Ermənilər Qarabağda yaşamaq istəyirlərsə, Ermənistan vətəndaşlığından imtina etməlidirlər-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 19:16 18.11.2023
İnformator.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatını həyata keçirir.
Məsələni informator.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyir ki, bu proses Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.
"Hansı müddətə qədər davam etməsi isə qayıtmaq istəyən ermənilərin sayından da asılı olacaq. Biz dəqiq bilmirik ki, hansı sayda Qarabağdan könüllü şəkildə köçən ermənilər geri qayıtmaq istəyəcək. Eyni zamanda onların dəqiq bilinmir ki, hansı müddətə hansı hissəsi qayıtmaq niyyətini bəyan edəcək. Çünki bilmək olmur, bir hissəsi indi qayıtmaq istəyəcək, bir hissəsi də 6 aydan sonra, yaxud hər hansı bir müddətdən sonra. Təbii ki bu onların qayıdışının zamanlamasına, o cümlədən də sayına uyğun şəkildə həyat keçiriləcək”.
Xəyal Bəşirov qeyd edir ki, təbii ki, bu dövlətimiz üçün aktual və həssas bir məsələdir.
"Miqrasiya Xidmətinin kifayət qədər resursları, imkanları var. Biz artıq bilirik ki, ermənilər onların sayını artırıblar, bu rəqəmləri saxtalaşdırıblar. Bir neçə min insanın Miqrasiya Xidmətindən keçirilməsi bizim üçün o qədər də çətin məsələ deyil”.
Şərhçi eyni zamanda qeyd edir ki, biz maksimum dərəcədə dövlət olaraq onların Azərbaycan ərazilərini-Qarabağı tərk etməmələri üçün əlimizdən gələni etdik.
"Bunu etmişiksə, təbii ki, onların qayıtması ilə bağlı prosedurların da həyata keçirilməsini qısa müddətdə həyata keçirə bilərik”.
Politoloq deyir ki, Ermənistanda onların bir hissəsinə vətəndaşlığın verilməsi, yaxud qaçqın statusunun verilməsi məsələsi də bu prosesə maneçilik törədə bilər.
"Çünki Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq bizim konstitusiyamızda tanınmır. Azərbaycan dövləti ikili vətəndaşlığı qəbul etmir. Əgər Ermənistan onların bir hissəsinə vətəndaşlıq veribsə, o halda bizdə məlumat olmalıdır ki, onların Ermənistan vətəndaşılığı var və ya yoxdur”.
Xəyal Bəşirovun sözlərinə görə, əgər varsa, bu halda Azərbaycan vətəndaşlığına qəbul olunmaları üçün onlar Ermənistan vətəndaşlığından imtina etməlidir.
“Təbii ki bu hüquqi prosedurlardır, bu məsələlər prosesə müəyyən mənada təsir göstərə bilər. Ümumilikdə kütləvi şəkildə təsir göstərəcəyini düşünmürəm”.
Müsahib eyni zamanda, Qarabağa yenidən qayıdacaq olan ermənilər vətəndaşlarla hansı şəkildə yaşamasının qanunvericiliklə tənzimləndiyini qeyd edib.
"Çünki Azərbaycan Ermənistandan fərqli olaraq mono-etnik dövlət deyil. Azərbaycanda kifayət qədər fərqli etnik mənsubiyyətə sahib olan xalqlar yaşayır və bu xalqlar arasında heç bir problem yaşanmır. Onların hamısı Azərbaycanın qanunvericiliyini qəbul edərək Azərbaycan xalqı kimi həmrəy vəziyyətdə yaşamasının şahidi oluruq. Əgər ermənilər də bu tələbləri qəbul edib yaşamaq istəsələr, onlarla bağlı da hər hansı bir problem olmayacaq”.
Politoloq əlavə edir ki, ola bilər ki, ilkin mərhələdə çətinliklər yaşaya bilərik.
"Bunu da təbii hesab etməliyik ki, 30 ilə yaxın bir müddət ərzində biz düşmən vəziyyətində yaşamışıq ki, kənar qüvvələrin təsiri və eyni zamanda Ermənistana rəhbərlik etmiş işğalçı təfəkkürlü insanların, Azərbaycana qarşı düşmənçilik hissi ilə yaşayan insanların təsiri altında biz düşmən vəziyyətdə yaşamışıq. Amma hər bir halda bu mərhələni keçmək üçün də müəyyən zamana ehtiyacımız var”.
Xəyal Bəşirov həmçinin deyir ki, işğaldan öncə bizim onlardan bir intiqam hissimiz qalmışdı ki, biz artıq o mərhələni də arxada qoyduq.
"Azərbaycan I Qarabağ Müharibəsinə qədər, o dövrdə və ondan sonrakı proseslərin də qisasını almış oldu. Xocalı faciəsi, Daşaltı və bir sıra faciələrin layiqli cavabını verdi. Amma hər bir halda biz onlarla onların dilində, yəni terrorçu dilində, danışmadıq. Onu da nəzərə alaq ki, biz qara bayramlarımızı, tariximizdəki qara günləri qələbə günləri ilə əvəz etmiş olduq. Bu da psixoloji baxımdan bizim gələcəkdə ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesində çox ciddi rol oynayacaq”.
Şərhçi bir məqamı da qeyd edir ki, burda təxminən yarım milyona yaxın qərbi azərbaycanlıların Ermənistan cəmiyyətinə reinteqrasiya prosesi də var ki, bununla bağlı Ermənistan dövlətinin üzərinə öhdəliklər düşür.
"Ermənistan dövləti bu istiqamətdə addımlar atmalıdır. Çox təəsüflər olsun ki, bu günə qədər biz bu addımların şahidi deyilik. Ümumiyyətlə, bu istiqamətdə Ermənistan dövlətinin mövqeyi heç hiss olunmur".
Xəyal Bəşirov sonda bildirir ki, hər bir halda gələcəkdə bütün insanların olduğu kimi, həm qərbi azərbaycanlıların, həm də Azərbaycan ərazisində yaşamış Qarabağ ərazisində və digər ərazilərdə yaşamış erməni əsilli insanların hüquqlarının təmin olunması Azərbaycan dövlətinin hüquqi dövlət kimi marağındadır.
"Eyni zamanda biz bunun qarşılığını Ermənistan dövlətindən də gözləyirik”, - deyə şərhçi əlavə edib.
Aynur Babayeva