Paşinyanın ərazi oyunu, hədəf nədir?-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 16:54 25.11.2023
“Paşinyan qarşıya çıxan ilk fürsətdə Azərbaycan-Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi, problemlərin həlli yollarının tapılması, o cümlədən, konkret nəticəyə gəlinməsi ilə bağlı məsələləri daim uzatmaqla məşğuldur”.
Bu fikirləri İnformator.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
“Nikol Paşinyan daim bir bəhanə tapır, o, problemin həlli istiqamətində yox, əksinə, absurt iddialar irəli sürməklə problemləri uzatmağa çalışır”.
Mübariz Göyüşlünün sözlərinə görə, Ermənistan 3 il müddətdə problemin həllinə dair mütəmadi bir addım atmadı.
“II Qarabağ müharibəsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması məsələsini görə bilmirik. Azərbaycanın işğalda olan kəndləri ilə bağlı Paşinyanın yeni bir iddia irəli sürməsi onu göstərir ki, o, bu məsələni bəhanə edərək, prosesin uzanmasına xidmət edir”.
Şərhçi düşünür ki, əgər Paşinyanın problemin həllinə dair niyyəti olsa, 3 il müddətdə buna nail olardı.
“Bu məsələyə nöqtə qoyulması üçün real addımın atılması olduqca zəruridir”.
Mübariz Göyüşlü düşünür ki, bu problem həllini tapsa belə, Paşinyan yenə də başqa yollara əl atacaq.
“Bu problem həll olunsa belə, Paşinyan sülh sazişinin müddətinin uzanması üçün ortaya başqa bəhanələr atmağa başlayacaq”, - deyə şərhçi əlavə edib.
Həcər Əmiraslanlı