"İTV-nin bundan sonra yanlız irəli doğru getməli olduğunu düşünürəm"- Qulu Məhərrəmli 18 yaşlı İTV HAQQINDA

Bölmə: MEDİA › ,
Tarix: 20:31 29.08.2023

   Bu gün İctimai TV-nin kütləvi yayıma başlamasından 18 il keçir. İctimai Televiziyanın əhəmiyyəti nədir? Hansı proqramlar, verilişlər təqdim edilir?

   İnformator.az-ın bu dəfəki qonağı TV mütəxəssisi, professor Qulu Məhərrəmlidir. Əməkdar jurnalist Qulu Məhərrəmli İctimai Televiziyanın digər televiziyalardan fərqlənən cəhətlərindən, ona qoyulan tələblərdən, cəmiyyətdə tutduğu mövqedən danışıb:

   "Bu gün İctimai TV-nin kütləvi yayıma başlamasından 18 il keçir və tamaşaçıların əksəriyyəti 2005-ci ildə başlayan ilk yayımları yaxşı xatırlayır. İTV, əlbəttə ki, asan olmayan yol keçib. O, digər televiziyalardan mahiyyət etibarı ilə fərqlənir, çünki nə kommersiya, nə də dövlət televiziyasıdır. İTV, sadəcə, cəmiyyətin ictimai televiziyasıdır və ictimailik, yəni cəmiyyəti tam əhatə etmək, bütün təbəqələrin zövqünə oxşamaq, onların tribunası olmaq missiyası var. Yeganə televiziyadır ki, onun haqqında xüsusi qanun, idarəçiliyində Yayım Şurası adlanan qurumda ictimaiyyətin nümayəndələri var və ondan xüsusi proqramlar hazırlamaq tələb olunur".

   Daha sonra Qulu Məhərrəmli İTV-nin digər televiziyalar ilə müqayisəsindən, zamanla yaranan problemlərdən, bu televiziyanın yaxşı yönlərindən bəhs edib:

 

  "Əvvəlcədən insanlar onu, əlbəttə ki, Az TV ilə müqayisə edirdilər və ondan daha yaxşı olduğu haqda fikirlər var idi. Həqiqətən də, bir çox maraqlı, maraq oyadan layihələr, verilişlər, gözəl aparıcılar - bunlar hamısı faktlar idi. Sonrakı mərhələdə problemlər özünü ciddi şəkildə göstərdi. Hətta İTV və Az TV-nin yedəyini qoşmaq kimi yolverilməz hallar oldu. İndi isə o digər televiziyalardan ciddi şəkildə fərqlənir. Birinci növbədə, buna televiziya ekranlarında ictimai müzakirə proqramlarının çoxalması aiddir. Bu, televiziyada plüralizmin nisbətən açıq şəkildə görülməsi, fərqli fikirlərin deyilməsidir".

 

   Qulu Məhərrəmli yeni maraqlı layihələrə, yayıma başlamasından 18 il keçən İTV-nin müsbət cəhətlərinə də toxunub:

 

   "Məsələn, "3D" proqramı fərqli fikirlərin olmasına baxmayaraq, cəmiyyəti müəyyən dərəcədə maraqlandıran problemləri qaldıra bildi. Xəbər proqramlarında müəyyən irəliləyişlər var. Həmçinin ictimai-siyasi proqramlar var və ədəbi, bədii, kino seçimi ilə fərqlənir. Dublyajlara ciddi yanaşıldığı hiss olunur və bunların hamısı da müsbətdir".

 

   TV mütəxəssisi həmçinin İTV üçün arzu edilən addımlar və onların nümunələrindən bəhs edib:

 

   "Arzu olunan məqamlar da var. İlk olaraq, bunlar ondan ibarətdir ki, fərqli fikirlər daha geniş şəkildə əks olunsun, fərqli fikirlər görünsün. Çıxış etmək üçün heç kimə qadağa qoyulmasın. Cəmiyyətin bütün təbəqələri ondan tribuna kimi istifadə edə bilsin. İkincisi, tənqidi düşüncə, xüsusilə, xəbər, analitik proqramlarda insanları maraqlandıran məsələlər qabardılsın, süjetlərlə və s. göstərilsin. Düzdür, orada "Sabaha saxlamayaq" adlı proqram var və hesab edirəm ki, ən maraqlı ictimai müzakirə proqramlarından biridir. Yaxşı rejissor olması, canlı efirə getməsi və aparıcı işi yüksək səviyyədədir. Düşünürəm ki, arzu olunandır ki, bu tip proqramların və uşaq verilişlərinin sayı artsın".

  

   "İTV-nin bundan sonra yanlız irəli doğru getməli olduğunu düşünürəm" - deyən əməkdar jurnalist bu televiziyanın ehtiyaclarından, gözəl kadrlarından, təcrübəli, peşəkar rəhbərliyindən də danışıb:

 

   "Gənclər üçün ayrıca veriliş gedir. Bunu çox təqdir edirik, çünki önəmlidir. Bir də, ictimai radioda və elə televiziyanın özündə də xəbər sisteminin yüksək səviyyəyə qaldırılmasına ehtiyac var. Hesab edirəm ki, bunların nəzərə alınması televiziyanın nüfuzunu bir qədər də yüksəldə bilər. Lakin heç kim dana bilməz ki, bu gün İctimai Televiziyanın da yaxşı prodüsser işi var. Çünki icraçı direktor Balaş Qasımov kifayət qədər intellektual, yüksək təşkilatçılığı olan, televiziya işini yaxşı bilən, menecerliyi bacaran uğurlu kadrdır. İTV-nin bundan sonra yanlız irəli doğru getməli olduğunu düşünürəm".

 

Aydan Qasımova