"ŞUŞANIN MÖHTƏŞƏMLİYİ QARŞISINDA DONUB QALDIM"

Bölmə: Siyasət › ,
Tarix: 11:34 08.11.2023

Şuşanın azad olunmasından 3 il ötür. Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilib.

 

 

Əslən Şuşadan olan, Şuşa həsrəti ilə böyüyən vətəndaşlarımız həmin yer barədə təəssüratlarını, azad olunanda hiss etdikləri sevinci bizimlə bölüşüblər.

 

 

Jurnalist Kənan Novruzov Şuşaya ilk dəfə gedərkən oraya necə heyran olduqlarını bildirib. "Şuşaya ilk dəfə gedərkən həmin yerə böyük heyranlıqla baxırdıq. Şuşanın möhtəşəmliyi qarşısında donub qalmışdıq. Bu sevinc bizim üçün ilahi nemət idi. Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu uğur Azərbaycan Ordusunun nəticəsidir".

 

 

K.Novruzov əlavə edir ki, "Şuşanın azad olunması bütün Azərbaycan vətəndaşları üçün xüsusi tarixdir. Bu tarixi bütün illər ərzində xüsusi coşqu və fərəh hissi ilə qeyd etmək lazımdır. Şuşanın azad olunması mənim üçün sırf şuşalıyam deyə əhəmiyyətli deyil.
Vətən müharibəsinin davam etdiyi vaxtda mən "Şərq" qəzetində siyasətdən yazırdım. Həmin dövrdə ən aktual məsələ müharibə mövzusu idi, gecə, gündüz çalışırdıq. Ali Baş Komandanın xalqa verdiyi xəbərlər məni bir vətəndaş olmaqla yanaşı, bir jurnalist kimi ilhamlaşdırırdı. Noyabrın 8-i Şuşanın azad olunma xəbərini eşitdik. Həmin xəbəri eşidəndə mənim yaşadığım hisslər çox fərqli və başqa idi. Ömür boyu mən Şuşa həsrəti ilə yaşamışdım. Şuşanın azad edilməyi çoxları üçün gözlənilməz oldu, çünki ordumuz Dağlıq Qarabağı azad etmişdi, Şuşa isə oraya daxil deyildi. Bəzi ekspertlər düşünürdü ki, Azərbaycan Şuşanı azad edə bilməyəcək. Şuşanın azad olunması hərbi cəhətdən də çətin idi, ordumuz bunu böyük ustalıqla yerinə yetirdi. Bununla da bütün Azərbaycan xalqına bu xəbər sevinc bəxş etdi".

 

 


Digər müsahibimiz Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi Hamar Quluzadə qeyd edir ki, Şuşanın işğaldan azad olunacağına bütün qəlbimlə inanırdım.

 

 

"Vətən müharibəsi başlayanda abituriyent idim. Həmin günlər əsla yadımdan çıxmaz. Hər gün həvəslə cənab prezident İlham Əliyevin çıxışını gözləyirdik... Mən bütün qəlbimlə Şuşanın da işğaldan azad olacağına inanırdım. Nəhayət, o gün gəlmişdi. Ali baş komandanın "Əziz Şuşa,sən azadsan! Əziz Şuşa biz qayıtmışıq!" sözləri bütün Azərbaycan əhalisinin sevinc gözyaşlarına səbəb oldu".

 

 


H.Quluzadə Şuşaya olan sevgisini, həmin sevgisinin bir an belə dəyişmədiyini sözlərlə ifadə etməyə çalışıb.
"Böyüklərimin canlı şahidi olduğu və kövrələrək işğalını danışdıqları Şuşa artıq Azərbaycanın idi.
Bu gün Zəfərimizin 3 ili tamam olur. 3 il ərzində 2 dəfə doğma yurdum Şuşaya getmək nəsibim oldu.
Bəzi hisslər həqiqətən də sözlə ifadə oluna bilmir, bu da həmin hisslərdəndir. Orada olduğum zaman ərzində hər qarışını gəzməyə, görməyə və bütün qəlbimlə hiss etməyə can atırdım. Şuşaya çatanda ilk işim əlimə bir ovuc torpaq, yanımda gətirdiyim qaba isə biraz su doldurmaq olmuşdu. Onları 30 ildən çox vətənindən ayrı qalmış böyüklərim üçün ayırmışdım.
Hisslərim bir gün belə olsun dəyişmir. Ora getməyə, orada yaşamağa can atıram. Düzdür, Bakıda doğulub böyümüşəm. Amma Vətənim ki, Şuşadır-Malıbəylidir.
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Malıbəyliyə səfər etməsi ilə illər sonra oranın görüntüləri yayımlandı. İndi bərpa quruculuq işlərinin tez bitməsini iplə çəkirəm.
Böyükdən kiçiyə bütün Azərbaycan xalqının necə mərd, vətənpərvər, qəhrəman bir xalq olmasını 44 günlük Zəfər bir daha sübut etdi!
Sözsüz, "torpaq, uğrunda ölən varsa, Vətəndir!" deyiblər. Bu zəfəri bizə yaşadan Şəhidlərimizin qazilərimizin haqqını heç zaman ödəyə bilmərik.
Şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə şəfa diləyirəm
ZƏFƏRİMİZ ƏBƏDİ OLSUN!!!".

 

ÇİNARƏ MURADOVA