"ƏN BÖYÜK QƏHRƏMANLIQ İNSAN OLMAQDIR"
Bölmə: MEDİA › ,Tarix: 22:23 17.08.2023
Müsahibimiz təkcə jurnalist kimi deyil, 44 günlük döyüşlərdə könüllü şəkildə iştirak edib, Vətəni uğruna canından keçməyə hazır olan, əsgər kimliyilə yaddaşlara həkk olunan, “Varislərlə Müsahibələr” kitabının müəllifi Hafiz Əhmədovdur.
1. Hələ uşaq ikən, jurnalistlərin bütün arzularının çin olması fikrindəydiniz. Sizin uşaqlıq xəyalınız gerçəkləşdi. Jurnalist kimi arzunuza çatdınız?
- Azərbaycan mətbuatı tarixində çox qısa zaman ərzində, heç bir dəstək almadan, zərrə qədər qazanc əldə etmədən yüzlərlə eksklüziv müsahibə, tarixi araşdırmalara imza atdım. Bu, tək mənim deyil, bütün Azərbaycan jurnalistikası üçün böyük uğurdur. Bunları dilə gətirmək, etiraf etmək isə bir cəsarət, vicdan məsələsidir. Çox təəssüflər olsun ki, jurnalistika ilə bağlı arzularımı həyata keçirə bilmirəm. Hər dəfə süni əngəllərlə üzləşdim, bütün qapılar üzümə bağlandı, əlimi-qolumu bağlayıb bir uçurumun dibinə atdılar. Nə qazandılar?! Tanrının verdiyi istedadı əlimdən almağa gücləri yetmədi. Mən inandığım işıqlı yoldan geri çəkilmədim. Yazdım, yaratdım, küllərimdən doğmağa başladım. Bunu heç vaxt unutmayın: “İşinizi yaxşı yerinə yetirin. Tökdüyünüz beton torpağın altında qalsa da, gözəl olmalıdır. Heç kim onu tərifləməsə də, heç kim görməsə də, siz işinizi yaxşı görün. Bu, sizin qazancınızın qarşılığı deyil, xarakterinizin göstəricisidir”.
2. Bu yolda addımlayarkən çox tənqidlərə məruz qaldınız. Yeri gəldi, “xalq düşməni”, o da bəs etmədi, “qatil” kimi qələmə verildiniz. Bütün bu proseslərlə mübarizə edərkən, heç peşman oldunuzmu?
- İnsan nə zaman peşman olur?! Görməli olduğu, yarım buraxdığı işi bir başqası yerinə yetirəndə insan peşman olur. Bu illər ərzində heç kim nə mənim yerimi tutdu, nə də məndən üstün müsahibələrə imza atdı.
Mən özüm hər zaman kim olduğumu bilirəm. Ən əsası da budur. Kim olduğumuzu dərk edək. Başqaları nə danışar, nə yazar, kimə xidmət edərlər öz işləridir. Hər kəs mütləq öz vicdanı qarşısında cavab verəcək.
Əvvəl üzümə durdular, sonra torbamı tikib, kəfənimi biçirdilər. Mən isə üstümə atılan həmin daşları üstü-üstə yığdım, yaralarımdan tökülən təmiz qanımla yoğurdum, müsahibə, araşdırmalarımdan ibarət Azərbaycanımız üçün bir tarixi saray ucaltdım. Və zamanında məni qamçılayanlar, bir quyuya sallayıb ipimi kəsənlər, yalandan yaş axıdanlar indi səbirsizliklə özəl müsahibələrimin yolunu gözləyirlər.
Başımıza gələn hər şeydə bir xeyir var. Bəlkə də mən o günləri yaşamasaydım bu gün belə işlərə imza atmazdım. Bəzən, bununla özümdə təskinlik tapmağa çalışıram.
3. Araşdırmalar etməyi, çətinliklərlə üzləşməyi sevirsiniz. Bu həvəs siz də uşaqlıqdanmı var, yoxsa jurnalistika özü ilə bərabər bunu da sizə sevdirib?
- Ən çətin günlərimdə, həyatdan, hər kəsdən əlimi üzən zamanlarda bu müsahibələrim, araşdırmalarım mənə bir ümid, işıq oldu, yaşamağıma səbəb oldu. Hər müsahibəmlə yenidən həyata bağlandım, nəfəs almağa başladım. Bəlkə də onlar mənim ikinci Tanrımdı. Çünki, mənə yeni bir həyat bəxş etdilər. Araşdırmalar etməyi sevirəm. Ətrafımdakı yaxın insanlar mənim nəyi, nə üçün araşdırdığımı bir o qədər başa düşməsələr də, bəzən buna görə tənqid olunsam da, müsahibə götürdüyüm şəxslərin çoxunu tanımasalar da mən yenə də öz işimi ən yüksək səviyyədə yerinə yetirirəm. Bilirəm ki, bu araşdırma, müsahibələrin hər biri tarixdir, indi olmasa da, nə zamansa, dəyəri bilinəcək. Araşdırma, müsahibələrim bəzən aylarla, illərlə vaxt aparır. Amma uğurlu bir yekun nəticə bütün əziyyətlərimi bir anlıq da olsa unutdurur və məni xoşbəxt edir.
4. 3 il öncəsinə qayıtsaq, siz sadəcə vətəninə layiqli olmağa çalışan jurnalist yox, 44 günlük döyüşlərdə könüllü surətdə iştirak edib, vətəni uğruna canından keçməyə hazır olan əsgər kimliyilə yaddaşlara həkk olundunuz. Qısa müddətlik də olsa, bu hadisə sizin həyatınızda, yaddaşınızda nə kimi rol oynadı?
- Həyatımın ən qürurverici səhifələridir. Qəhrəmanımız Polad Həşimov şəhid olan gün Tovuz rayon Hərbi Komissarlığında könüllü əsgər kimi qeydiyyatdan keçdim. Səfərbərlik sərəncamı verilən zaman da gecə saatlarında hərbi komissarlığa getdim. Məncə, öz vətənini, torpağını qorumaq, tarixinə, dilinə sahib çıxmaq, onun uğurunda savaşmaqdan uca, müqəddəs amal, vəzifə yoxdur.
Mən 31 yaşımda, heç bir rütbəm, vəzifəm olmadan, sadə bir əsgər kimi müharibəyə getdim. Əsgər olmaq heç də asan bir şey deyil. Həm də 30 yaşda, ağarmış saçlarla. Mənim qəhrəman komandirlərimin çoxunun yaşı məndən az idi. Mən bir əsgər kimi onların əmr-göstərişlərini vaxtında, dəqiq yerinə yetirdim, heç vaxt özümü geri tutmadım. Vətənimiz, Qarabağımız, torpaqlarımızı düşmən işğalından azad etmək üçün adi bir əsgər kimi xidmət etdim. Və bununla da qürur duyuram.
Şanlı qələbəmizdən artıq 3 il ötür. Bu illər ərzində öyrəndim ki, əslində, ən böyük qəhrəmanlıq isə hər gün insan qalmağı bacarmaqdır.
5. “Varislərlə müsahibələr” kitabının nəşri fəaliyyətinizdə yeni bir işıq oldu. Nəşr ərəfəsində nə kimi çətinliklərlə üzləşdiniz?
- Ən böyük narahatlıqlarımdan biri həmin varislərlə olan müsahibələrimlə bağlı idi. Düşünürdüm ki, birdən başıma nəsə bir iş gəlsə (müharibədə və s.) bu qədər tarixi müsahibə, fotoların aqibəti necə olacaq, hamısı itib-batacaq. “Varislərlə Müsahibələr” kitabı da bu çətin zamanlarımda üzümə günəş kimi doğdu. “Çapar” yayımlarının dəstəyi ilə kitabın birinci hissəsi çapdan çıxdı. Əməyim, əziyyətim yerdə qalmadı. Azərbaycan gəncləri üçün bir tarixi irs buraxmaqdan daha dəyərli, qürurverici iş nə ola bilər ki?! Vətən Müharibəsində könüllü iştirakımdan sonra, “Varislərlə Müsahibələr” kitabının da müəllifi olmaq həyatımın ən parlaq, qürurlu səhifələridir. Təsəvvür edin ki, bu il Cümhuriyyətimizin yaranmasından 105 il ötdü. Cümhuriyyətimizi quran şəxsiyyətlərin varisləri ilə müsahibələrimin hər biri də Azərbaycan mətbuatı tarixində ilkdir. Və mən özüm Tovuzda bir kənddə yaşasam da internet vasitəsilə ilə bu varisləri dünyanın ən müxtəlif ölkələrində tapıb, eksklüziv müsahibələr götürdüm. Bir jurnalist üçün bundan böyük uğur olarmı?!
“Varislərlə Müsahibələr” kitabı Azərbaycan deməkdir. Kitab hissə-hissə nəşr olunacaq. Oxuduqca mənim nə demək istədiyimi, hansı işlərin gördüyümü daha yaxşı başa düşəcəklər.
6. Keçmiş və bu gün. Sadəcə jurnalistika sahəsində yox, istər araşdırma, istərsə də yazarl kimi bir çox uğurlara imza atdınız. İllər öncəki Hafizlə müqayisə etdikdə, nə kimi fərqlər görürsünüz?
- İllər öncə, mən də digər jurnalistlər kimi yalnız verilən tapşırıqları icra edirdim, yeni xəbərlər hazırlayırdım, reportajlara, tədbirlərə tələsirdim və s. Aydan-aya maaşımı da alırdım. Məcburən hansısa yazını da hazırlamalı olurdum. Yaradıcılığımı, potensialımı tam üzə çıxarmaq üçün zamanım, həvəsim olmurdu. Hazırda isə ingilis dilində cəmi 3 müsahibəmin linkini xaricdə yaşayan görkəmli bir şəxsiyyətə göndərirəm, həmin an müsahibəyə razılıq verir. Məsələn, Corc Oruellin, Qabriel Qarsia Markesin oğlu ilə müsahibələrimin linkini kimə göndərirəmsə tərəddüd etmədən müsahibəyə razılıq verirlər. Heç kim məndən harada işlədiyimi, müdiriyyətimin kimlər olduğunu soruşmur, jurnalist vəsiqəsi, reyestr qeydiyyatı da tələb etmirlər. Bu bir jurnalist üçün böyük uğurdur.
7. Bütün çətinliklərlə təkbaşına üzləşir, problemləri özünüz həll edirsiniz. Bu sizin üçün çətin deyilmi?
- İnanmıram ki, belə bir vəziyyətdə kiməsə mənim qədər mübarizə aparardı. Hər insanın yolu, mübarizə forması fərqlidir. O vaxtlar mənə çox təklif etdilər ki, “çıx get ölkədən, nə yapışmısan, çıx get həyatını yaşa, burada onsuz da əməyə dəyər verilmir və s.” Mən heç bir yerə getmədim. Əksinə, öz eksklüziv müsahibələrimlə dünyanı Azərbaycana gətirdim. Azərbaycanı yaxşı istiqamətdə tanıtdım, sevdirdim. Tariximizin illərlə gizli qalan hissələrini araşdırıb cəmiyyətə obyektiv formada təqdim etməyə çalışdım. Bunun üçün kiminsə cibinə girmədim, kiminsə haqqını tapdamadım. Və yaxud da kimlərinsə cibini doldurub yalançı mədhiyyələrlə dolu müsahibələr yazmadım. Əlbəttə ki, mənə çox çətindir. Bəzən, yoruluram. Yalnız sıfırların müşayiət etdiyi motivasiya, dəstəklə sadəcə olaraq yazıram, araşdırıram, dayanmadan çalışıram... Amma sonda görürəm ki, bütün yaradıcılığının cəmi bir müsahibəm qədər çəkisi olmayanlar bu ölkədə jurnalistikadan danışırlar...
8. Öz dediyiniz kimi: “Heç gözləmədiyim vaxtda qanadlarımı qırdılar”. Tovuz həyatınızın ilk dönəmlərində nə kimi sıxıntılar yaşadınız?
- Azərbaycanda uğur qazananları, öz alın təri ilə pilləri qalxanları heç kim sevmir. Uğur qazananları yıxmaq üçün növbədə duranlar var. Düşmənin də ən böyük hiyləsi dostluğudur. İnsanları tanımaq olmur, kim nəyə xidmət edir, kim bir statusu neçəyə yazır, kimin tapşırığını icra edirlər və s. Bilmirəm. Mən sadəcə olaraq öz işimi ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram.
Həmin günləri yenidən xatırlamaq mənim üçün çox çətindir. Elə bil ki, təzədən yaşayıram... Ailəm mənə çox dəstək olur...
9. Azərbaycan mətbuatında bir ilk - öz adınıza sayt yaratmağa nail oldunuz. Sayt, sizin həyatınızda nələri dəyişdi?
- Bu sayt mənim yaradıcılıq potensialımın məhv olmasının qarşısını aldı. Keçmişin tozlu səhifələrində itib-batmaqdan məni xilas etdi. Hər yeni müsahibəm gələcək üçün bir ümid oldu. Azərbaycan mətbuatı tarixində ilk olan müsahibələrə imza atdım. Ən əsası da tam fərqli bir iş, məzmun ortaya çıxardım. Saytın yeganə işçisi də, rəhbəri də mənəm. Bəzən müsahibə götürdüyüm şəxslərin adlarını da unuduram. Heç vaxt ümidimi itirmədim. Tarixi şəxsiyyət Nelson Mandelanın nəvəsi ilə müsahibəmdə işlətdiyi bir fikir mənə ümid olmuşdu: “Həqiqət həmişə ortaya çıxacaq və bizi xilas edəcək”
Saytda yayımladığım hər bir eksklüziv müsahibənin özünəməxsus hekayəsi var. Mənim keçmişim, uşaqlıq illərim və gələcək arzulayırımı əks etdirir. Bəzən açıqlayıram, bəzən isə yox...
Məsələn, dahi Qabriel Qarsia Markesin oğlu ilə müsahibəmin maraqlı hekayəsi var. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığım ilk illərdə bir müəllimimiz bütün dərslərdə Markesdən nümunələr gətirərdi. Onun necə bir dahi olduğundan bəhs edərdi. Mən də o vaxtlar çox gənc idim, Markesi bir o qədər də yaxşı tanımırdım. Amma adı, əsərləri beynimə həkk olunmuşdu. Nəisə, illər ötdü. Mən bu yaxınlarda Qabriel Qarsia Markesin özü kimi məşhur, istedadlı oğlu Rodriqodan eksklüziv müsahibə götürdüm. Əvvəl, müsahibə vermək istəmirdi, hətta imtina edirdi. Daha sonra mən ona hər şeyi olduğu kimi izah etdim, gənc jurnalist olduğumu, onunla müsahibənin gələcək jurnalist karyeramda önəmli bir yerə sahib olacağını bildirdim. Bir gün ötmədi, dahi Qabriel Qarsia Markesin oğlu mənim bütün suallarıma podkast kimi səsli formada cavablandırıb göndərdi. Bu mənim üçün böyük uğur idi. O, Azərbaycanı tanıdı, Bakı ilə bağlı fikirlərini bölüşdü. Həmçinin, müsahibədə saytımın adını da xüsusi ilə vuğuladı. Onun səsində atası dahi Qabriel Qarsia Markesin nəfəsi duyulur. Bu, sadəcə olaraq möhtəşəm idi.
Dünyanın super dövləti olan Böyük Britaniyanın məşhur baş naziri olan Boris Consonun jurnalist bacısı Rachel Sabina Consonla eksklüziv müsahibəm tək mənim saytımın yox, bütün Azərbaycan mətbuatının uğuru idi. Rachel Conson müsahibədə ilk dəfə olaraq damarlarında türk qanı daşıdıqları üçün qürur duyduğunu etiraf etmişdi. Yüzlərlə belə eksklüziv müsahibələrin müəllifiyəm. Həyatımda isə dəyişən sadəcə olaraq mənim müsahibə götürdüyüm şəxslərin adlarıdır.
10. Son olaraq, Hafiz bəy, gəncyeni başlayan jurnalistlərə, yazarlara gələcək həyat yollarında məsləhətləriniz nə olardı?
- Gənclik ən böyük sərvətinizdir. Bundan daha səmərəli istifadə edin. Mənim o vaxtlar bir açıqlama üçün özümü yorduğum vəzifə sahibləri, məmurların əksəriyyəti indi ya dəmir barmaqlıqlar arxasında əyləşib, ya da ad-sanı silinib, yox olublar. Demək istəyirəm ki, fərqli mövzularda üzərində çalışın, yenliklər edin, enerjinizi boş şeylərə həsr etməyin. İnandığınız yolla irəliləyin. Sosial şəbəkələrdən daha səmərəli istifadə edin. Məsələn, mən bütün özəl müsahibələrimə görə sosial şəbəkələrə minnətdaram. Tovuzda uzaq bir kənddə yaşayıb, zəif interneti olan bir telefonla dünyanın harasında yaşamalarından aslı olmayaraq, müsahibə üçün fərqli insanlar tapıram, həmsöhbət oluram. Reytinq, sensassiya, sosial şəbəkələrdə statuslar yazmaq kimi bir fəaliyyətlə özünüzü aldadacaqsınız, bəlkə də mövcud olan yüksək iş potensialınızı boğub məhv edəcəksiniz. Bunu öz keçmiş təcrübələrimə istinad edərək dedim. Hər birinizə uğurlar arzulayıram.
HƏCƏR ƏMİRASLANLI