İrəvanın şərtləri qəbul etməkdən başqa yolu yoxdur-Politoloq
Bölmə: Siyasət › ,Tarix: 19:51 03.11.2023
“Azərbaycan tərəfi 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı imzaladıqdan sonra dərhal biz 5 bazalı prinsip əsasında sülh müqaviləsi hazırlayıb göndərdik. Keçən il Praqa görüşlərindən sonra Paşinyan açıqlamasında bildirdi ki, ilin sonuna qədər sülh müqaviləsini bağlayacaq. Ancaq təəssüflər olsun ki, Ermənistan rəhbərliyi Fransanın yeritdiyi yanlış siyasət nəticəsində bu məsələdən uzaqlaşdı, sülh müqaviləsi bağlanmadı”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Elşad Həsənov söyləyib. Politoloqun sözlərinə görə, sentyabrda baş tutan 1 günlük lokal antiterror əməliyyatlarından sonra Cənubi Qafqazda yeni bir reallıq yarandı.
“Qondarma separatçı rejim özünü buraxandan sonra, Ermənistanın öz vətəndaşları olan şəxslər ərazilərimizi tərk etməyə başladılar. Hətta biz sərhəddə onlara sual belə ünvanladıq ki, sizləri kimi təhrik edir? Onlar isə öz qərarları ilə getdiklərini bildirdilər”.
Elşad Həsənov deyir ki, Azərbaycan Ermənistana qarşı ərazilərimizdə etnik təmizləmə, qovma hallarının heç birini nümayiş etdirməyib.
“Bizim apardığımız düzgün iş nəticəsində də Birləşmiş Millət Təşkilatının (BMT) xüsusi komissiyası arayış verdi ki, həqiqətən də, ermənilərin buradan getməsində etnik təmizləmə olmayıb. Biz ərazi bütövlüyümüzü, konstitusiya hüququmuzu təmin etdik. Hazırda isə xaraba qoyulan torpaqlarımızda abadlıq-quruculuq işləri həyata keçiririk”.
Politoloq qeyd edir ki, Azərbaycanın Ermənistanla heç bir işi yoxdur.
“Bu günlərdə Paşinyan yenə açıqlamasında 3 prinsip əsasında, sülh müqaviləsini bağlayacağını bəyan edib. Ermənistan tərəfi bizim ərazi bütövlüyümüzü tanıması barədə rəsmi sənədə qol çəkib. Azərbaycan isə öz növbəsində bu ifadəni şifahi tərzdə bəyan edib”.
Elşad Həsənov yaxın günlərdə Azərbaycanın Ermənistanın ərazisini tanıması barədə yekun sənədə qol çəkəcəyini söyləyib.
“Eyni zamanda isə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması prosesləri baş tutacaq. İrəvanın Azərbaycanla sülh imzalamaqdan başqa yolu yoxdur. Ermənistan blokadadan çıxmaq istəyirsə, sülh müqaviləsini bağlamalı, münasibətlərini də normallaşdırmalıdır”.
Həcər Əmiraslanlı