JURNALİSTLƏR ÜÇÜN YAY MƏKTƏBİ NİYƏ YOXDUR?

Bölmə: MEDİA › ,
Tarix: 21:04 17.08.2023

  Hər il müxtəlif peşə sahibləri, gənclər üçün yay məktəbləri təşkil edilir. Yay məktəblərində müxtəlif mövzularda, ixtisas yönümlü təlimlər də həyata keçirilir. Bəs jurnalist olmaq istəyən gənclər üçün yay məktəbləri var? Mövzu ilə əlaqədar İnformator.az saytı olaraq bir neçə həmkarımız ilə həmsöhbət olduq.

   Gənc jurnalist Ruslan Abbas qeyd edir ki, yay məktəblərinin olmamasını təlim və tədbirlərin həyata keçirlmədiyi kimi qiymətləndirməməliyik: " Keçən il İsmayıllı rayonunda 1 həftəlik Ailə və Qadın problemləri üzrə Dövlət Komitəsinin mediada gender məsələləri adlı təlim keçirildi. Əslində, bunu yay məktəbi kimi dəyərləndirmək olar. Məsələn, bu günlərdə Xaçmazda İrəli İctimai Birliyi media savadlılığı ilə bağlı düşərgə təşkil edəcək. Bu cür təlimlər, tədbirlər çox maraqlı keçir. İstər sosiallaşmaq baxımından, istərsə də ixtisasla əlaqəli biliklər əldə etmək baxımından çox səmərəlidir".

   Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu Züleyxa Ağaməliyeva deyir ki, mühazirələrdə dərsi dinləməklə bu sənətin incəliklərinə daxil ola bilmirsən: "Mənim fikrimcə, jurnalistika sahəsi praktiki sahədir. Gənc jurnalistlərin çoxu məhz bu sahəni mənimsəmək üçün telekanallara, müxtəlif müəssisələrə müraciət edirlər. Bu praktikaları yay məktəblərində nə qədər nəzəri cəhətdən öyrətsələr də, əlverişli olmur. Bir jurnalist olmaq üçün əlinə mikrofon almalısan, stand up edib, canlıya çıxmalısan ki, bu sənətin incəliklərini mənimsəyə biləsən. Mühazirələrdə dərsi dinləməklə bu sənətin incəliklərinə daxil ola bilmirsən. Məsələn, yay məktəbləri fonunda praktik məşğələlər telekanalların nəzdində təşkil olunsa, gənclərin maraq dairəsinə çevrilə bilər. Mən şəxsən belə situasiyada olan zaman bir neçə telekanala praktik fəaliyyətim üçün müraciət etmişdim. Orada bizlərə bir jurnalist kimi fəaliyyət göstərməmiz, yeni praktik bacarıqlar əldə etmək üçün şərait yaradılır. Yay məktəblərində nə qədər nəzəri biliklər keçirilsə də, praktik fəaliyyətin içində olmadığın təqdirdə bunun heç bir faydası olmayacaq".

   Mətbuat Şurasının sədri Rəşad Məcid isə qeyd edir ki, Media Agentliyi il boyu jurnalistlər üçün müxtəlif təlim və tədbirlər həyata keçirir: "Bu sadaladıqlarımız yay məktəbinə daxil olmasa da, il boyu belə məşğələlər həyata keçirilir. Bunu jurnalistlərin peşəkarlığının artırılması istiqamətində normal addım saymaq olar".

 

Fatimə Mustafayeva