Almaniya digər qonşuları kimi heç vaxt Avropa siyasi fəlsəfəsinin müddəalarına sadiq qalmayıb-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 20:21 06.11.2023
Almaniyanin Xarici İşlər Naziri Annalena Berbok Bakıdakı qaçqın və məcburi köçkünlərlə görüşməsi haqda yalan açıqlama verib. Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, onun bu görüşdən imtina etdiyi məlumdur.
Məsələni informator.az-a şərh edən analitik jurnalist Kazım Kazımov qeyd edib ki, Almaniya Xarici İşlər Naziri Annalena Berbokun regiona səfər zamanı qaçqınlarla bağlı yalan danışması təəssüflər olsun ki, Avropa siyasətinin gəldiyi nöqtəni göstərir.
“Əslində hadisələrin əvvəlinə baxdıqda Almaniya digər qonşuları kimi heç vaxt Avropa siyasi fəlsəfəsinin müddəalarına sadiq qalmayıb. Belə ki 1990-cı illərin əvvəllərində Xocalı soyqırımını, Azərbaycanın torpaqlarının işğal edildiyini bütün Avropa kimi Almaniya da bilirdi. Həm də Azərbaycanın torpaqlarının işğal edilməsinə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hüquqi qiymət verilmiş və 4 qətnamə qəbul edilib”.
Şərhçinin sözlərinə görə, bütün bunlara baxmayaraq demək olar ki, bütün Avropa ölkələri, o cümlədən Almaniya beynəlxalq hüquq və ya insan haqları adına heç bir addım atmadı.
“Tam əksinə işğalçı Ermənistanla isti münasibətlər qurdu, erməni lobbisi Avropanın siyasi çevrələrinə ayaq açdı. Bildiyimiz kimi Avropada bu işi xüsusən Fransa canfəşanlıqla həyata keçirdi və keçirməyə də davam edir”.
Jurnalist Almaniyanın da son addımlarıyla Makronun bu ermənipərəst siyasətinə dəstək verməsini açıq şəkildə ortaya qoymasını təəssüflə qeyd edib.
"Burada əslində Avropa İttifaqı içərisində gedən proseslərə diqqət etmək lazımdır. Bilindiyi kimi xüsusən İngiltərənin Aİ-dən qopmasıyla yekunlaşan Breksit prosesi sonrasında Almaniya və Fransa ittifaqın gələcəyini qorumaq və köhnə qitədə artan Amerika təsirlərini zəiflətmək üçün çalışırlar. Xüsusən də, Almaniya qitə daxilində aktiv oyunçu olmağa çalışarkən Fransa Qafqazdan Şimali Afrikaya qədər qlobal siyasətdə əsas oyunçulardan biri olmağa çalışır”.
Kazım Kazımov bunu da vurğulayıb ki, iştahı qabiliyyətindən çox olan Fransanın qlobal oyunçuya çevrilmək üçün heç bir siyasi və iqtisadi resursu yoxdur.
"Fransanın Cənubi Qafqazda, Livanda və Şimali Afrikada həyata keçirmək istədiyi planlar fiyaskoyla nəticələndi. Almaniya isə Avropa İttifaqının birliyini qorumaq üçün Fransanın bu ölçüsüz siyasətinə dəstək verir lakin bu cür davranış Almanyanın da imicinə zərər verir. Almaniya xüsusən enerji qıtlığı yaşadığı bir vaxtda Azərbaycan kimi yerləşdiyi bölgənin lider ölkəsi və zəngin enerji ixracatçısı olan bir ölkəyə qarşı xüsusən diqqətli olmalı və Fransanın siyasi maraqları üçün öz münasibətlərini təhlükə altına salmamalıdır”.
Aynur Babayeva