Ermənistanın cavabı olmadan bildirirəm ki, Paşinyan həmin tədbirdə iştirak etməyəcək-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 20:06 09.11.2023
“Noyabrın 23-də Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçiriləcək sammitində Ermənistanın cavabı olmadan bildirirəm ki, Paşinyan həmin tədbirdə iştirak etməyəcək. Çünki Nikol Paşinyan Qərbin proyektidir, Sorus fondunun yetişdirməsidir. Paşinyan bu qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlib. Hakimiyyətə gəldikdən sonra isə daim onların cızdığı plan üzrə hərəkət edib”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Elşad Həsənov söyləyib. Politoloqun sözlərinə görə, hazırda Cənubi Qafqazdan, xüsusilə, Ermənistandan Rusiyanın sıxışdırılıb çıxarılmasına start verilib.
“1 ildən çoxdur ki, Rusiya-Ermənistan münasibətləri getdikcə gərginləşməyə başlayır. Hətta keçən ilin sonunda İrəvanda keçirilən KTMT sammitində Paşinyan yekun sənədi imzalamaqdan imtina etdi. Eyni zamanda isə bu ilin yanvarında KTMT hərbi təlimlərinin İrəvanda keçirilməsi planlaşdırılmışdı. Amma Paşinyan buna icazə vermədi”.
Elşad Həsənov deyir ki, KTMT-nin əlavə bir neçə tədbiri də baş tutdu, lakin Ermənistanın heç bir nümayəndəsi həmin görüşlərdə iştirak etmədi.
“Elə dünən Moskvada Təhlükəsizlik Şurasının katiblərinin tədbiri keçirildi. Bu tədbirdə isə Ermənistanın Təhlükəsizlik katibi yenə də iştirak etmədi. Səbəb kimi isə qrafikinin dəyişilməsi və sonra, Amerikadan gələn hansısa diplomatla görüşdüyünü bildirdi. Bunu da Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Maria Zaxarova rişxəndlə bildirdi ki, “bilə-bilə tədbirə gəlməyən Armen Qriqoryan, Amerika nümayəndəsini qəbul edir”. Bütün bu addımlar, Paşinyanın Noyabrın 23-də baş tutacaq görüşdə iştirak etməyəcəyini bir daha təstiqlədi”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan hazırda Qərbin tapşırıqlarını yerinə yetirir.
“Sülhün bağlanmasında Rusiya moderatorluq etmək istəyir. Amma Ermənistan Qərbə meyl edərək, moderatorluğu onların əlinə vermək istəyir. Görünən odur ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolu qalmayıb. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin, konstitusiya hüquqlarını bərpa edib. Bu gün Azərbaycan bayrağı demək olar ki, onun bütün ərazilərində dalğalanır. Azərbaycan separatçı rejimi tamamilə məhv etdi. Bizim Ermənistanla heç bir problemimiz yoxdur. Sülhün imzalanması Ermənistana lazımdır ki, əlaqələrini genişləndirsin, iqtisadiyyatını inkişaf etdirsin”.
Həcər Əmiraslanlı