Qərbin kömək anlayışı Ukrayna üçün faciəvi nəticələr doğurur-Mübariz Göyüşlü

Bölmə: Siyasət › ,
Tarix: 21:40 20.11.2023

Artıq ikinci ilə keçən Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə hər keçən dövr daha şiddətli mərhələyə keçir. Müharibə Ukraynada milyonlarla insanı evsiz və işsiz qoyub, ölkə ərazisinin bir hissəsi işğal altındadır. Lakin müharibənin aqibətinin necə olacağı hələ də sual altındadır.

 

Məsələ ilə bağlı Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü İnformator.az-a açıqlamasında suallarımızı cavablayıb.

 

“Rusiya-Ukrayna müharibəsinin bu mərhələdə bitməsi, Rusiyanın geri çəkilməsi bir az çətin görünür. Ukraynanın geri addım atması ilə bağlı həm daxildən, həm də xaricdən kifayət qədər təzyiqlər var”.

 

Şərhçinin sözlərinə görə, Ukrayna hazırda çətin vəziyyətdədir və geri çəkilərsə, məğlub olacaq, torpaqlarını itirəcək.

 

“Əvvəl müəyyən ərazilər- Donetsk, Krım, Luqansk idisə, indi isə Rusiya daha böyük əraziləri işğal edib. Ukraynanın geri çəkilməsi, bu mərhələdə Rusiyaya sərf edir ki, danışıqlar masasının arxasında özü əyləşsin, Ukrayna işğal edilən torpaqları istəməsin, sülh müqaviləsi bağlansın. Bütün bu proseslər isə Zelenski hakimiyyətinin, Ukrayna dövlətinin, xalqının faciəli sonudur".

 

Mübariz Göyüşlü düşünür ki, işğal edilən torpaqların Rusiyada qalması mümkün görünür.

 

“Çünki Rusiya bu torpaqlardan çıxmaq niyyətində deyil və tutduğu ərazilərdəki istehkamları və müdafiə qüvvələrini daha da müöhkəmləndirib. Ukraynanın yayda hay-küylü əks-hücum əməliyyatları gündəmə gətirilirdi. Qərb də bunu geniş şəkildə təbliğ edirdi. Həmin hay-küydən aylar keçib, ancaq nəinki böyük bir ərazini, şəhəri, hətta qəsəbəni belə azad etmələri ilə bağlı bir məlumat yoxdur".

 

Bəs, Qərb bu proseslərdə Ukraynaya köməyə gələcək mi?

 

"Qərbin köməyə gəlməsi sadəcə sözdən ibarətdir. Silah, maddi yardımlar edirlər, amma müharibənin taleyində həlledici nəticəyə çıxarılmır. Qərbin kömək anlayışı həmin dövlət, xalq üçün faciəvi nəticələr doğurur. Biz bunu Saakaşvilinin, Zelenskinin qismində görürük. Paşinyan da son dövrlər buna həvəslənir, hər halda gözü çıxmış qardaşlarından dərs götürməyi yaxşı olar".

 

Politoloq sonda əlavə edir ki, Ukraynanın vəziyyəti çətindir, gərgindir.

 

“Bu proseslərdə Ukrayna üçün faydalı məsələlər görünmür”, - deyə şərhçi yekunlaşdırıb.

 

Nəzrin Mirzəyeva