44 GÜNLÜK ZƏFƏR DASTANI-FATİMƏ MƏMMƏDLİ YAZIR

Bölmə: Siyasət › ,
Tarix: 19:46 10.11.2023

Müharibələr öz növbəsində xalqların tarixini, gücünü əks etdirir. Hamının ağlında bu sual yaranır: “Niyə müharibə?”, çünki müharibədə qalib tərfin xoşbəxtliyi qədər, məğlub tərəfin itkiləri, məyusluq hissi, itirdikləri ərazilər və daha saya biləcəyimiz bir çox ağır hadisələrlə bitir.

 

Albert Eynşteyn müharibə haqqında qeyd edib ki, “Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir”. Qalib dövlətin güclü iqtisadiyyatı, mərd ordusu, dözümlü xalqı olmalıdır.

 

 

Vurğuladığım bu keyfiyyətlərin hər birinə sahib olan bir xalq - Azərbaycan xalqı keçdiyi
keşməkeşli, əziyyətli yola baxmayaraq, mənfur düşmənin yalan iddialarını necə puç edib
qalibiyyət yolunda necə addımladıqlarından danışmaq istərdim. Bu müharibələrin səbəbi
Azərbaycanın ən zəngin təbiətə sahib, ən gözəl guşələrindən biri olan, necə deyərlər
Azərbaycan tacdırsa onun daş-qaşı olan Qarabağdır.

 

 


Qarabağ münaqişəsinin tarixi çox qədimdir. Birinci Qarabağ
müharibəsindən danışaq, 1988-ci ildən başlayaraq baş vermiş bu müharibədə
Azərbaycan xalqının məqsədi separatçı hərəkatı məhv etmək olduğu halda, erməni
terorist dəstələrinin əsas məqsədi isə Azərbayacanin bir hissəsini ilhaq etmək idi.

 

 

Birinci Qarabağ müharibəsi hüsranla nəticələnmiş, erməni daşnaqları və Ermenistana dəstək
olan qüvvələr Azərbaycan xalqını öz doğma vətənlərindən didərgin salaraq, bizim
torpaqlarımızın 20 faizini işğal edib. Bu müharibədə rəşadətli ordumuzla yanaşı bir
çox ailədən könüllü şəkildə iştirak edən vətənpərvər şəxslər olmuşdur, bunlardan biri olan
babamın müharibə haqqında danışdıqlarını dinlədikcə sanki o əzablı, o ağır günlər
gözümdə canlanır, düşmənə qarşı nifrətim dahada artırdı. Belə bir söz var “Qalib
xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır”. Azərbaycan xalqı da nifrət və intiqam hissi
ilə yaşayırdı. Hər birimiz bilirdik ki, başımıza gələn bu fəlakət cavabsız qalıb, Azərbaycan
xalqının göz yaşı ilə bitməyəcək. Lakin bu müharibə xalqımıza birlik, igidlik, həmrəylik
kimi bir çox dəyərləri aşılayıb. Ulu öndərimiz Heydər Əliyev deyib: “Azərbaycan xalqının işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və
Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik”.

 

 

Biz ümummilli liderimiz Hedər Əliyevin bu sözlərinə səmimi qəlbdən inanırdıq. Məlum idi ki, bu
müharibələrin davamı olacaqdı. 2016-cı il aprel ayının 1-dən 2-ə keçən gecədə baş
vermiş Aprel döyüşləri də Azərbaycan xalqına sanki bir təkan oldu. Öz vəhşiliyini nümayiş
etdirən erməni daşnaqları 2020-ci il 17 iyul tarixində Tovuz rayonu ərazisində də təxribat
aparmış, bu təxribat Azərbaycan xalqının qalibiyyəti ilə sona çatsada, başda general -
mayor Polad Həşimov olmaqla bir sıra igid oğullarımız şəhidlik zirvəsinə ucalıb. Polad
Həşimovun anası oğlunun hüquqşunas olması arzusunda olsa da, 1992-ci il Qarabağda
baş verən şiddətli döyüşlər zamanı gənc Polad artıq gələcək peşəsi haqqında qərarını
verib. O əsgər olacaq.

 

 

Torpaqlarımızı düşmən tapdağından xilas edib, şanlı
bayrağımızı işğal olunmuş ərazilərimizdə dalğalandırcaqdır. Bu arzusunu həyata keçirə
bilməsə də, Polad Həşimovun şəhadət zirvəsinə ucalması, sentyabr ayında baş verən
İkinci Qarabağ müharibəsinin başlamasında aparılan prosesde mühim rol oynayıb. Bu
zülmə, bu vəhşiliyə artıq bir nəfər dur deməli idi. Digər dövlətlərin sanki gözlərinə pərdə
enmişdi, heç kim heç nə görmür, hər şeyə susurdu. Xocalı faciəsi, Aprel döyüşləri, Tovuz
döyüşləri, və bunun kimi bir çox ağır və böyük itkilər vermiş olduğumuz faciələrə qarşı
susmaq Azərbaycan kimi güclü siyasəti və birliyi olan bir xalqa yaraşmazdı. Faciələrdən,
itkilər və hüsranlardan danışdıq, indi isə məğrur Azərbaycan xalqının qalibiyyətindən
danışaq. Bu qalibiyyət bir çox xalqlara ibrət dərsi olub. Bəhsi gedən müharibə 44 günlük
müharibə, başqa bir adı ilə desək Vətən müharibəsi idi.

 

 

Müharibə 06:00 27 sentyabr 2020-ci ildə təmas xəttində erməni separatçı qüvvələrinin asayişi pozması ilə başlayıb.

 

 

Bu artıq torpaqlarımızı mənfur düşmən tapdağından azad etmək üçün Azərbaycan
xalqının səbr kasasını daşıran son damla idi. Azərbaycan xalqı bu müharibədə özünü
bütün nüfuzlu dövlətlərə sübut edərək, adını tarixə qızıl hərflərlə yazıb. Belə
suala cavab tapaq: “Qalibiyyətimizin memarı kimlərdir?”. Başda Ali Baş Komandan İlham
Əliyevin güclü siyasəti olmaqla, Azərbaycanın mərd oğulları, vətən keşiyində duran
Azərbaycan əsgərləridir. Bu əsgərlərimizdən bir qismi ən ali zirvə olan şəhidlik zirvəsinə
ucalmışdır. “Şəhidlər bizim üçün nə ifadə edir?” bu suala bir çox cavablar eşidərik. Mənə
görə şəhidlər tarixi öz qanları ilə yazmış olan igid oğullarımızdır. Geridə buraxdıqları
ailələri, övladları, sevdikləri olduğu halda qanlarının son damlasına qədər vətən üçün vuruşmuş insanlardır onlar. Biz hər birimiz onlar qarşında baş əyib, bizə ərmağan etdikləri
müstəqilliyimizi nə olur olsun qoruyacağımıza söz veririk. Şəhidlik elə bir zirvədir ki, hər
bir kəsə nəsib olmur. Şəhid ailələri övlad itkiləri versələrdə, bilirlərki biz hər birimiz Azərbaycan xalqının hər bir vətəndaşı onların övladlarıdır. Əlimizdən gəldiyi qədər onlara
dəstək olmalı, 10 miyon ürəyin onlarla birlikdə döyündüyünü hiss etdirməliyik. Kaş bütün
şəhidlərimizdən tək-tək danışıb onların qəhrəmanlığından bəhs edə bilsək, amma necə
deyərlər bu halda sözlər və cümlələr kifayətsiz qalar. Onların əzmkarlığı, dözümlülüyü,
qətiyyətliliyi nəticəsində hazırda hər birimiz qalib xalqın nümayəndələriyik. Bəli, sevinc və
qürur hissi ilə deyirəm ki, mən qalib xalqın nümayəndəsiyəm. Ali Baş Komandanımız
İlham Əliyev demişdir: “Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən
bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra Dağlıq Qarabağ
Azərbaycandan ayrılmayacaqdır”. Bu sözlər əbəs yerə deyilməyib.

 

 

Vətən müharibəsindən artıq 3 il ötüb. Qəribədir 3 ilin çox tez keçməsinə baxmayaraq, o 44 gün
bitmək bilmirdi. Belə bir söz var “El bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə
hərbiçilərimizin əsgərlərimizin igidliyi, arxa cəbhədə Azərbaycan xalqının birliyi və səyi
nəticəsində qələbə çaldıq.

 

 

Bir daha bütün dünyaya bu torpaqların əzəldən bəri
Azərbaycana məxsus olduğunu sübut etdik. Möhtərəm prezidentimiz cənab İlham
Əliyevində dediyi kimi : “Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”.

 

FATİMƏ MƏMMƏDLİ