"Münaqişə jurnalistikası ilə məşğul olanların can güvənliyi sual altındadır" -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 10:10 07.11.2023
Fələstin-İsrail münaqişəsi başlayandan 38 jurnalist həlak olub. Müharibə zamanı jurnalistlərin öldürülməsi nə dərəcədə düzgündür? Bəs jurnalistlərin öldürülməsinin beynəlxalq cəzaları varmı? Mövzu ilə Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətli İnformator.az-a açıqlama verib.
Səbinə İzzətli bildirib ki, bununla bağlı bir sıra qurumlar və jurnalist birlikləri öz etirazlarını bildirməyə başlayıblar.
"İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 38 jurnalist həlak olub. Bu kifayət qədər ciddi saydır. Misal üçün, Türkiyədə jurnalistlərin yaratdığı Fələstin üçün Mətbuat Platforması mövcud münaqişə zonasında öldürülən jurnalistlər üçün bir araya gəlib və etirazlarını sivil qaydada bildiriblər. Eləcə də, qeyri-hökumət təşkilatı olan Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Qəzzada fələstinli jurnalistlərə və israilli jurnalistə qarşı törədilmiş hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) şikayət verib. Təşkilat onu da bildirir ki, təkcə ötən il 533 jurnalist həbs edilib, 57 jurnalist öldürülüb. Çin, Myanma və İran jurnalistlərin ən çox həbs edildiyi yerlər olduğu halda, Meksika, Ukrayna və Haiti ötən ildə jurnalistlərin öldürüldüyü ölkələr siyahısına girib. Statistikaya nəzər yetirsək görərik ki, ən çox jurnalistin həyatını itirdiyi il 2006-cı il olub. İraq və Suriyada müharibənin şiddətləndiyi həmin ildə 155 jurnalist həyatını itirib".
Ekspert qeyd edib ki, münaqişə jurnalistikası ilə məşğul olanların can güvənliyi sual altındadır.
"Yəni bütün bunları vurğulamaqda məqsədim odur ki, bu yeni tendensiya deyil. Üzücü faktor odur ki, getdikcə jurnalistlərin öldürülməsi halları artır və normallaşır. Bunu Rusiya-Ukrayna savaşında da müşahidə edirik. Bunun bir neçə səbəbi vardır, münaqişə tərəfləri özlüyündə informasiya savaşı aparır və hadisə yerində informasiya ötürən jurnalistləri bilərəkdən hədəfə alaraq informasiya ötürülməsi prosesini manipulyasiya edirlər. Çox zaman münaqişə jurnalistikası ilə məşğul olan jurnalist yetərincə peşəkar olmur, yaxud da ona verilən təlimatlara əməl etmir, özünü təhlükəyə atır. Bu mənada media qurumlarının üzərinə də böyük məsuliyyət düşür. Onlar jurnalisti münaqişə bölgəsinə ezam etməzdən qabaq əmin olmalıdır ki, jurnalist hərb bölgəsində vəzifə və öhdəliklərini dəqiq bilir".
Fatimə Mustafayeva