XARİCİ MEDİA QARABAĞLA BAĞLI SAVADLANMALIDIR
Bölmə: MEDİA › ,Tarix: 20:03 17.08.2023
“Erməni lobbisinin manipulyasiyası altında olan bir çox nüfuzlu beynəlxalq media subyektinin fəaliyyəti dəyişməz olaraq qalır. Ancaq dövr dəyişib və dəyişməyə davam edir. Bu gün xarici media nümayəndələrinin regiona səfər edib, illərdir Ermənistanın Qarabağda hansı dağıntıları, vəhşilikləri törətdiklərini bir də Azərbaycan tərəfdən aydın görə və təhlil edə bilmə imkanları vardır. Çox az sayda obyektiv nümunələr görə bilirik” yeni media üzrə mütəxəssis Səbinə İzzətli deyir ki, 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycana ezam olunmuş xarici media nümayəndələrinin qərəzli sualları, materialları bizi bir daha düşünməyə vadar etdi: dünyada mütləq obyektiv media varmı? Ekspertin sözlərinə görə, əgər hələ də bu iddiada olanlar varsa, onlar öz əməkdaşlarını regiona ezam etməli və gerçəkləri olduğu kimi işıqlandırmalıdırlar. “Bu, məsələnin peşəkarlıq tərəfidir. Digər bir tərəfi isə, Azərbaycan siyasətinin və mediasının üzərinə düşür. Xarici jurnalistlərə qapı hər zaman açıq olmalı, onlara gerçəklər yorulmadan, dönə-dönə anladılmalıdır”. Səbinə İzzətli deyir ki, xarici media Qarabağla bağlı savadlandırılmalı, eşitdiklərini deyil, gördüklərini yazmağa təşviq edilməlidirlər. Ekspertin fikrincə, bu mənada yerli media qurumlarının üzərinə iş düşür. “Xarici dildə peşəkar, savadlı yazan jurnalistlərimizin sayı artmalıdır. Onlar məhz bu mövzularda xarici məqalələrini nüfuzlu media saytlarında yayımlamağa çalışmalıdırlar. İnformasiya doğru kanalla, doğru üslubda ötürülməlidir. Bu mənada Şuşada keçirilən Qlobal Media Forumunun çox önəmli qatqıları oldu. Hesab edirəm ki, dünyada ikili siyasət, qərəzli media var olduqca dezinformasiyalar da yayılacaq. Biz ölkə olaraq hər bir sahədə işimizi doğru görsək, peşəkar yürütsək dünya axır-əvvəl bizdən yazacaq və doğru olanı yazacaq”.
Səbinə İzzətlinin sözlərinə görə, əgər xarici media yerli mediaya istinad etməyə çəkinirsə, onun birtərəfli olduğunu düşünürsə, buna da imkan verməmək lazımdır. Dünyaca nüfuzlu media qurumlarımız olmalıdır. Əvvəlcə yerli media olaraq beynəlxalq nüfuzumuzu artırmalıyıq ki, istehsal etdiyimiz kontenti də beynəlxalq auditoriyaya çıxara bilək.
HƏCƏR ƏMİRASLANLI