"Ermənistanı silahlandırmaq ilə Fransa Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribatlara addım atmış olur" -Politoloq açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 09:31 14.11.2023

"Cənubi Qafqaz regionunda Azərbaycan və Ermənistan arasındakı sülhün və ictimai sabitliyin müzakirə olunduğu dövrdə Ermənistana dəstək göndərmək ilə Fransa hər dəfə özünün riyakarlığını ortaya qoymuş olur". 

 

Bu sözləri "İnformator.az" ilə açıqlamasında bölüşən politoloq Tural İsmayılov bildirib. Politoloqun sözlərinə görə, indiki həssas dövrdə bölgədə sülhün yaranma ehtimallarını özünün gələcək siyasi ambisiyaları üçün bir nömrəli təhdid hesab edən Fransanın dəyişməyən beyninin məhsuludur ki, bu gün Ermənistan Fransa tərəfindən silahlandırılmağa başlanıbdır. 

 

"Eyni zamanda, bu günə kimi bölgədə yarana biləcək istənilən bir gərginliyin, Cənubi Qafqazda heç bir halda yaranmayan sülh və etimad mühitinin yarana bilməməsinin ən böyük günahkarı Fransa idi. Ermənistanı silahlandırmaq ilə Fransa Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribatlara imza atmış olur. Azərbaycana və Türk dünyasına qarşı istənilən situasiya üçün Ermənistanı istifadə etməyə yönəlmiş Fransa silahlandırma siyasəti ilə bölgədə yeni gərginlik ocaqlarının yaranmasına, Rusiya və regionun digər ölkələrinə qarşı növbəti təxribat həyata keçirməyə çalışır". 

 

Tural İsmayılov vurğulayır ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişaf etdiyi və Azərbaycanın Gürcüstanın iqtisadiyyatına töhfə verdiyi məqamda Gürcüstan öz ərazilərindən Fransa silahlarının Ermənistanın tranzit keçidinə şərait yaradır. 

 

"Məhz rəsmi Tiflisin bu addımı Azərbaycan və Gürcüstan arasında ikitərəfli və müxtəlif səviyyəli platformalardan inkişaf edən əlaqələrin ruhuna ziddir. Həmçinin, Gürcüstan və Azərbaycan arasında yaranmış etimad mühiti və diplomatik etiket qaydaları baxımından əsla qəbul edilən bir hal deyil".

 

Fatimə Mustafayeva