Kiminsə hiyləsinə uyaraq, Azərbaycan sülhə imza atmayacaq-Politoloq detalları açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 17:38 09.11.2023

“Azərbaycan daim sülhə töhfə verən, sülh çağırışları edən, qarşı tərəfi də sülhə dəvət edən bir ölkə olub. Amma, Ermənistan 30 illik müddətdə tutduğu ritorikanı ənənəvi olaraq, 44 günlük Vətən Müharibəsindəki məğlubiyyətindən sonra da sərgiləməyə davam edir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva söyləyib. Şərhçinin sözlərinə görə, bu təxribatların nəticəsidir ki, biz məcburən 19-20 sentyabr tarixlərində ordu amilinə əl atdıq.

 

“Bununla da, öz problemlərimizin geri qalan qismini və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri Azərbaycan ordusu yerinə yetirdi. Seperatizmin bölgədə ləğv olunmasına baxmayaraq, yenə də biz sülh çağırışları səsləndirərək, qarşı tərəfi masa arxasına dəvət edirik”.

 

Politoloq deyir ki, Ermənistan yenə də oyunlar oynayır, bütün proseslərdən geri çəkilir.

 

“Bunun nəticəsidir ki, indi bir sıra qüvvələr öz maraqlarını Cənubi Qafqazda yerinə yetirməyə çalışırlar. Ermənistan həmin qüvvələrin əlində bir oyuncağa çevrilib. Elə Rusiyaya yönəlik ritorikası da həmin oyuncaq prosesinin nəticəsidir”.

 

Politoloq düşünür ki, Ermənistan heç bir halda, Rusiyanın orbitindən kənarlaşa bilməz.

 

“Bunu anladığı təqdirdə belə, bu görüntünü yaratmağa çalışırsa, burada biz, sadəcə oyunun oynanılmasından danışa bilərik. Azərbaycanın da sülhlə əlaqədar haqlı şərtləri, 5 prinsipi var. Eyni zamanda, Ermənistanın da özünəməxsus, yerinə yetirməli olduğu öhdəlikləri var. Hansı ki, ərazi iddialarının aradan qaldırılması, anklavlarla və Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə edilməsi”.

 

Züriyə Qarayeva bildirir ki, bütün bu məsələlər həllini tapdıqdan sonra, biz sülhə imza ata bilərik.

 

“Hazırda Ermənistan əks mövqedə dayanaraq, sözdə sülhə razı olduğunu deyərək, sülh göyərçini rolunda çıxış edir. Amma, bu təxribatlar heç bir işə yaramayacaq. Necə ki, bu günə qədər yaramayıb. Biz haqlı şərtlərimizi bu günə qədər diktə edərək, yerinə çatdırdığımız kimi, bundan sonra da haqlı qanunlar çərçivəsində şərtimiz varsa, icrasına da nail olacağıq”.

 

Politoloqun sözlərinə görə, Azərbaycan sülh sazişinin imzalanmasını da həmin şəraitdə reallaşdıracaq.

 

“Azərbaycana sülh lazımdır, amma tez-tələsik sülh lazım deyil. Kiminsə hiyləsinə uyaraq, Azərbaycan sülhə imza atmayacaq”.

 

Həcər Əmiraslanlı