Ermənistan bu hərəkətlərlə uşaq başı aldatmağa çalışır-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 16:33 10.11.2023
“Bu gün II Qarabağ Müharibəsinin bitməsindən, Azərbaycanın Ermənistan üzərində böyük hesabla qələbə qazanmasından, eyni zamanda isə Ermənistana kapitulyasiya, Azərbaycana isə qələbə aktının imzalanmasından 3 il ötür”.
Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov söyləyib. Onun sözlərinə görə, bu 3 il ərzində çox ciddi proseslər baş verib.
“Biz 10 noyabr 2020-ci il tarixindən sonra düşməni Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltmasına dair məcbur etdik. Eyni zamanda, düşmənin bir neçə təxribat xarakterli əməliyyatlarına qarşı Fərrux əməlliyyatını, ötən ilin 3 avqust tarixində isə qisas əməliyyatını həyata keçirdik. Nəticədə, Qırxqız, Buzluq, Sarıbaba yüksəkliklərini və sərhədboyu ərazilərdə (Kəlbəcər, Daşkəsən, Laçın, Zəngilən) Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli addımlarına cavab olaraq, 12-14 sentyabr tarixlərində antiterror tədbirləri nəticəsində Murov dağından Araz çayına qədər bütün ərazilərdə nəzarətimizi bərpa etdik”.
Xəyal Bəşirov deyir ki, buna baxmayaraq, Ermənistanın zaman-zaman Azərbaycana qarşı təxribatları hələ də davam edirdi.
“Azərbaycan Vətəndaş Cəmiyyətinin üzvləri 12 dekabrdan 23 aprelə qədər olan müddətdə, təbii sərvətlərimizin qanunsuz istismarı formasına dair Laçın yolunda etiraz aksiyası həyata keçirdilər. Nəticədə, Azərbaycanın 23 aprel 2023-cü ildə Laçın rayonu ərazisindəki sərhədboyu ərazilərdə Dövlət Sərhəd Xidmətinin nəzarətində buraxılış məntəqəsi istifadəyə verildi. 15 iyun tarixində isə Ermənistan həmin buraxılış məntəqəsində təxribat törətməyə cəhd göstərdi. Buna cavab olaraq, Azərbaycan 19-20 sentyabr tarixlərində, təxminən 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi”.
Xəyal Bəşirovun sözlərinə görə, antiterror tədbirlərinin əsas səbəbkarları Emənistan və onun dəstək göstərdiyi, Azərbaycan ərazisində qanunsuz mövcud olmaqda qalan cinayətkar ünsürlər oldular.
“Bu ünsürlər Azərbaycan vətəndaşlarına, polis və hərbçilərimizə qarşı mina terrorları həyata keçirdilər. Azərbaycan isə buna cavab olaraq lokal antiterror əməliyyatlarını reallaşdırdı. Bu tədbirlərin sonuda Azərbaycan ərazisindəki qondarma, cinayətkar, qanunsuz rejimin, separatizmin sonu qoyuldu. Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü bəndinin icrasını öz gücü ilə təmin etdi”.
Siyasi şərhçi qeyd edir ki, Azərbaycan II Qarabağ Müharibəsini də etmək niyyətində deyildi.
“1993-cü ildə BMT tərəfindən qəbul edilən 4 qətnamənin, 2008 BMT Baş Assambleyası tərəfindən qəbul edilən, Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı qətnamənin icrasını beynəlxalq təşkilatlardan gözləyirdik. Təəssüf ki, beynəlxalq təşkilatların laqeydliyi, susqunluğu, hərəkətsizliyi, eyni zamanda Ermənistan tərəfinin bunu fürsət bilərək, bizə qarşı təxribatlar törətməsi müharibəyə bir qığılcım oldu”.
X.Bəşirovun sözlərinə görə, nəticədə Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixində II Qarabağ Müharibəsini başlatmağa nail oldu.
“Azərbaycanın II Qarabağ Müharibəsindən sonra belə, 10 noyabr 2020-ci il bəyanatının həyata keçirilməsi üçün əlindən gələni etdiyinin şahidi olduq. Azərbaycan bu məsələdə Ermənistanın könüllü şəkildə addım atmasını gözlədi. Güc tətbiq etməmək, lokal tədbirlər həyata keçirməmək üçün əlindən gələni etdi. Amma Ermənistan və onun qidalandırdığı cinayətkarlar ünsürlər əllərindən gələni etdilər ki, Azərbaycan yenidən güc tətbiq etsin. Bu da 19-20 sentyabr tarixlərində antiterror əməliyyatları ilə reallaşdı”.
Politoloq deyir ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyanatın 4 bəndinin də reallaşmasına nail olduq.
“Bəyanatın 9-cu bəndində isə Ermənistanın işğalı, təcavüzü və Azərbaycana düşmənçilik səbəbindən 30 ilə yaxın bir müddət ərzində bloka salınan nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması nəzərdə tutulub. Azərbaycan bu məsələdə kifayət qədər sürətli addımlar atıb. Azərbaycan işğaldan azad edilən ərazilərdə minadan təmizlənmə prosesini həyata keçirir. Bununla paralel olaraq, Azərbaycan sürətli şəkildə beynəlxalq standartlara cavab verən yüzlərlə kilometrlik avtomobil yollarını, körpüləri, tunelləri, dəmir yollarını, beynəlxalq standartlara cavab verən hava limanlarını və digər strateji obyektlərin istifadəyə verilməsini həyata keçirir”.
Xəyal Bəşirovun sözlərinə görə, eyni zamanda, Ermənistanda öz üzərinə öhdəliklər götürüb.
“Hansı ki, o, kommunikasiyaların blokdan çıxarılması istiqamətində addımlar atmalı idi. Amma bu günə qədər Ermənistan bu addımların heç birini atmayıb. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı məsələ açıq qalıb. Ermənistan bütün öhdəliklərindən yayınmağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü və imza atdığı o bəyanatın tələbinin Azərbaycan tərəfindən səsləndirilməsini, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi qələmə verir”.
Politoloq düşünür ki, Ermənistan bu hərəkətlə uşaq başı aldatmağa çalışır.
“Amma Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi geniş quruculuq-bərpa işlərini, atdığı addımları bütün dünya görür. Ermənistan diqqəti bunlardan yayındırmaq üçün bu addımları atır. Ərazi iddiası ilə bağlı məqam isə ifşa olundu”.
Şərhçi qeyd edir ki, Azərbaycan bir daha göstərdi ki, Ermənistan bu siyasətlə özü-özünü təcrid edir.
“Azərbaycan üçün yenə də alternativlər var. Bu alternativ bu isə İran dövləti oldu. Zəngəzur dəhlizi alternativ olan İrandan keçəcək ki, biz də həm avtomobil, həm də dəmiryolunun əsasını qoyduq. Ermənistan bu dəfə də çox ciddi yanlışa yol verməsinin şahidi oldu. Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyanatın hansısa müddasından geri çəkilməsi absurtdur, əsassızdır. Bəyanatın tələbinə görə, Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsində maneəsiz gediş-gəlişin təmin olunduğu yol üzərində təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Sərhəd Xidməti həyata keçirməlidir. Bu bəndlə bağlı yeni razılaşma olmadığından və Ermənistanın daim boyun qaçırmasına görə, o, bu addımlarla 10 noyabr 2020-ci il bəyanatını pozmuş olur. Bu istiqamətdə biz yenə də ən optimal çıxış yolu tapacayıq”.
Xəyal Bəşirov deyir ki, Azərbaycan Ermənistanı gözləmək fikrində deyil, öz layihələrini reallaşdıracaq.
“Bununla paralel olaraq, kapitulyasiya uğrayan Ermənistanı sülhə məcbur etmə prosesini irəlilədirik. Azərbaycana aid olan Ermənistan ərazisində anklavlar şəklin mövcud olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndləri ilə bağlı da məsələ hələ reallaşmayıb. Bu məsələ də Ermənistanın üzərində öhdəlik kimi qalmaqdadır. Amma Azərbaycan öz uğurlu siyasətləri nəticəsində bütün məqsədlərinə çatacaq”.
Həcər Əmiraslanlı