Bu gün Azərbaycan vətəndaşları Qəzzadan çıxarılacaq

Bölmə: Siyasət › ,
Tarix: 20:05 02.11.2023

7 Oktyabrda Həmas və İsrail arasında başlayan toqquşmalar həmin bölgəni yaşanmaz hala gətirib.

 

 

Analitik-jurnalist Kazım Kazımov qeyd edir ki,
"Birləşmiş Millətlər Təşkilatının açıqladığı statistikaya görə Qəzzada ağır bombardman nəticəsində 9 minə yaxın mülki şəxs həyatını itirib. Digər tərəfdən Qəzzaya 3 həftədən artıqdır ki, bütün gediş-gəlişlər dayanıb. Qəzza faktiki olaraq qurudan, dənizdən və havadan mühasirə altındadır. Hətta şiddətli döyüşlər səbəbi ilə bölgədə tez-tez kommunikasiya vasitələri də kəsilir. Qəzzada hümanitar vəziyyət yaxşı deyil, sektorda ciddi ərzaq və su böhranı yaşanır. Tibbi ləvazimat çatışmır, xəstaxanalar normal şəkildə işləyə bilmir. Bölgədə epidemiya yayılması təhlükəsi var. Son 3 gündə isə vəziyyət daha da ağırlaşıb, çünki İsrail Qəzzaya şimal- şərq, şimal-qərb və mərkəzi hissədən quru əməliyyatı başladıb. Qəzza şəhəri və sektorun şimal hissəsi faktiki olara 1-2 gün ərzində tam mühasirəyə düşəcək''.

 

Jurnalist vurğulayır ki, ''tərəflər razılaşmasa Həmas və İsrail arasında şiddətli şəhər döyüşləri başlayacaq. Bu halda daha böyük mülki itkilər meydana gələcək. Belə olan halda Azərbaycan vətəndaşlarının Qəzzadan evakuasiya edilməsi ən düzgün qərardır. Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir. Oradan hər- hansı bir vətəndaşımızın başına arzu olunmaz bir hadisə gələrsə tibbi xidmət ala bilməyəcək. Digər tərəfdən münaqişənin hələ nə qədər davam edəcəyi bəlli deyil. Bölgənin yerli əhalisi olmayan biri üçün şərtlər daha da ağırlaşacaq. Misir və Qəzza arasındakı Rəfah sərhəd məntəqəsinin yenidən bağlanmaq ehtimalı var, əgər Qəzzanın tək çıxış yolu olan bu qapı da bağlanarsa təxliyələr mümkünsüz hala gələ bilər. Bu gün hətta Misir və İordaniya kimi bölgə ölkələri də vətəndaşlarını Qəzzadan çıxardır, bütün məntiqli düşünən bütün hökümətlər bölgədəki münaqişədən ən çox xarici vətəndaşların zərər görəcəyinin fərqindədir".

 

ÇİMNAZ MƏMMƏDOVA