Qələbədə payı olan igidlərimizdən biri-Qazi Rahul Bayramov
Bölmə: Siyasət › ,Tarix: 22:15 09.11.2023
Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər bir günü Azərbaycanın şanlı tarixidir. Hər birimiz torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsini bu uğurda qəhrəmanlıq göstərən əsgərlərimizə borcluyuq.
44 günlük Vətən müharibəsində iştirak edən və qələbədə payı olan igidlərimizdən biri də Bayramov Rahul Mərdan oğludur. 22 yaşlı Rahul Bayramov Lerikdə anadan olsa da, uşaq yaşlarından ailəsi ilə birgə Bakıya köçür. Orta məktəbi Xəzər rayonu Mərdəkan qəsəbəsində başa vuran qəhrəman 2019-cu ilin aprelində hərbi xidmətə yola düşür. İl yarım hərbi xidmətdə olan Rahul tərxis olunmağına 3 gün qalmış Vətən müharibəsinə qatılır.
Arb xəbər Qazi Rahul Bayramovla olan müsahibəni təqdim edir.
“Oktyabr ayında hərbi xidməti başa vuracaqdım, amma ki necə deyim döyüşün başdamağı qismət oldu. Mən mübariz postu istiqamətindən Tərtər istiqamətindən döyüşlərə qatıldım. Talış kənd Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak elədim. Oktyabrın 14-də isə düşmənin açdığı artilleriya zərbəsi nəticəsində ağır yaralandım. Yanıma düşən mərminin partlaması səbəbindən onurğamdan 4 qəlpə yarası aldım”.
Qazinin sözlərinə görə, hadisə zamanı döyüş yoldaşları onun yanında olub.
“Həmin vaxt düşmən bizlə üz-üzə idi. Qəlpəni çıxarmaq biraz çətin idi. Sonra döyüşə qatılmaq istəsəm də, səhhətim buna imkan vermədi. Yaram dərin olduğu üçün Bakıya göndərildim”.
Əsgər Bayramov deyir ki, onurğasından aldığı yaraya görə, uzun müddət yataqdan ayağa qalxa bilmir.
“Əməliyyat məsləhət gördülər, o da burda mümkün olmadığı üçün yaşat fondu tərəfindən Türkiyəyə göndərildim. Orda əməliyyat oldum. Yəni, ayağımın biri bərpa oldu ayağa qalxdım. Digəri də demək olar ki, tam bərpa olunmayıb, amma yavaş-yavaş müalicəylə inşallah düzələn şeydi deyirlər”.
Rahul Bayramov ərazilərimizin işğaldan azad olunması zamanı göstərdiyi şücaətə, düşməni və onun texnikasını məhv etməklə fərqləndiyinə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunur. Deyir ki, mənim üçün ən dəyərli medal da, təltif də Şəhidlərimizin qanının yerdə qalmaması və 30 ildən sonra torpaqlarımızın düşməndən azad edilməsidir.
LƏMAN