İran və Azərbaycan münasibətləri normallaşır?-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 21:08 09.11.2023
“Bu günə qədər Azərbaycan və İran prezidentləri arasındakı münasibətlər gərgin formada özünü göstərdi. Elə İran təxribatlarının nəticəsidir ki, bu gün Azərbaycan səfirliyi İranda fəaliyyət göstərmir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri, politoloq Samir Hümbətov söyləyib.
“Hazırda baş konsulluq Təbrizdə fəaliyyət göstərir. Bu proseslərdən sonra, hazırda dövlətlər arasında münasibətlərin normallaşması üçün müəyyən addımlar atılır. Düzdür, hələ ki, səfirliyimiz fəaliyyətini dayandırıb. 27 yanvar tarixində baş verən terrorun qatili də cəzalandırılmayıb”.
Politoloqun fikirincə, İran sürətlə mövqeyini dəyişməyə başlayır.
“Bu gün İbrahim Rəsinin Azərbaycan prezidenti cənab İlham Əliyev ilə görüşməsi və verilən məlumatlarda ikili münasibətlərin, regional məsələlərin müzakirəsi edilməsi qarşıdakı dönəmlərdə münasibətlərin normallaşması kimi də dəyərləndirilə bilər. Lakin, hazırda Azərbaycanın qoyduğu tələblər, İran tərəfindən tam yerinə yetirilməyib”.
Politoloq qeyd edir ki, bu görüş ikili münasibətlərə təsir etsə belə, problemlərə son qoymayacaq.
“Münasibətlərə əsas təsir isə İranın Azərbaycanın bütün tələblərini yerinə yetirməsindən sonra özünü göstərə bilər. Bunu da hələki İran yerinə yetirmək niyyətində deyil. Məncə, bu görüşdən sonra müəyyən addımlar atılacaq. Atılacaq bu addımlar isə görüşün nəticəsini zamanla göstərəcək”.
Asiman Hafizqızı