Ermənistanın siyasi gücü və cəsarəti yoxdur ki, KTMT-ni də tərk etsin-Tural İsmayılov
Bölmə: Siyasət › ,Tarix: 16:43 17.11.2023
“Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyə çalışır. Ermənistanın bu aqressiv anti-KTMT davrışları həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də bu təşkilatın əsas patronaj siyasi qüvvəsi olan Rusiya tərəfindən müşahidə edilir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib. Ekspert Rusiya və Ermənistan münasibətlərinin kəskinləşmə səbəblərindən söz açıb.
“Bu gün Rusiya ilə Ermənistan münasibətlərinin belə kəskin, konfrantasiyalı olmasının səbəblərindən biri də, Ermənistanın KTMT-yə qarşı tutduğu mövqedir. Düşünürəm ki, gələcək günlərdə Ermənistanla KTMT arasındakı vəziyyət daha da gərginləşəcək”.
Politoloq düşünür ki, Ermənistanın KTMT-dən xaric olunma məsələsi isə hələ ki, real görünmür.
“Çünki KTMT üzvləri və Rusiya çox yaxşı başa düşür ki, Ermənistan elə də müstəqil elementə malik ölkə deyil ki, Rusiyanın rəhbərliyi altında olan hansısa təşkilatı tərk etsin”.
Tural İsmayılovun sözlərinə görə, bu gün Ermənistan hakimiyyəti Rusiyanın düşməni kimi görünür.
“Amma Ermənistanın elə bir siyasi gücü və cəsarəti yoxdur ki, KTMT-ni tərk edə bilsin”, - deyə ekspert yekunlaşdırıb.
Həcər Əmiraslanlı