Ermənistan KTMT ilə bütün bağları qopararaq, onun toplantılarında iştirak etməyəcək-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 13:08 18.11.2023
“Artıq Ermənistan mediasında gedən məlumatlardan aydın olur ki, Paşinyan, Belarus Prezidenti Aleksandr Lukashenko ilə telefon danışığında noyabrın 23-də keçiriləcək KTMT dövlət başçılarının toplantısında iştirak etməyəcəyini deyib. Ermənistan tərəfi bunu müxtəlif vasitələrlə açıqlamağa çalışır”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib. Politoloqun sözlərinə görə, görünən odur ki, Ermənistan KTMT ilə bütün bağları qoparıb və bundan sonra da onun toplantılarında iştirak etməyəcək.
“Bu fikir eyni zamanda, Paşinyanın partiyasının üzvləri tərəfindən səsləndirilib. Yəni Ermənistan özü KTMT-dən çıxmır, amma onun toplantılarında da iştirak etmir. Ermənistanın apardığı siyasətə diqqət yetirsək görərik ki, Ermənistan Rusiyanın təmsil olunduğu formatlarda iştirakdan yayınır və bundan sonrakı dövrlərdə də bu proses güclənəcək”.
Politoloq düşünür ki, Ermənistanın Qərblə münasibətləri daha geniş vüsət alır.
“Xüsusilə nəzərə alsaq ki, Qərb tərəfdən hər cür dəstəklənən Ermənistan məhz Rusiya ilə münasibətləri sərinləşdirməyə və Rusiyadan aralanmağa sövq edilir. Həm Avropa İttifaqının təşkil etdiyi toplantılarda Ermənistan nümayəndələrinin dəvəti və çıxışları, o cümlədən Avropa İttifaqının xarici siyasət komissarı Jozep Borrelin anti-Azərbaycan histerik bəyanatları da, bunu deməyə əsas verir ki, Qərb Ermənistanı Rusiya ilə münasibətləri pozmağa təşviq edir. Belə ki, Qərb tərəfindən Ermənistanın təhlükəsizliyi ilə bağlı tədbirlərin də bundan sonra davam etdiriləcəyi və Avropa İttifaqı mülki missiya adlandırılan missiyanın tərkibini və onun qalma müddətinin artırılması ilə bağlı qərarlar var və bu prosess bundan sonra da dərinləşəcək”.
Oqtay Qasımovun sözlərinə görə, Ermənistan və Rusiya arasında proseslər bundan sonra da gərginləşəcək.
“Hər halda bu gərginləşmənin sonunda Rusiyanın atacağı addımlar maraq doğurur. Düşünüm ki, müəyyən bir mərhələyə qədər bu gərginləşmə davam eliyəcək”.
Politoloq düşünür ki, Ermənistan artıq KTMT, MDB, İqtisadi Əməkdaşlıq Şurası və s. kimi Rusiyanın patronajlığı ilə qurulmuş qurumlardan daha çox aralanacaq.
“Qərb ciddi şəkildə Ermənistan üzərindən bölgəyə yerləşmək və Rusiyanı sıxışdıraraq bölgədən çıxartmaq istəyir”, - deyə politoloq əlavə edib.
Gülay Qəribova