Bu gedişlə Ermənistan müstəqil dövlət ola bilməyəcək-Politoloq

Bölmə: Siyasət › ,
Tarix: 15:48 13.11.2023

“Ermənistanı hazırkı reallıqları kontektsində qiymətləndirsək,onun Qərbə yönəlik siyasəti Rusiyadan asılılığı çərçivəsindədir. Əlbəttə ki, mövcud vəziyyət bu ölkənin sonunu da gətirə bilər”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva söyləyib. Şərhçinin sözlərinə görə, Ermənistan hələ də Rusiyadan asılı vəziyyətdədir.

 

“Qərb hər nə qədər də şirnikləşdirici ianə paketləri ilə Paşinyanın diqqətini cəlb etsə də, Ermənistan böyük miqyasda Rusiyadan asılı vəziyyətdədir. Həm hərbi sahədə,həm iqtisadi sahədə Ermənistanın Rusiyaya ehtiyacı var. İrəvan heç də yaxın perspektivdə Moskvanın orbitindən kənarlaşmağa nail ola bilməz. Məlumdur ki, Paşinyan Qərbin kadrıdır”.

 

Politoloq deyir ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gələrkən də, onun üzərinə müəyyən missiyalar qoyulmuşdu.

 

“Bu missiyaların başında da Ermənistanın Rusiya orbitindən kənarlaşması dayanırdı. Bu missiyaya isə Paşinyan bu günə qədər nail ola bilmədi. Lakin indi də Qərb bu prosesdə sanki itirən Ermənistanın yanında dayanaraq, prosesləri sabotaj edərək, İrəvana dəstək olduğunün görüntüsünü yaratmağa çalışır. Sanki Rusiyanın Ermənistana dəstək olmaması prosesinə alternativ olaraq bu addımları atırlar. Amma əlbəttə ki, Rusiyanın burada dəstək olmamasından söhbət getmir. Söhbət yalnız Azərbaycanın gücü ilə, Rusiyanın və digər dövlətlərin razılaşmasından, bugünkü siyasi mənzərəni qəbullanmasından gedir”.

 

Züriyə Qarayeva düşünür ki, Rusiya Ukraynada uduzduğu kimi, Cənubi Qafqazda da uduzdu.

 

“Bu münaqişə ocağının bölgədə daimi olaraq saxlanmasına nail ola bilmədi. Azərbaycan bu münaqişəni kökündən həll etmiş oldu. Ona görə də düşünürəm ki, Putin özü də hazırda Paşinyanın ritorikasından faydalanır. Çünki Rusiyanın Cənubi Qafqazda bir növ urvatsız vəziyyətə düşməsinə Ermənistanın vasitəsilə don geyindirməyə çalışır. Bu yükü Paşinyanın çiyinlərinə yükləyərək, onun yarıtmaz siyasəti nəticəsində Ermənistanın belə nəticələr əldə etməsi görüntüsü yaratmağa çalışır. Əlbəttə ki bunun özü də sadəcə olaraq bir imitasiyadır”.

 

Şərhçinin sözlərinə görə, Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında əsas fiqurlardan biridir.

 

“Hətta silah detallarının tranzit xətti olaraq daşınmasında da Ermənistanın ərazindən istifadə olunması ilə bağlı faktlar da aşkarlanmışdı. Ona görə də, hazırki konfrantasiya mənzərəsi də bir növ Rusiya prezidentinə də sərf edir. O baxımdan, düşünmürəm ki, yaxın perspektivdə Paşinyanın ciddi şəkildə Qərbə yönəlik siyasətinə görə cəzalandırmış olsun. Müəyyən müddət məğlubiyyətlərinə də Paşinyan vasitəsilə don geyindirməyə çalışacaq”.

 

Müsahib sonda qeyd edir ki, sonrakı period yalnız Paşinyanın hakimiyyəti üçün deyil, elə Ermənistanın varlığı üçün də yaxşı şeylər vəd etmir.

 

“Çünki dayaqlarının hələ də mövcud olması və Paşinyandan sonra Moskvaya yönəlik kadrın hakimiyyətə gələ bilmə ehtimalı,bu ölkənin asılılıq imkanlarını, bundan sonrakı müddətdə daha da artıracaq və deyə bilərik ki, bu gedişlə Ermənistan müstəqil dövlət ola bilməyəcək”.

 

Gülay Qəribova