“Qarabağa böyük qayıdış” planı sürətlə reallaşır - həsrət bitir...
Bölmə: Siyasət › ,Tarix: 15:39 10.11.2023
Azərbaycanın 2020-ci ildə əldə etdiyi böyük qələbədən sonrakı 3 il müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul olundu.
Bəs, bu 3 il ərzində Proqramda nəzərdə tutulan hansı tədbirlər həyata keçirilib?
Qarşıda duran növbəti hədəflər nələrdir?
Millət vəkili Hikmət Babaoğlu informator.az-a açıqlamasında məsələ ilə bağlı suallarımızı cavablandırıb.
"Bu gün tarixi qələbəmizin 3 illiyini qeyd edirik. Bu gün bir daha aydın oldu ki, ötən 3 il müddətində “Böyük Qayıdışa” dair qəbul edilən Dövlət Proqramı sürətlə, addım-addım həyata keçirilir. Əgər biz proqrama diqqət etsək, görərik ki, burada ilk növbədə işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin təmin edilməsidir. Hazırda isə bu istiqamətdə tədbirlər davam etdirilir”.
Deputat deyir ki, işğaldan azad edilən ərazilərimizdə minaların təmizlənməsi sürətlə və ardıcıllıqla həyata keçirilir.
“İnfrastrukturun yaradılması, yəni, yolların çəkilməsi, enerji təminatının və təsisatının, yaşayış üçün evlərin tikilməsi, inşaat işlərin həyata keçirilməsi, körpülərin salınması, hava-nəqliyyat kommunikasiyalarının yaradılması “Böyük Qayıdış”-ın əsaslarından biri idi. Bu gün demək olar ki, artıq yol, nəqliyyat, kommunikasiya infrastrukturunun yaradılması prosesi başa çatdırılır”.
Hikmət Babaoğlunun sözlərinə görə, digər məsələ isə müvafiq dövlət qurumlarının və Mərkəzi İcra Hakimiyyəti orqanlarının yerli strukturlarının formalaşdırılması, dövlət xidmətinin “Böyük Qayıdış” nəticəsində məskunlaşacaq vətəndaşlarımıza əlçatan olmasıdır.
“Dövlət xidməti dedikdə, səhiyyə ocaqlarının yaradılması, bank xidmətlərinin həmin ərazilərə çatdırılması, iş yerlərinin açılması, məktəblərin, mədəniyyət evlərinin və digər zəruri sosial obyektlərin tikilməsi nəzərdə tutulur. Bu istiqamətdə isə mühüm addımlar atılıb. Xeyli sayda məktəblər açılıb, səhiyyə, mədəniyyət ocaqları yaradılıb, internet, bank və digər sosial xidmətlərin, ASAN xidmətin təmin olunması üçün önəmli işlər görülüb”.
Millət vəkili düşünür ki, qarşıda duran məsələ isə bu işlərin eyni sürətlə davam etdirilməsidir.
“Artıq növbəti proqramların icrası üçün dövlət büdcəsindən əvvəlkinə nisbətən, daha çox maaliyyə ehtiyatlarının ayrılması növbəti ilin büdcəsində də nəzərdə tutulub. Şübhəsiz ki, önümüzdəki mərhələdə bu günə qədər həyata keçirilən tədbirlər nəticəsində inşaatı, tikintisi tamamlanan obyektlərin açılması və bundan sonra yeni, zəruri obyektlərin təməlinin qoyulması proseslərinə şahid olacağıq".
Millət vəkili əlavə edir ki, 2023-cü ildə 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirlərindən sonra əldə edilən nəticələrin Azərbaycana qazandırılması mərhələsindəyik.
"Bu o deməkdir ki, Xankəndində, Xocalıda, Ağdərədə qismən hazır olan infrastrukturun təcili yenilənməsi, yaşamaq üçün qismən hazır olan şəhər və kəndlərimizin tam yaşamaq üçün hazır vəziyyətə gətirilir. Bu proseslərdən sonra isə vətəndaşlarımızın həmin ərazilərdə məskunlaşdırılması nəzərdə tutulur. Azərbaycan qısa müddətdə bu planların hər birinə nail olacaq".
Nəzrin Mirzəyeva