“ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinə Xəzər Media Mərkəzi ev sahibliyi edir
Bölmə: MEDİA › ,Tarix: 20:15 09.09.2023
Xəzər Media Mərkəzi 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinə ev sahibliyi edir.
1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutur. Sözügedən müsabiqədə xəbər sahəsində çalışan müxbirlər, rejissorlar, operatorlar və montajçıların hazırladığı materiallar 11 nominasiya üzrə mükafatlandırılacaq.
Bu il müsabiqəyə ümumilikdə 160-a yaxın video-görüntü təqdim olunub. Ötən həftə İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.
Azərbaycandan müsabiqəyə göndərilən 30 görüntüyə isə sentyabrın 8-də Xəzər Media Mərkəzində yerli mütəxəssislərin təmsil olunduğu 26 nəfərdən ibarət münsiflər tərəfindən baxış keçirilib.
Sentyabrın 9-da Xəzər Media Mərkəzində medianın dəvət olunduğu mətbuat konfransında müsabiqəyə təqdim olunan ümumi 160-a yaxın videomaterial arasından qaliblərin adı açıqlanacaq.
Konfransda Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İdarə heyətinin üzvləri İbrahim Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara iştirak edirlər.
Qeyd edək ki, 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin mükafatlandırılma mərasiminin sentyabrın sonlarında Azərbaycanda keçirilməsi planlaşdırılır.