Erməni cəmiyyəti reallıqlarla barışmalıdır-Politoloq detalları açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 19:38 01.11.2023

"Ermənistan tarixi" dərsliyindəki xəritələrdən birində Qarabağ Azərbaycan ərazisi kimi göstərilib. Erməni cəmiyyətinin Qarabağın Azərbaycanın ərazisi olması ilə barışdığını demək olarmı?

 

Mövzunu informator.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, əlbəttə ki, Ermənistanda tarix dərsliyində Qarabağın Azərbaycanın ərazisi kimi göstərilməsi müsbət haldır.

 

"Belə ki, uzun müddətdən bəri erməni cəmiyyəti, xüsusilə də Ermənistanda gənc nəslin təlim-tərbiyəsində qonşu dövlətlərə ərazi iddiaları beyinlərə yeridilir və gənclər bu ideologiya ilə zəhərlənirdi. Və düşünürəm ki, Ermənistanda bu tip addımların atılması bölgədə gərginliyin azalmasına xidmət edən addımlardan hesab oluna bilər. Erməni cəmiyyəti də nəhayət reallıqlarla barışmalıdır və beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə artıq alışmalıdırlar”.

 

Politoloq qeyd edib ki, doğrudu, hələ erməni cəmiyyətində əhəmiyyətli bir hissə hələ də revanşist duyğularla, ərazi iddialarıyla yaşamaqdadır.

 

"Amma artıq yeni reallıqlar və dünyada baş verən proseslər erməni cəmiyyətinin düşünən hissəsinin real şəkildə vəziyyəti qiymətləndirməsinə gətirib çıxarıb. Çünki onlar artıq reallıqları bilirlər və buna uyğun davranmağa çalışırlar.”.

 

Oqtay Qasımov Parlamentdə Paşinyanın partiyasından olan nümayəndəsinin Qarabağın hüquqi cəhətdən Azərbaycanın ərazisi olmasını söyləməsinə toxunub.

 

"Dünən Ermənistan Parlamentində Paşinyanın partiyasından olan nümayəndəsinin Qarabağı hüquqi cəhətdən Azərbaycanın ərazisi olduğunu söyləməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Yəni getdikcə Ermənistan cəmiyyətinin rasional düşünən hissəsi bu gerçəklikləri qəbul edəcək və etməlidir. Çünki bölgədə mövcudluğun tək şərti bütün qonşularla normal konstruktiv münasibətlər və onların ərazi bütövlüyünə hörmətdən keçir”.

 

Aynur Babayeva