"BAYRAĞA SAHİB OLMAQ ASAN DEYİL, BAYRAQ HƏYAT SEVİNCİMİZİN TƏRİFİDİR"-ÇİNARƏ MURADOVA YAZIR

Bölmə: Siyasət › ,
Tarix: 14:12 09.11.2023

Azərbaycanımın üzərində əzəmətlə dayanan, dalğalanan üçrəngli bayrağım mənim qürur və varlığımın təcəssümüdür.

 

 

Böyük şairimiz Bəxtiyar Vahabzadə dillər əzbəri olan "Bayraq" şeirində yazırdı:

 


Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

 

 

Şair "yalnız zəfər çalmış şəhid önündə" cümləsini qələmə alarkən illər sonra bayrağımızın Azərbaycanın zəfər çalmış hər bir bölgəsində, göylərdə, ucsuz-bucaqsız səmalarda dalğalanacağını təsvir edib.

 

 


Həmin bayraq ki 30 il işğalda qalmış Xankəndində, Şuşada dalğalanıb, həmin bayraq ki uşaqdan, yaşlıya kimi hamının qəlbində özünə yer tapıb, həmin bayraq ki özündə türkçülüyü, müasirliyi, islamçılığı birləşdirib.

 

 

Tarixin, Cümhuriyyətin, istiqlalımızın, milli özümüzəqayıdışın şahidi olan bayrağımız nə yollardan keçərək indiki müstəqillik rəmzi olan dövlətimizin üzərində dalğalanır..Ölkəmizin hər bucağında müstəqillik adı çəkiləndə ağlımıza müstəqillik şüarı ilə dalğalanan həmin üçrəngli bayrağımız gəlir..O bayraq hər dalğalandıqca bizim müstəqillik, istiqlal, vətən eşqimizi daha da coşdurur..

 

 

Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir".

 

 

Biz bu müstəqillik rəmzi olan bayrağımızı daim yüksəklərdə görəciyik..Nə qədər ki vətənpərvər xalqımız var, həmin bayrağımız da dalğalanacaq! Hər dalğalananda dünyaya zəfər qazanmış dövlət olduğumuzu bəyan edəcək!

 

ÇİNARƏ MURADOVA