Ermənistan Rusiyadan uzaqlaşıb, Qərbin dəstəyinə bel bağlayır-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 17:55 09.11.2023
“Noyabrın 23-də KTMT-nin növbəti toplantısına Ermənistan Baş nazirinin qatılacağını düşünmürəm. Çünki Ermənistan keçən il İrəvanda keçirilən KTMT toplantısında yekun bəyanata imza atmadı. Onu müxtəlif vasitələrlə əsaslandırdı. Qeyd etdi ki, bu bəyanat onun maraqlarını tam şəkildə təmin etmir”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib. Politoloqun sözlərinə görə, Ermənistan o zaman belə düşünürdü ki, KTMT-nin Azərbaycan əleyhinə bəyanatı qəbul edilsin.
“Amma, təbii ki, KTMT-yə üzv olan dövlətlər bu addımı atmadılar. Bu proseslərdən sonra, Ermənistan ardıcıl şəkildə Rusiyanın təklif verdiyi, yaxud iştirak etdiyi görüşlərdən qaçmağa başladı. Keçən il dekabrın 23-ü Moskvada keçirilməsi nəzərdə tutulan Xarici İşlər Nazirlərinin (XİN) üçtərəfli görüşünə Paşinyan qatılmadı. Bundan sonra isə biz gördük ki, Ermənistan Rusiyanın iştirak etdiyi formatlardan uzaq durmağa çalışır”.
Politoloq deyir ki, Arayik Mirzoyanın Rusiyanın təklifini qəbul etməməsi, Tehranda keçirilən görüşdə Lavrovla görüşməməsi, MDB Təhlükəsiz Şurası katiblərinin keçirilən iclasından Ermənistan boyun qaçırması kimi məsələlər buna sübutdur.
“Bu proseslərlə Ermənistan özünün Qərb yönümlü siyasətini açıq şəkildə ortaya qoyub. Ermənistan ciddi şəkildə Qərb ölkələrinin təşkili ilə Rusiyadan uzaqlaşır”.
Oqtay Qasımov düşünür ki, Ermənistan təhlükəsizliklə əlaqədar, Qərbin dəstəyinə bel bağlayır.
“Rusiyada öz növbəsində bütün bu prosesləri izləyir. Təsadüfü deyil ki, bu gün Rusiya XİN-nin Mariya Zaxarova da öz açıqlamasında Ermənistanın Moskvadakı görüşə qatılmaması ilə bağlı fikirlərini səsləndirdi”.
Politoloqun sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşaraq, sülh prosesini uzadaraq vaxt qazanmağa çalışır.
“Bu da bölgədəki fəaliyyətə proseslərə mənfi təsir edir. Ermənistanın hazırda Qərb ölkələrini, xüsusilə Fransanı bölgəyə cəlb etmək siyasəti onun maraqlarına zərər verəcək. Hazırda Rusiya-Ermənistan münasibətləri getdikcə kəskinləşməyə başlayır”.
Həcər Əmiraslanlı