Ermənistan ya işıq gələn tərəfə gedəcək, ya da...-Millət vəkili detalları açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 16:04 13.11.2023

“44 günlük Vətən Müharibəsindəki qələbəmiz və bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsi Azərbaycanın öz suveren ərazilərini tam şəkildə bərpa etməsinə gətirib çıxartdı. Azərbaycan hazırda bölgədə həm siyasi, həm iqtisadi, həm də digər aspektlərdən yeni mənzərə formalaşdırır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Millət vəkili Vüqar İskəndərov söyləyib. Millət vəkilinin sözlərinə görə, siyasi arxitekturaya baxsaq, bugünkü məsələlərdə Azərbaycanın xarici siyasəti, onun milli maraqlarımıza söykənməsi bizim konkret mövqeyimizdən xəbər verir.

 

“Rəsmi Bakı qeyd edir ki, artıq müharibə, eskalasiya və digər məsələlərin səhifəsi qapadılıb. Hazırda yeni səhifə açmışıq. Bu sülh səhifəsi, tərəqqi səhifəsidir. Bu gün bölgədə kommunikasiyalar açılır, şərq-qərb, şimal-cənub, orta dəhliz, orta yol və digər bu xarakterli iqtisadi proseslərin işə salınması reallaşır”.

 

Deputat deyir ki, Azərbaycan hazırda bütün dünyanın diqqət mərkəzindədir.

 

“Biz Ermənistanla sülh müqaviləsini bağlamaq üçün 5 baza prinsipləri təqdim etmişik və söyləmişik ki, bütün bu hərbi və hərbiyönümlü tədbirlər geridə qalıb. Biz bu gün irəliyə baxaraq, sülh gündəliyini yazmalıyıq. Lakin hələ də, Ermənistanla danışıqlarda sülhdən danışılsa da, konkret əməldə bunun əksini görürük. Hələ də rəsmi İrəvan sülhə gedən yolda heç bir konkret addım atmır. İndi üzünü Qərbə çevirmə cəhdləri, təbii ki Paşinyanın elə meydana gətirilməsi, Ermənistanda hesablanmışdı və o mərhələli şəkildə tapşırıqları icra etməyə başlayıb”.

 

Millət vəkilinin sözlərinə görə, Fransa və digət qüvvələrə referans edərək, Rusiyaya olan münasibətlərini soyutmaqla məşğuldur.

 

“Təbii ki, bütün bunlar mümkün deyil. Çünki Ermənistan yarımasılı dövlətdir. Onun sərhədini Rusiya qoruyur, onun ərazisindəki ən böyük şirkətlər Rusiyaya məxsusdur. Ermənistan Rusiyanın maliyyəsi ilə formalaşıb. Ölkədə isə Rusiyanın hərbi bazası mövcuddur və digər məsələlərdə milyondan çox erməni bu gün Rusiyada pul qazanaraq Ermənistana göndərir, dövlətin iqtisadi gəlirləri içində bunun payı kifayət qədər çoxdur. Bir çox şeylər saymaq olar”.

 

Vüqar İskəmdərov düşünür ki, bu deməyə əsas verir ki, Rusiyadan qopmaq mümkünsüzdür.

 

“Sadəcə olaraq hazırki Ermənistanın qeyri-stabil xarici siyasətində çalarlardır ki, hazırda bunun konkret oriyentasiyası və mövqeyi bəlli deyil. Ərazisində Rusiyadan asılı olmasına baxmayaraq, ABŞ-a hərbi yardım üçün müraciət edir,ordan Hindistana,ordan Fransaya və s ölkələrə müraciətlər edir. İndiki məqamda isə əslində sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır”.

 

Müsahib deyir ki, Azərbaycan bu gün öz ərazilərinin suverenliyini bərpa edib, beynəlxalq hüquq norma prinsiplərinə əsaslanaraq, bütün məsələləri artıq həll edib.

 

“Ədaləti də bərpa edib və öz ərazilərində bərpa,quruculuq, tikinti işləri aparır. Üzərinə düşən vəzifələri yerinə yetirir. Əgər Ermənistan real sülhə gedən yolda addım atacaqsa, təbii ki Azərbaycan o məsələlərə baxacaq, yox əgər Ermənistan Qərbin təkidi ilə digər oyunçuların oyununu bölgədə oynamağa çalışacaqsa, bu Azərbaycan və Türkiyə tərəfindən bloklanacaq. Nəticədə isə yenə də bütün böyük layihələrdən kənarda qalan Ermənistan olacaq. Bu isə Ermənistanın tamamilə çöküşü deməkdir. Seçim Ermənistandadır. Ermənistan ya işıq gələn tərəfə gedəcək, ya da it hürən tərəfə. Bizim nağıllarda da deyildiyi kimi. Bu seçimi Ermənistan etməlidir və öz mövqeyini bildirməlidir”.

 

Gülay Qəribova