Bu proseslərdə itirən ABŞ olacaq…-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:09 18.11.2023

“ABŞ'ın Cənubi Qafqaz məsələlərində nə qədər qərəzli olduğu elə ABŞ rəsmisi Ceyms Obreynin Senatdakı çıxışında bəlli oldu. Obreyn bir dövlət rəsmisinə yaraşmayacaq şəkildə Qarabağda son 1 ildə gedən proseslərlə bağlı açıq şəkildə yalan danışdı. Obreyn Erməni lobbisinin qara piarına uyğun olaraq Azərbaycanın Laçın koridorunu 10 ay bağlı saxladığını bildirdi. Əlavə də, Azərbaycanın silah zoruyla 100 min ermənini Qarabağdan çıxartdığını vurğuladı”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında analitik jurnalist Kazım Kazımov bildirib. Jurnalistin sözlərinə görə, bütün dünya bilir ki, Azərbaycan heç vaxt Qarabağdakı erməniləri blokadaya salmaq üçün Laçın koridorunu bağlamayıb.

 

"İlk öncə humanitar yardımlara və mülki keçişlərə hər zaman icazə verilib. Sadəcə separatçılara Ermənistandan silah daşınmasın deyə nəzarət olub. İkincisi, Qarabağda əvvəla heç vaxt 100 min erməni olmayıb. Əlavə də Azərbaycan dövləti anti-teror əməliyatlarından sonra cinayətə qarışmamış mülki əhaliyə dəfələrcə müraciət edib, qalmaq istəyənlərə vətəndaşlıq verilib hətta müəyyən təşviqlər də açıqlanıb. Getmək istəyənlər də tam təhlükəsiz, insani prinsiplərə uyğun şəkildə göndərilib”.

 

Kazım Kazımov eyni zamanda qeyd edib ki, ABŞ dövləti bunları çox yaxşı bilir, lakin açıq yalan söylənilərək faktlar senatda təhrif edilib.

 

"Bütün senat da oturub, Obreynin bu ağ yalanına qulaq asıb. Belə olan yerdə biz Azərbaycana qarşı hər hansı bir ədalətdən bəhs edə bilmərik”.

 

Şərhçinin sözlərinə görə, açıq-aydın hiss olunur ki, burada ABŞ-ın Qafqaza yerləşmək planı üzərindən oyunlar gedir.

 

"Bir haşiyə çıxım ki, ABŞ-ın bu qərəzli qərarını Erməni lobbisinin qələbəsi kimi görənlər, yanılırlar. Əvvəla Erməni lobbisinin bütün Senata təsir edəcək gücü yoxdur, ikincisi təsir edə bilsəydi 2020-də bunu edərdi”.

 

Bəs onda ABŞ niyə birdən-birə belə edir?

 

“ABŞ Ermənistanda gedən prosesləri öz lehinə çevirmək istəyir. Paşinyanın Moskvadan uzaqlaşma siyasətini ABŞ Vaşinqtona yaxınlaşma siyasəti olaraq nizamlamaq istəyir. Burada isə ABŞ kobud şəkildə səhvə yol verir. Həmişə bölgədə balanslı siyasət yeridən və Qafqazın lider ölkəsi Azərbaycanı hədəf alır”.

 

Kazım Kazımov deyib ki, Ağ ev bilməlidir ki, Ermənistan həmişə Kremlin marionet dövləti olub, bundan sonra da olma ehtimalı çox yüksəkdir.

 

"Ukraynada belə ABŞ-a güzəştə getməyən Rusiyanın Ermənistanda ABŞ-ı xoş qarşılamağını gözləmək əbəs olar. Ermənistanı əldə saxlamaq üçün Moskvanın kifayət qədər resursu var”.

 

Müsahib əlavə edib ki, ABŞ-ın Azərbaycanı hədəf alaraq, Ermənistana pozitif mesaj vermək çox yanlış siyasətdir.

 

"Bu yanlış siyasətin yanlışlığının başa düşülüb düşülməməsini Senatda çıxan absurd qərarın nümayəndələr palatasındakı müzakirəsində görəcəyik. Hər nə qədər nümayəndələr palatasında Respublikaçılar çoxluq təşkil etsə də onların arasında da təəsüf ki Anti-Azərbaycançı ünsürlər var”.

 

Şərhçi həmçinin onu da bildirib ki, əgər həm palata həm Bayden bu qərarı təsdiqləsə, əlbəttə, bu Bakı-Vaşinqton əlaqələrinə pis təsir edəcək.

 

"Lakin itirən ABŞ olacaq, çünki nə Ermənistan Rusiyanın peyk dövləti olmaqdan çıxan deyil, nə də ABŞ Qafqaza yerləşə bilən deyil. Azərbaycan isə müasir dövrə uyğun olaraq həmişə çox yönlü siyasətini davam etdirəcək”.

 

Jurnalist son olaraq əlavə edib ki, soyuq müharibə dövrünün siyasətçisi olan Baydenin demokratları hələ də anlamır ki, Qafqazda Soyuq Müharibə dövründən qalma ya Moskva ya Vaşinqton siyasəti iflasa məhkumdur.

 

Aynur Babayeva