Ermənistanı əllərində oynatmaqla, Rusiyanı məhv etmək istəyirlər-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 17:08 18.11.2023

“Hazırda Qarabağdan köçüb gedən ermənilər Ermənistanın 49 vilayətində yerləşdiriliblər. İrəvanda isə çox az sayda əhalinin məskunlaşmasına icazə verilib. Təbii ki, Ermənistanda hər kəsi işlə təmin etmək kifayət qədər çətin məsələdir”.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib. Politoluqun sözlərinə görə, onlar Qarabağdan köçüb gedən ermənilər üçün Avropa və Amerikada böyük kampaniya aparıblar.

 

“Dünyanın bir çox ölkələrindən Qarabağdan gedən ermənilər üçün 100 milyonlarla ianələr toplanılıb. Əhalinin müəyyən hissəsini yaşayış məntəqələrində, bəzilərini isə otel və məktəblərdə yerləşdiriblər. Hələ köç prosesi başlamadan öncə Nikol Paşinyan öz çıxışında bildirmişdi ki, “bizim 40 mindən artıq ailəni yerləşdirmək üçün kifayət qədər imkanlarımız var”. Yəni, onların yerləşdirilməsi üçün yerlər öncədən hazırlanmışdı”.

 

Politoloq deyir ki, son günlər Ermənistanın Əmək və Sosial Məsələlər Nazirinin müavini öz çıxışında bildirib ki, 100 min nəfər əhalidən 2.384 nəfər əmək müqaviləsi bağlayıb, 3.490 iş axtaran şəxs isə aidiyyatı orqanlara müraciət edib.

 

“Onlardan 3.035 nəfər işsiz statusu alıb. Yəni onlar işsiz kimi müavinət alacaqlar. Bunlardan 1.336 nəfəri müxtəlif işlərə göndərilib. Ermənistan kimi kiçik, iqtisadiyyatının əsası Rusiyadan asılı olan bir dövlətdə bütün əhalini işlə təmin etmək olduqca problemlidir. Hazırda onlar həmin köçüb gedən erməniləri Qarabağa qaytarmaq üçün Avropa İttifaqının, xüsusilə Fransanın çaldığı mahnını oynayırlar”.

 

Elşad Həsənovun sözlərinə görə, son günlər həm Avropa İttifaqının, həm də ABŞ senatında köçüb gedən ermənilərin Qarabağa qaytarılması məsələsi müzakirə olundu.

 

“Bu isə hazırda mümkün deyil. Çünki 1988-1992 illərdə Ermənistandan 250 mindən artıq azərbaycanlı məcburi köçkün statusu ilə Azərbaycana köçürüldü. Onlar isə belə ermənilər kimi hazır maşınlarda yox, əliyalın, başıaçıq və evləri yandırılmış bir vəziyyətdə köç etdilər. Orada qalan əhali isə qırılıb, məhv edildi”.

 

Politoloq qeyd edir ki, bütün bunlar sənədli-sübutlu olaraq BMT-nin aiddiyyatı orqanlarına təhvil verilib.

 

“Yəni, bu məsələyə baxılmadan bunların tez-tələsik Ermənistandan Qarabağa qayıtmasında xüsusi məqsədlər güdülür. Burada yenidən münaqişə zolağını qıcıqlandırmaq, alovlandırmaq məqsədi güdülür. Həm Avropa İttifaqı, həm də ABŞ Ermənistanı əllərində oynatmaqla, əsas zərbəni Rusiyaya vurmaq istəyirlər”.

 

Elşad Həsənov düşünür ki, onların qarşısında duran əsas məsələ Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır.

 

“Yerinə isə Fransa gəlib orada özünün hərbi bazasını quraraq, Cənubi Qafqazda möhkəmlənmək istəyir. Hazırda Rusiyaya qarşı dünyanın hər yerində “səlib müharibə” gedir. Bütün Avropa ölkələri, o cümlədən ABŞ Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləyirlər”.

 

Siyasi şərhçi qeyd edir ki, onlar Rusiyanın müharibə apara-apara zəifləyib, tam təslim olmasını və dağılmasını istəyirlər.

 

“Buna qədər isə Rusiyanı Cənubi Qafqazdan tam çıxarmaq istəyirlər. Bu onların öz problemidir, ancaq bunun Azərbaycanla münasibətlərə heç bir aidiyyatı yoxdur. Çünki Azərbaycan heç kimi, eləcə də həmin Qarabağ iqtisadi zonasında yaşayan erməniləri zor gücü ilə, döyüb-öldürüb oradan çıxarmadı. Bu məsələ BMT-nin xüsusi komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin arayışında öz əksini tapıb”.

 

Elşad Həsənov bildirir ki, bundan sonra isə beynəlxalq təşkilatlar məhz Qarabağda yaşayan ermənilərin Ermənistana köç etməsi barədə danışırlar.

 

“Daha bu məsələləri etnik təmizləmə kimi qələmə vermirlər. Verə də bilməzlər, çünki ən yüksək orqan olan BMT-nin komissiyası arayış verdi ki, ermənilər öz istəkləri ilə çıxıb gediblər. Ermənistan özünün müstəqil siyasəti olmadığından bu gün Rusiya ilə əlaqələri kəsib və bunu da elan etməyə hazırlaşır. Digər tərəfdən isə Ermənistan Avropanı ərazisinə qəbul etmək istəyir. Orada Fransanın hərbi bazasını yaratmağa çalışır. Bu proseslərə ABŞ yaxından dəstək olur”.

 

Elşad Həsənov bunun nəticələrinin Ermənistan üçün çox ağır olacağından söz açıb.

 

“Çünki Rusiya Ermənistandan asanlıqla çıxan deyil. Rusiyanın Xarici İşlər Naziri (XİN) Sergey Lavrov açıqlamasında bildirib ki, "Bizim Ermənistandan və Cənubi Qafqazdan çıxmaq kimi fikrimiz yoxdur”. Yəni, əgər ortaya hansısa məsələ çıxsa, Rusiya Ermənistanı bir gün içində işğal etməyə qadirdir”, - deyə politoloq əlavə edib.

 

Həcər Əmiraslanlı