"İTV-nin mətbəxində nə bişirsə, dadlı bişir"

Bölmə: MEDİA › ,
Tarix: 17:30 29.08.2023

   "Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 29 avqust 2005-ci ildə yaranıb və bugünə qədər fəaliyyət göstərən, ən baxımlı və informasiya-əyləncə telekanallarından biri, verilişləri ilə insanların sevgisini, diqqətini qazanan İTV haqqındadır. Bu haqda İnformator.az saytının əməkdaşı İTV-nın böyük redaktoru, 18 illik əməkdaşı Esmira Namiqqızından müsahibə alıb. O, bu barədə suallarımızı cavablandırıb.

 - Bugün İTV yaranmasından 18 il ötür. İTV ilə bağlı fikirlərinizi, gördüyü işlərlə bağlı mövqenizi öyrənmək istərdik.

    İTV yarandığı gündən bəri tamaşaçı sifarişini yerinə yetirməkdən daha çox onun zövqünün formalaşması, maariflənməsi, məlumatlanması istiqamətində fəaliyyət göstərib. Məhz bunun nəticəsidir ki, bu gün ən zövqlü insanlar, intellektli kəsim bizim TV-nin daimi tamaşçısıdır. Biz bu sevgi və etimadı zaman-zaman qazanmışıq. İTV-nin hər zaman yaradıcı, ideyalarla dolu əməkdaşları olub. İndi bu sırada gəncləri görmək sevindiricidir.

 -   Bundan sonra İTV fəaliyyətinə necə davam edəcək? Hansısa yeniliklər gözlənilirmi?

 Bildiyiniz kimi, İTV hər mövsüm, hər başlayan yeni ildə yeni proqramlarla efirə çıxır. Bu sual əslində şirkət rəhbərliyinə ünvanlanmalıdır. Onların ideyaları, yaradıcı yanaşmalarının icraedicisinə çevrilmək, bir komanda olaraq çalışmaq şəxsən mənə zövq verir. Hər yenilikdən nəsə öyrənirik, öz təkliflərimizi veririk. İctimai TV-nin mətbəxində nə bişirsə, dadlı bişir, deyərdim. Yeyənlər, bu halda tamaşaçılar qətiyyən narazı qalmazlar, deyə düşünürəm.

 

-  Bundan sonra İTV-nın gələcəyini necə görürsünüz?

     Biz müasir tələblərlə ayaqlaşmağa çalışırıq. Cəmiyyətin istəyini görməzdən gəlmək olmaz. Biz sosial sifarişlərə həssaslıqla yanaşırıq. Cəmiyyətə əyləncə də lazımdır, siyasət də. Maariflənməyə də ehtiyacımız var, dincəlməyə də. Hamısını bir arada cəmləyib, hamının zövqünü oxşamaq isə TV-lərin missiyasıdır. Kanalımız o qədər rəngarəng verilişlər hazılayır ki, ən azından indiki tempin qorunub saxlanması özü böyük qəhrəmanlıqdır. Çünki rəqabət çox güclüdür. Amma İTV ailəsi yerində saymağı, sıradan biri olmağı xoşlamadığı üçün əminəm ki, hər zaman öz sözünü deyəcək və fərqliliyi ilə seçiləcək.

 

Məryəm Məmmədova