Başda İsmət Qayıbov olmaqla sağ qalan vətəndaşlarımızı da güllələyərək öldürdülər-Sirr kimi qalan 20 noyabr terroru

Bölmə: Siyasət › ,
Tarix: 18:16 20.11.2023

“20 noyabr-Qarakənd faciəsi Azərbaycan dövlətçiliyinə qarşı törədilən bir sui-qəsd idi”.

 

Bu ifadəni İnformator.az-a açıqlamasında Tarixçi alim Rizvan Hüseynov bildirib. Tarixçinin sözlərinə görə, faciə törədilən helikopterdə Azərbaycan hökumətinin ən aktiv insanları, erməni millətçiliyi ilə mübarizə aparan məmurlarımız yer alırdı.

 

“Bu qanlı faciə Azərbaycan dövlətçiliyinə qarşı baş tutan bir təhdid idi. Əslində bu helikopterdə həm Rusiya, həm Qazaxıstan nümayəndələri, həm də başda İsmət Qayıbov olmaqla Azərbaycanın bir sıra görkəmli rəhbərləri, nüfuzlu şəxslər, dövlət məmurları, o cümlədən jurnalistlər yer alırdı”.

 

Rizvan Hüseynovun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli üçün helikopter ilk növbədə Xankəndiyə uçmalı idi.

 

“Burada Ermənistan nümayənləri ilə görüş keçiriləcəkdi. Rusiya və Qazaxıstan isə öz növbəsində vasitəçi rolu oynayaraq, qanlı münaqişəyə keçidin qarşısını almalı idilər. Amma bu zaman bəzi dəyişikliklər nəticəsində helikopter Bakıdan Qarabağa yollanaraq, ilk öncə Ağdama eniş etdi. Ağdamda bir sıra görüşlər keçirildi”.

 

Tarixçi alim deyir ki, Ağdamda olan zaman bir qrup Xocavənd sakini yaxınlaşaraq deyib ki, Xocavəndin azərbaycanlı yaşayan kəndlərində və şəhərin özündə vətəndaşlarımızı qovmağa başlayıblar.

 

“Gələn nümayəndələr xahiş etdilər ki, vasitəçilik edərək, bu problemin qarşısını alsınlar. Nəticədə qərar qəbul olundu ki, helikopter Ağdamdan Xankəndiyə yox, Xocavəndə uçmalıdır”.

 

Tarixçi qeyd edir ki, Xocavəndə çata-çatda Qarakənd istiqamətində atəş açıldı.

 

“İndiyənə kimi bu faciənin səbəbi hələ də müəmma olaraq qalıb. Amma yenə də güman edilir ki, bu faciənin tək səbəbkarı yenə də ermənilərdir”.

 

Rizvan Hüseynov düşünür ki, helikopter qəzaya uğradıqdan sonra, yana-yana yerə eniş edə bilib.

 

“İçindəkilərin bir qismi sağ qalıb. Amma erməni millətçilərinin qrupu vertolyota hücum edərək, başda İsmət Qayıbov olmaqla sağ qalan vətəndaşlarımızı da güllələyərək öldürdülər”.

 

R.Hüseynovun sözlərinə görə, helikopterin qara qutusu o vaxtdan Moskvaya aparılıb.

 

“İndiyənə kimi nə baş verdiyi hələ də bilinmir. Amma biz anlayırıq ki, Qarakənd faciəsi Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifələrindən biridir. Biz bu tarixi unutmadıq və unutdurmayacağıq”.

 

Həcər Əmiraslanlı