Zəfərə gedən yolda ilk addımlar Lələtəpədən başlayıb-Lələtəpəyə bayraq sancan igidimiz
Bölmə: Siyasət › ,Tarix: 14:13 09.11.2023
Müsahibimiz “Aprel döyüşləri” zamanı igidliyi dillər əzbəri olan və işğaldan azad edilən Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağını sancan, 44 günlük Vətən Müharibəsi qazisi, ehtiyatda olan baş gizir - Asim Əliyevdir.
1. Asim bəy, xalqımızın, millətimizin illər boyu çəkdiyi bütün əzab-əziyyətlərə baxmayaraq, 2016-cı il Lələtəpə yüksəkliyində şanlı bayrağımız ilk dəfə dalğalandı. Siz, o günləri necə xatırlayırsınız?
-Lələtəpə yüksəkliyində biz ilk dəfə Azərbaycan bayrağını dalğalandırdıq. Lələtəpə bizim illərlə həm taktiki, həm atəş, həm də fiziki üsullarla hazırlaşdığımız, torpaqlarımızın geri qaytarılması uğrunda göstərilən ilk addım oldu. Zəfərə gedən yolda ilk addımlar Lələtəpədən başlayıb. 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə düşmən yenə də bizə qarşı mənfi niyyətindən əlçəkməyərək hərbi təxribatlara başladı. Füzuli rayonunun Horadiz kəndindən başlayaraq, Qazaxlar yaşayış məntəqəsi də daxil olmaqla, sakinlərimizi atəş altında saxladılar. Biz isə öz növbəmizdə düşmənə qarşı əks hücuma keçdik. 2 aprel axşam 8-9 radələrində 2 kəşiyyat qrupu ilə sızma əməliyyatı həyata keçirdik. Gecə 3-4 radələrində biz Lələtəpə yüksəkliyini azad etdik. Silsilə boyu düşmənin yarısını qovduq, yarısını isə məhv etdik. Gecə saat 4-5 radələrində mən öz döyüşçü qardaşlarımla, yoldaşlarımla birgə üzərimdə daşıdığım bayrağımızı Lələtəpə yüksəkliyinə sancdım.
2. Bəs, o an hansı hissləri keçirdiniz?
-Bayrağımızı Lələtəpə yüksəkliyinə sancmaq mənim ən böyük qürurum oldu. Bu hissləri sözə çevirmək mənim üçün çox çətindir. Çünki bu əməliyyat bizim ilk qisasımız oldu. İlk yüksəklik idi ki, biz düşmənə qalib gələrək, onu azad etdik. Mən uşaqlığımda, Beyləqanda daim müharibə dövründə yaşamışam. Eşitdiyim sözlər isə “ermənilər gəldi qaç, ermənilər soyqırım törətdi, millətimizi qırdı” kimi ifadələr olub. Amma biz 2016-cı il ilk dəfə düşmənə hücuma keçdik və qalib olduq.
3. Bu uğurlu əməliyyatdan sonra hansı addımları həyata keçirdiniz?
-Bu əməliyyat bizə həm təcrübə oldu, həm də bölmələrin bir-birilə qarşılıqlı əlaqəsinin canlı şahidi olduq. Biz düşmənimizin sadəcə niyyətini bilirdik. Amma bu əməliyyat bizə göstərdi ki, Azərbaycan ordusu düşmən üzərində qələbə çalmağa da qadirdir. Mən Azərbaycan bayrağını keçirilən bütün təlimlərdə daim üzərimdə daşıyırdım. Çünki bayraq bizim hər şeyimizdir. Lələtəpə yüksəkliyi tam azad olunandan sonra biz yenə də durmadan təlimlər, məşqlər həyata keçirdik. 2017-ci il, elə 9 noyabr tarixində Mais Bərxudarov mənə Azərbaycan bayrağını hədiyyə etdi. Dedi ki, “İnşAllah bu bayrağı digər yüksəkliklərə, rayonlarımıza da sancarsınız”.
4. Siz eyni zamanda 44 günlük müharibənin də iştirakçılarından oldunuz. O günləri necə xatırlayırsınız?
-44 günlük müharibə zamanı, 27 sentyabr 2020-ci ildə biz yenidən düşmən üzərinə hücuma atıldıq. Düşmən yenə də bizə hərbi güc göstərməyə davam edirdi. Bizim bu zaman hədəfimiz Yastıtəpə yüksəkliyi oldu. 2 xüsusi təyinatlı qrupla həmin yüksəkliyə hücuma keçdik. Şəhid vermədən Yastıtəpə yüksəkliyini azad etdik. Mais Bərxudarovun mənə verdiyi bayrağı da həmin yüksəkliyə sancdıq. İlkin olaraq, həmin yüksəklikdən, Füzuli rayonun Horadiz kəndi istiqamətində irəliləməyə başladıq. 27 sentyabr səhər 7 radələrindən hücuma keçdik. Günorta 3 radələrində isə biz Horadizi işğaldan azad etdik. Düşmənin bizə yaratdığı təbii-süni bütün maneələrə baxmayaraq, biz 1 şəhid verərək, düşmən üzərində qələbə qazandıq. Xalqımıza, millətimizə ilk sevinci yaşadan kəndi işğaldan biz azad etdik. Azərbaycan bayrağı Horadizdə dalğalanmağa başladı. Daha sonra isə Cəbrayıla doğru irəlilədik. Yenə də düşmən üzərində qələbə çalaraq, Cəbrayılı da işğaldan azad etdik. Mən bu döyüşlərdə yaranlansam belə, yenə də əməliyyatlara davam etdim. Daha sonra Xocavənd istiqamətində irəlilədik. Güclü ordumuzla, qardaşlarımızla birgə Hadrut qəsəbəsini də azad etdik. Qubadlı istiqamətində baş tutan əməliyyatların birində mən yaralandım, davam edə bilmədim.
5. Son olaraq, əlavə etmək istəyiniz bir şey var?
-Allah bütün şəhid olan igidlərimizə, qardaşlarımıza rəhmət eləsin!
-Zəfərimiz mübarək olsun!
Həcər Əmiraslanlı