrəmli inanır ki, nə zamansa belə bir kanalın yaradılmasına təşəbbüs göstəriləcək. “Əslində, bunu öncə internetdə bir təcrübə kimi formalaşdırmaq, daha sonra isə peyk üzərindən dünyaya çıxmaq mümkündür. Bunun üçün istək və iradə və təbii ki, ilk növbədə maliyyə lazımdır".

 

Aydan Qasımova