ÇİNGİZİN KAMERASI ÇƏKMƏYƏ DAVAM ETSƏYDİ.....

Bölmə: MEDİA › ,
Tarix: 17:01 29.08.2023

   İnformator.az xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

    Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayəti Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. O, Azərbaycan Tibb İnstitutunu bitirib. Çingiz Mustafayev jurnalistikaya böyük həvəs göstərib. 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Sovet Ordusunun cinayətlərini bütövlükdə lentə alıb, unikal kadrlar yaradıb. Çingiz Mustafayev Qarabağın döyüş bölgələrindən əvəzolunmaz, unikal kadrlar çəkib. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Onun əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Apropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.       Çingiz döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. O həm kamerası, həm də silahı ilə döyüş bölgələrində iştirak edirdi. Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak olub. 1992-ci ilin iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib. Bir anlıq düşünək, Çingizin kamerası çəkməyə davam etsə idi, nələri çəkərdi? Nələri nümayiş etdirərdi?

  Sayad Qoşnalıyeva