Azərbaycan Ermənistanda qalan 8 kənd uğrunda müharibəyə başlaya bilərmi?-Politoloq açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 18:49 07.11.2023

“Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin hələ də Ermənistanın işğalı altında olması kifayət qədər ciddi məsələdir. Azərbaycan-Ermənistan arasında son 3 ildə baş verən 2 savaş nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad edərək, suverenliyini bütün ərazilərdə təmin etməyə nail oldu”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Politoloq Oqtay Qasımov söyləyib. Politoloqun sözlərinə görə, anklavlarla bağlı məsələ isə ayrıca gündəm maddəsidir.

 

“Təsadüfi deyil ki, bir ay bundan öncə, Cənab prezident və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutdu. Bu zaman belə, Azərbaycan prezidentinin danışıqda önə çəkdiyi əsas məsələ anklavlarla bağlı proseslər oldu. Mişelin diqqətinə çatdırıldı ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır”.

 

Politoloq deyir ki, Azərbaycan öz ərazilərindən bir qarışını belə güzəştə getməyəcək.

 

“Nikol Paşinyan son günlərdə açıqlamasında 3 məsələ ilə bağlı sülh sazişinin imzanlanması barədə açıqlama verdi. Burada o, əsas 3 məsələni diqqətə çəkdi: sülh müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiya edilməsi, kommunikasiyaların açılması. Sərhədlərin dəqiqləşdirilməsində ən önəmli addım isə anklavlar məsələdir. Ermənistanın bu prosesi uzatması sonsuz olmayacaq”.

 

Oqtay Qasımov qeyd edir ki, Ermənistan bu kəndləri gec-tez geri qaytarmalıdır.

 

“Eyni zamanda, Ermənistan çox gözəl anlayır ki, həmin kəndlər olduqca strateji mövqelərdə yerləşir. Xüsusilə, Qazax rayonunun Yuxarı Əskipara kəndindən Ermənistanı Gürcüstanla bağlayan M2 yolu keçir. Naxçıvanın Kərki kəndi isə İrəvanı İran sərhədi və Zəngəzurla bağlayan yolun üstündə yerləşir. Ermənistan havadarlarının köməyi ilə şərtləri yüngülləşdirməyə çalışır, bizdən güzəşt gözləyir. Amma alınası məsələ deyil. Nəzərə alsaq ki, Ermənistan 35 il müddətdə və son 3 ildə bizə qarşı heç bir xoş məram bəsləməyib. Azərbaycanla vəziyyətləri normallaşdırmaq istiqamətində heç bir addım atmayıb”.

 

Politoloq düşünür ki, 8 kəndimizin bizə qaytarılması ilə bağlı toqquşmanın gündəmə gəlməsi gözlənilmir.

 

“Azərbaycan bu məsələləri siyasi - diplomatik yolla həll etməyə çalışır. Lakin, Ermənistan yenə də prosesləri əngəlləyərək, öz öhdəliklərindən boyun qaçırarsa, atılacaq addımlar bəllidir”.

 

Həcər Əmiraslanlı