14 YAŞLI "MODERN.AZ" 14 İLLİK REDAKTORUN GÖZÜ İLƏ
Bölmə: MEDİA › ,Tarix: 18:54 01.09.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 1 sentyabrda yaranmış Modern.az saytı haqqındadır. Bugün saytın 14 yaşı olur. Bu münasibətlə İnformator.az-ın əməkdaşı 14 yaşlı Modern.az-ın redaktoru Əfqan Qafarlı ilə söhbətləşib.
- Sentyabrın 1-i Modern.az xəbər portalının yaranma günüdür. 2009-cu ildə yaradılan portal onlayn media məkanında özünəməxsus dəst-xəttə malikdir. Modern.az-da 14 illik hekayəniz necə başlayıb?
- Modern.az ilk dəfə 2009-cu il sentyabrın 1-də “525-ci qəzet”in redaksiyasında darısqal bir otaqda işə başlayıb. İlk gün iki nəfər olmuşuq – saytın rəhbəri Elşad Eyvazlı və mən. Sonra sıramıza 2-3 nəfər də qoşulub. O vaxt maddi durumumuz da çox pis idi, bəzən elə aylar olub ki, heç birimiz evə maaş apara bilməmişik. Amma ruhdan düşməmişik, işi yarıda buraxmamışıq, bütün çətinliklərə rəğmən həvəslə, həm də birimiz iki nəfərin yerinə çalışmışıq. Mən özüm uzun müddət Modern.az-ın həm müxbiri, həm redaktoru, həm korrektoru, həm saytın idarəetmə panelinə nəzarət edən işçi, həm gecə növbətçisi olmuşam. Bundan başqa, illərlə şənbə-bazar günləri də işləmişəm. Dincəlmək, məzuniyyətə çıxmaq anlayışı illərlə bizə yad olub.
Bütün bunların nəticəsində çəkdiyimiz zəhmət öz bəhrəsini verib. Tədricən media sektorunda aparıcı saytlardan biri kimi özümüzü təsdiqləyə bilmişik. Bizə dəstək olan dostlar çoxalıb, reklam gəlirlərimiz yaranıb, dövlət və özəl qurumlar Moderna.az-a əməkdaşlıq müqaviləri təklif edib və s.
- Saytınızın iş sistemi, prinsipləri ilə bağlı fikirlərinizi bölüşmənizi istərdim...
- Modern.az çox da böyük olmayan kollektivə malikdir. Əməkdaşlarımız əsasən gənclərdir. Modern.az həmişə çalışıb ki, Azərbaycanın onlayn media məkanında etibarlı informasiya yayıcısı kimi tanınsın. Doğrudur, zaman-zaman biz də yanlışılara yol vermişik, amma bu, faciəvi şəkildə olmayıb.
Sayt rəhbərliyi həmişə oxucu etimadını itirməməyə, qazandığı auditoriyanı daha da genişləndirməyə çalışıb. Daim istəmişik ki, digər saytlardan işimizə görə fərqlənək, başqalarına bənzəməyək, özümüzü təqdim etdiyimiz materiallarla tanıdaq.
Redaksiyada əməkdaşlara qərəzsiz olmaq, peşə etikasına əməl etmək, şərəf və ləyaqətin alçaldılmasına yol verməmək kimi jurnalist prinsipləri aşılanıb. Eyni zamanda, onlayn mediaya xas iş rejiminin tələb etdiyi şərtlərə - sürətli olmağa, dəqiqliyə, kreativliyə əməl etməyə çalışmışıq. Bizi daha çox fəqləndirən layihə və rubrikalarımız, mövzu seçimindəki rəngarəngliklər olub.
Modern.az saytı həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub, onlara meydan vermişik. Saytımızda imzasını tanıdan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə, o cümlədən televiziyalarda çalşırlar.
- Bundan sonra saytın fəaliyyətində hər hansı dəyişiklik gözlənilir, nələri planlaşdırırsınız?
- Modern.az öz fəaliyyətini bundan sonra da tutduğu yolla davam etdirəcək. Bir informasiya istehsalçısı olaraq qeyri-adi vədlər verə bilmərik. İşimiz yazmaq, və oxucuya keyfiyyətli məhsul təqdim etmək olacaq.
Mənəvi dəyərləri qorumaq, milli maraqları müdafiə etmək, dövlətçiliyə xidmət göstərmək, azərbaycançılıq ideyasına sadiq olmaq, jurnalistikanın prinsiplərini gözləmək, Qarabağ həqiqətlərini yaymaq, şəhid və qazilərə dəstək vermək bizim üçün əsas prioritetlərdir.
Bütün bunlarla yanaşı, cəmiyyəti narahat edən ictimai, siyasi, iqtisadi mövzularda yazılar hazırlamaq, müsahibə və digər janrlarda materaillar təqdim etmək həmişə işimizin qayəsini təşkil edəcək.
Məryəm Məmmədova