İrəvan üçün yeganə şans: Bakı ilə sülh müqaviləsi imzalasın-“Forbes”

Bölmə: Siyasət › ,
Tarix: 12:54 03.11.2023

Azərbaycanın 2020-ci il müharibəsində qələbəsindən dərhal sonra regionda dinc yanaşı yaşama planları qurulmağa başlayıb. Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması xəbəri də tərəfləri stimullaşdırıb. Doğrudur, heç kim iki ölkə arasında sıx əməkdaşlığın formalaşacağını gözləmir, amma ümid var ki, onlar heç olmasa bir-birinin ərazisindən tranzitə icazə verəcəklər.

 

İnformator.az xəbər verir ki, bu barədə “Forbes”un rus xidmətinin “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması” adlı sərlövhəli məqaləsində qeyd olunub.

 

Nəşr yazır ki, Azərbaycanın Naxçıvana və Türkiyəyə çıxışa ehtiyacı var və bunu ən asan variantla - sovet dövründən qalan dəmir yolunu bərpa etməklə həyata keçirmək olar:

 

“Ermənistanın Rusiyaya gedəcək yol isə ancaq Azərbaycandan keçə bilər. Lakin hər yerdə olduğu kimi burada da silahlı qüvvələr üstünlüyü ələ keçirdi və əvvəldən planlaşdırılan bütün kommunikasiyaların blokdan çıxarılmasından danışmaq əvəzinə, Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi müzakirə mövzusu oldu.

 

Azərbaycan “dəhliz” ilə bağlı qətiyyətini qoruyub saxlamış kimi görünür və cəmi bir ay əvvəl Əliyevlə Ərdoğan Naxçıvanda görüşərək bunu bir daha təsdiqlədilər. Lakin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan ərazisindən keçən yolun perspektivinin Bakı üçün cəlbediciliyini itirməsi və yol layihəsinin İran ərazisindən də həyata keçirilə biləcəyi barədə bəyanatı təəccüblə qarşılandı. Belə bir yolun yaradılması məsələsi əvvəllər müzakirə olunurdu, lakin bu söhbətlər sonradan ciddi qəbul edilmədi. Amma Bakı lazım gələrsə, İrəvana təzyiq rıçaqlarına sahib olacaqdı. Bakı öz ritorikası ilə göstərdi ki, ona təkcə sadə tranzit yolu yox, eləcə də İrəvanın nəzarətində olmayan yola, daha uzaq gələcəyin məsələsi kimi Ermənistanın cənubuna azərbaycanlıların köçürülməsinə ehtiyac var. Bu kontekstdə İrandan keçən yolu Bakıya güzəşt kimi də qiymətləndirmək olar.

 

Dövri nəşrin yazdığına görə, Bakının Ermənistandan keçən yolun olması ambisiyalarının reallaşmamasının Moskvada asanlıqla qəbul edilməsi diqqətçəkicidir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bunu Rusiyanın maraqları ilə bağlı olmayan hal kimi şərh edib. Ancaq reallıqda hər şey belə deyil.

 

Çünki Ermənistan dəmiryolları “Rusiya Dəmiryolları”nın bir hissəsidir və Ermənistan-İran sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Bu isə Rusiyaya yeni nəqliyyat damarına nəzarət etmək imkanı verərdi. Nikol Paşinyanın oktyabrın 26-da Tiflisdə regionun gələcəyi ilə bağlı fikirlərini təqdim etməyə çalışdığı çıxışı isə bir çoxları üçün sürpriz oldu. Paşinyan ümumilikdə İrəvanın qorxu və narahatlığını ifadə edən bir sıra prinsiplər üzərində qurulmuş tranzit mexanizmi təklif edib. Əsas o idi ki, Zəngəzurdan keçən yol həmin ölkənin – Ermənistanın yurisdiksiyasında olmalıdır. Sonra eyni prinsipə uyğun olaraq ölkələrin hər biri gömrük və sərhəd nəzarətini həyata keçirəcək, hərəkət zamanı təhlükəsizliyi və sabitliyi təmin edəcək və s. Ölkələrin bir-birinin yollarından qarşılıqlılıq və bərabərlik prinsipi əsasında istifadə etdiyi də vurğulanıb. Təbii ki, bütün bunlar mükəmməl işləyə bilər, lakin bir şərtlə, əgər Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı bərabərhüquqlu tərəfdaş kimi qəbul edərsə... Amma reallıq budur ki, bu, heç də belə deyil. Həm Bakı, həm Moskva, həm də Ankara özləri üçün ən yaxşı şəraiti yaratmağa çalışırlar və İrəvan dörd dənizə və iki okeana rahat çıxış əldə etmək istəyir.

 

Bu, İrəvan üçün Türkiyə ilə sərhədin açılmasına və Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına imkan yaradacaq şans hesab oluna bilər, çünki Ankara iddia edir ki, İrəvanla münasibətlərin tənzimlənməsi, birbaşa əlaqələr yalnız o zaman mümkün olacaq ki, İrəvan Bakı ilə sülh müqaviləsini imzalasın.