56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi -Nigar Camal

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:27 07.09.2023

"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 7 sentyabrda dünyaya gələn Azərbaycanlı müğənni, 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək yarışmanın qalibi olan Nigar Camal haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb.

 

Dinləyicilərinin sevimli müğənnisi, müxtəlif janrların ifaçısı Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil olaraq 2001-ci ildə həmin təhsil ocağını bitirib.

 

4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurub və Birləşmiş Krallığın London şəhərində yaşamağa başlayıb. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrılaraq Azərbaycana qayıdıb. Bu nigahdan Nigar Camalın 2006-cı il doğumlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.

 

Məryəm Məmmədova